03 Yanvar 2025, Cümə

2013-cü il may ayının 10-da Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2013-cü ildə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” mühüm tarixi əhəmiyyətə malik Sərəncam imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Prezident sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə 14 fevral 2013-cü ildə imzaladığı Sərəncamla “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq, ulu öndərin yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikasında genişmiqyaslı tədbirlər keçirilir, müxtəliftəyinatlı sərgilər, idman yarışları təşkil olunur, ümumtəhsil məktəblərində, Heydər Əliyev Muzeyində açıq dərslər, müəssisə və təşkilatlarda fəaliyyət göstərən lektoriyalarda “Heydər Əliyev: dövlətçilik dərsləri” lektoriya məşğələləri keçirilir, kütləvi informasiya vasitələrində dahi rəhbərin həyatı və siyasi fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən verilişlər yayımlanır, məqalələr dərc olunur. Bu tədbirlər “Heydər Əliyev ili” elan olunan Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin sonuna qədər davam etdiriləcəkdir. 

Elmi fəaliyyətinin böyük bir hissəsini xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin tədqiqinə həsr etmiş akademik İsmayıl Hacıyevin uzun illərdən bəri apardığı axtarışların nəticəsi kimi meydana çıxan “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” adlı monoqrafiyasının “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək poliqrafik səviyyədə nəşr olunaraq elmi ictimaiyyətin və oxucuların ixtiyarına verilməsi həmin tədbirlərin davamıdır. Bu əsər artıq müstəqil elm sahəsinə çevrilmiş Əliyevşünaslıq elmi xəzinəsini zənginləşdirəcək çox sanballı bir tədqiqat əsəridir. Əsərdən gəlinən qənaət bir daha təsdiq edir ki, İsmayıl Hacıyev Əliyevşünas alimlərin sırasında ön sırada dayanan tədqiqatçılardandır.

AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Əliyevşünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Ədalət Qasımovun redaktorluğu ilə nəşr edilən və ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü ildə imzaladığı “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamın mətni verilən monoqrafiya ön söz, 5 fəsil, 22 yarımfəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Heç şübhəsiz ki, ümummilli lider Heydər Əliyev kimi görkəmli şəxsiyyətin həyatı və siyasi fəaliyyətini bir və ya bir neçə kitabda əks etdirmək qeyri-mümkündür. Xüsusilə əhalisinin çoxu ulu öndərin müasiri olan, Azərbaycan Prezidenti kimi fəaliyyətinin bəhrələrini görən və izləyən, həyata keçirilən genişmiqyaslı tədbirlərin iştirakçısı və şahidi olan adamlara ulu öndər haqqında söz demək, onun siyasi portretini yaratmaq bu işə girişən tədqiqatçıdan böyük səriştə, məsuliyyət, geniş dünyagörüşü, yüksək təfəkkür, siyasi proseslərin mahiyyətinə varmağı bacarmaq kimi qabiliyyət tələb edir. Tam qətiyyətlə demək olar ki, akademik İsmayıl Hacıyev bu işin öhdəsindən layiqincə gələ bilmiş, haqqında çoxlu monoqrafiyalar, kitablar, məqalələr, xatirələr yazılmış ümummilli lider Heydər Əliyev haqqında yeni söz deməyi bacarmış, əsərin yazılmasında qarşıya qoyduğu məqsədə tam nail olmuşdur. Əsərlə tanış olarkən açıq-aydın görünür ki, müəllif ulu öndər Heydər Əliyevin çox zəngin həyatı və siyasi fəaliyyətinin əsas məqamlarına nüfuz etməyi bacarmış, dahi şəxsiyyət haqqında bitkin və tamamlanmış tədqiqat əsəri yaza bilmişdir.
Monoqrafiyanın “Heydər Əliyev şəxsiyyəti və siyasəti” adlanan I fəslində müəllif ulu öndərin şəxsiyyətini öyrənilməmiş bir dünya kimi dəyərləndirmiş, onu müstəqil Azərbaycan dövlətinin memarı, dünya miqyaslı siyasətçi kimi səciyyələndirmiş, görkəmli dövlət xadiminin siyasi fəaliyyətində türk dünyası məsələlərini və türk dünyasının iki nəhəng şəxsiyyətinin – Mustafa Kamal Atatürk və Heydər Əliyevin tarixi missiyalarında oxşarlığı təhlil edərək işıqlandırmışdır. Fəsli oxuyarkən ümummilli liderin şəxsiyyətinin, siyasi fəaliyyətinin heç də hamıya məlum olmayan məqamları ilə tanış olur, dünyanın aparıcı dövlət rəhbərlərinin, görkəmli diplomatların və başqa görkəmli şəxsiyyətlərin fikirləri ilə xalqımızın böyük oğluna əcnəbilərin gözü ilə baxır, haqlı olaraq qürur hissi keçirirsən. Dünya siyasətində söz sahibi olan və bu siyasəti müəyyən edən ABŞ kimi dövlətin Prezidenti Bill Klintonun “O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilən dövlət xadimidir” sözləri ulu öndərin dünya siyasətinin hansı pilləsində dayandığını parlaq şəkildə əks etdirir.
Kitabın ikinci fəslini “Heydər Əliyevin dövlətçilik təlimi”nə həsr edən müəllif burada ümummilli liderimizin elm və təhsil siyasətindən bəhs etmiş, ulu öndərin dövlətçilik təlimində milli-mənəvi dəyərlərin yeri və gənclər siyasətindən söhbət açmışdır.
“Heydər Əliyev: tarix və tarixi günlər” adlanan III fəsildə monoqrafiya müəllifi, ilk növbədə, ulu öndərin milli tarix konsepsiyasını ön plana çəkmiş, onun milli-tarixi yaddaşın bərpasında rolunu açıqlamış, tarixi keçmişimizə diqqət və qayğının ifadəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsindən söz açmış, ulu öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından bəhs etmişdir.
Müəllif əsərin IV fəslini “Heydər Əliyev və Naxçıvanın inkişaf strategiyası”na həsr etmişdir. Fəsildə 10 may 1923-cü ildə Naxçıvanda dünyaya göz açan müdrik rəhbər Heydər Əliyevin tərcümeyi-halına nəzər salınmış, ulu öndərin həyatının və fəaliyyətinin Naxçıvan dövrünə (22 iyul 1990-9 iyun 1993-cü illər) xüsusi yer ayrılmış, Heydər Əliyev və Naxçıvan tarixi məsələlərindən, onun Naxçıvanda elmin inkişafındakı rolundan bəhs olunmuş, ulu öndər Naxçıvanın xilaskarı kimi xarakterizə edilmişdir. Həmçinin fəsildə xalqımızın böyük oğlu Heydər Əliyevin Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlərə diqqət və qayğısına ayrıca yarımfəsil ayrılmışdır. Naxçıvanın yetirmələri içərisində görkəmli dövlət xadimlərinin xüsusi yeri olduğunu vurğulayan alim digər görkəmli şəxsiyyətlərlə yanaşı, 1995-ci ilin dekabrından Naxçıvan Muxtar Respublikasına uğurla rəhbərlik edən Ali Məclisin Sədri cənab Vasif Talıbov haqqında da bəhs etmiş və göstərmişdir ki, Ali Məclisin Sədri 17 ildən artıq fəaliyyəti ilə yetkin dövlət xadimi, bacarıqlı və qurucu rəhbər olduğunu təsdiqləmişdir. Müəllifin fikrincə, bu illərdə muxtar respublikanın rəhbəri cənab Vasif Talıbovun qətiyyətli mövqeyi, məqsədyönlü fəaliyyəti blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvanın uğurlu inkişafını təmin etmişdir.
Nəhayət, əsərin sonuncu, “Heydər Əliyev ideyaları Azərbaycanın uğurlarının əsasıdır” adlanan V fəslində aparılan təhlillər nəticəsində Heydər Əliyev ideyalarının, irsinin, onun hazır­ladığı inkişaf strategiyasının respublikamızın dayanıqlı inkişafının əsası olduğu qənaətinə gəlinmişdir. Burada həmçinin ümummilli lider Heydər Əliyevin Yeni il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətindən bəhs edilmiş, bu müraciət “Azərbaycanın tarixi salnaməsi” kimi dəyərləndirilmişdir. Qeyd olunmuşdur ki, son on ilin gerçəklikləri əminliklə söyləməyə əsas verir ki, ümummilli lider Heydər Əliyevin ideyaları əsasında ölkəni irəli aparıb sivil ölkələr səviyyəsinə çatdırmaq məqsədi daşıyan strateji inkişaf kursu ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məharətlə və böyük uğurla davam etdirilir. Böyük bir dövrü əhatə edən müraciətdə Azərbaycanın keçdiyi tarixi yol dərindən təhlil edilmiş, yeni yüzillikdə Azərbaycanın müstəqil dövlət olaraq inkişafının əsas istiqamətləri müəyyənləşdirilmişdir. Ulu öndər müraciətində yüksək səviyyəli peşəkar tarixçi kimi Azərbaycanın XX əsr tarixini dörd mərhələyə bölmüş, hər bir mərhələnin dərin təhlilini vermişdir.
Monoqrafiyanın “Nəticə” hissəsində akademik İsmayıl Hacıyev qeyd edir ki, Heydər Əliyevin idarəetmə keyfiyyətləri, qarşıya çıxan ən çətin vəzifələrdən optimal yol seçmək bacarığı, qibtəediləsi dəmir iradəsi, iti ağlı, yüksək intellekti, geniş dünyagörüşü... Onu dünya miqyaslı siyasətçiyə çevirmişdir.

Sonda bir məsələni xüsusi qeyd etmək istərdim. Naxçıvan Muxtar Respublikasında aparılan genişmiqyaslı işlər içərisində elmin müxtəlif sahələrinə aid yazılmış fundamental əsərlərin nəşri də xüsusi yer tutur. Haqqında bəhs etdiyimiz monoqrafiya bu sıradan olan növbəti nəşrdir. Xalqımızın yetişdirdiyi şəxsiyyətlər içərisində yeganə olaraq ümummilli lider səviyyəsinə yüksələn Heydər Əliyev şəxsiyyəti, onun həyatı və siyasi fəaliyyəti haqqında oxucuda aydın təsəvvür yaradan “Heydər Əliyev siyasəti: tarixdə və günümüzdə” monoqrafiyası Naxçıvan Muxtar Respublikasında elan edilən “Heydər Əliyev ili”nə, bütövlükdə Əliyevşünaslıq elmi xəzinəsinə dəyərli töhfədir.

Hacıfəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun direktoru, tarix elmləri doktoru, professor

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR