Dünən Azərbaycan Respublikası Təhsil Nazirliyi və Naxçıvan Müəllimlər İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusunda respublika konfransı keçirilib. Ölkənin müxtəlif ali təhsil və elm ocaqlarının, təhsil şöbələrinin əməkdaşlarının, orta məktəb müəllimlərinin qatıldığı tədbirin plenar iclasını Naxçıvan Müəllimlər İnstitutunun rektoru Oruc Həsənli açaraq tədbirin əhəmiyyətindən danışıb.
Plenar iclasda institutun tədris işləri üzrə prorektoru, filologiya elmləri doktoru Akif İmanlının “Heydər Əliyevin dil siyasəti”, Humanitar və təsviri incəsənət kafedrasının baş müəllimi Ələkbər Cabbarlının “Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, Pedaqoji fakültənin dekan müavini Tahirə Hüseynovanın “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekan müavini, dosent Mirhəsən Eminovun “Qloballaşan dünya və müasir pedaqoji texnologiyalar” mövzularında məruzələri dinlənilib.
Sonra “Heydər Əliyev və müasir təhsil”, “Yeni pedaqoji texnologiyalarda pedaqogikanın rolu”, “Yeni pedaqoji texnologiyalarda psixologiyanın rolu”, “Təhsilin müasir tələbləri – fənn kurikulumları”, “Müasir təhsildə tərbiyə məsələləri”, “Fənlərin tədrisi texnologiyaları” mövzularında bölmə iclasları keçirilib. Dinlənilən məruzələrdə ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirdiyi dil siyasəti, elmin inkişafına qayğısı, milli-mənəvi dəyərlərimizin qorunması, mühafizəsi ilə bağlı gördüyü işlər xüsusi vurğulanmaqla bu gün təhsil sahəsində müasir təlim metodlarının və yeni pedaqoji texnologiyaların tətbiqinin, informasiya-kommunikasiya texnologiyalarından istifadənin vacibliyi müxtəlif prizmalardan şərh olunmuşdur.
Xəbərlər şöbəsi