03 Yanvar 2025, Cümə

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında ümummilli lideri­miz Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov tədbirdə məruzə ilə çıxış etmişdir.
Qeyd olunmuşdur ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görən, bununla bağlı tarixi proseslərə təsir göstərən görkəmli dövlət xadimi Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi, müdrik şəxsiyyətdir.
Ulu öndərin qurduğu müstəqil Azərbaycan bu gün sürətli inkişaf yolu ilə irəliləyir. Dahi rəhbərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində ölkə iqtisadiyyatında nəhəng irəliləyişə nail olunmuş, xalqın maddi rifah halı yüksəlmiş və Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. Artıq Azərbaycanla dünyanın bütün aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları hesablaşırlar. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür.

Bildirilmişdir ki, ulu öndərimizin siyasi kursu muxtar respublikamızda da uğurla davam etdirilir. Dahi rəhbərə hörmət və ehtiram əlaməti olaraq “Heydər Əliyev ili” elan edilmiş 2013-cü ildə muxtar respublikada bütün sahələrdə böyük fəallıq nümayiş olunur, quruculuq tədbirləri geniş vüsətlə davam etdirilir, qazanılan uğurların sayı getdikcə artır.
Məruzə ətrafında Babək Rayon İcra Hakimiyyətinin şöbə müdiri Vəli Vəliyevin, rayon Ağsaqqallar Şurasının sədri Vaqif Hüseynovun, Babək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fatma Bağır­ovanın, Gənclər və İdman İdarəsinin rəisi Nazim Salmanlının çıxışları olmuşdur.

*    *    *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Aralıq kənd mədəniyyət evində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə mədəniyyət evinin foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxmışlar. Tədbiri giriş sözü ilə açan təşkilatın sədr müavini İbrahim Hənifəzadə qeyd etmişdir ki, müstəqil Azərbaycanın banisi olan ulu öndərin xalqımız və ölkə­miz üçün etdikləri əsrlər keçsə də, tarixi dəyərini itirməyəcəkdir. Müasir Azərbaycan tarixini ümummilli lider Heydər Əliyevin həyat və çoxsahəli zəngin ictimai-siyasi və dövlətçilik fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil.
Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatı idarə heyətinin üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nüsrət Həsənov “Müasir Azərbaycanın memarı” adlı məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi yazılmışdır. Ümummilli liderimiz Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər həyata keçirmişdir. Ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın, bir sözlə, bütün sahələrin inkişafı onun adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaqdır.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin ölkənin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr, daxili sabitliyin və milli birliyin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının ildən-ilə yüksəlməsi ulu öndərin layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən böyük uğur və yaradıcılıqla inkişaf etdirilir. Bu gün müstəqil Azərbaycan istər siyasi, istər iqtisadi, istərsə də mədəni inkişaf baxımından dünyanın qüdrətli dövlətləri sırasındadır. Bu, ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusunun Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilməsinin əyani göstəricisidir.
Naxçıvan Muxtar Respublikasında da Heydər Əliyev siyasəti çox yüksək səviyyədə həyata keçirilir. Muxtar respublikamız ulu öndər Heydər Əliyev ideyalarının işığında özünün yeni inkişaf mərhələsindədir. Naxçıvan geniş quruculuq meydanına çevrilmişdir, iqtisadi yüksəliş, çoxsaylı dinamik inkişaf aydan-aya, ildən-ilə Azərbaycanımızın bu qədim diyarına yeniliklər gətirir.
Sonra məruzə ətrafında Yeni Azərbaycan Partiyasının üzvləri – Aralıq kənd tam orta məktəbinin direktoru, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Züleyxa Rzayeva, həmin məktəbin müəllimi Fəxrəddin Məmmədov, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının aparıcı təlimatçısı Elmar Əhmədov çıxış etmişlər.
Tədbirdə məktəblilərin ifasın­da ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.
Sonda bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilmiş və partiya fəallarından bir neçəsinə rayon təşkilatının fəxri fərmanları verilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR