Dünən Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər Əliyev Muzeyində olmuşlar.
Sonra Naxçıvan Muxtar Respublikası Prokurorluğunda davam etdirilən tədbiri muxtar respublika prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq geniş məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, 1969-cu ilin 14 iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi xalqımızı milli müstəqilliyə doğru aparan işıqlı yolun əsasını qoymuşdur. Haqq-ədalət uğrunda mücadiləni özünün həyat amalına çevirmiş ulu öndər hələ sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla ədalətli və qanunun aliliyinin önəmli olduğunu təsdiqləmişdir. Cəmiyyətin müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan dahi şəxsiyyət Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün saymışdır.
Qeyd olunmuşdur ki, hər bir siyasi lider həm də müəyyən ideoloji-siyasi irsin daşıyıcısıdır. Bu mənada əminliklə demək olar ki, Heydər Əliyevin yüksək dövlətçilik təfəkkürü sayəsində həyata vəsiqə alan milli Azərbaycançılıq ideologiyası hər bir vətəndaşın maraqlarını özündə ehtiva etməklə, xalqın daimi birliyi və həmrəyliyində vacib amildir. Hər bir fərd bu ideologiya və baxışlar sistemində özünün ictimai dəyərlər dərəcəsinə yüksəlmiş istək və arzularının dolğun ifadəsini tapır, özünü inkişaf prosesinin müşahidəçisi deyil, fəal iştirakçısı qismində görür. Əslində, Heydər Əliyev ideyalarını müstəsna edən və onun uğurunu şərtləndirən başlıca cəhətlərdən biri də məhz budur.
Ulu öndərimiz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdışından sonra çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə mətinliklə sinə gərərək, təbiətin ona bəxş etdiyi fədakarlıq, mübarizlik, əyilməz iradə, özünəinam və siyasi uzaqgörənlik, ideya və fikirlərini sadə şəkildə geniş xalq kütlələrinə təlqin etmək kimi fövqəlkeyfiyyətlərindən məharətlə bəhrələnərək xalqı vətəndaş qarşıdurmasından, müstəqilliyini itirmək təhlükəsindən xilas etmişdir.
Müasir Azərbaycan dövlətinin banisi – ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, onu özündən sonra inamla idarə edəcək, çoxşaxəli mütərəqqi islahatların varisliyini uğurla təmin edəcək peşəkar lider də yetişdirmişdir.
Sonra Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun şöbə rəisi Qibləli Yusifov, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi Nihad Abbasov və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğıdan bəhs etmişlər.
Xəbərlər şöbəsi