03 Yanvar 2025, Cümə

Bir əsrdən çox tarixə malik olan Azərbaycan Həmkarlar İttifaqları təşkilatı da ötən əsrin 90-cı illərində baş vermiş vətəndaş qarşıdurması, daxili çəkişmələr nəticəsində ləğvedilmə təhlükəsi ilə üz-üzə dayanmışdı.
1993-cü ildə Vətənin xilası üçün xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra, bütün sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarında da təşkilatlanma prosesinin əsası qoyulmuşdur.
Respublikamızı dərin sosial-iqtisadi və siyasi böhrandan çıxaran müdrik rəhbər Heydər Əliyev həmkarlar ittifaqları təşkilatlarını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyaraq bu quruma öz missiyasını yerinə yetirmək üçün hərtərəfli şərait yaratmış, onun uzun illər ərzində formalaşmış maddi-texniki bazasının dağıdılmasının qarşısını almışdır.
Ulu öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Həmkarlar ittifaqları haqqında” Qanun qəbul edilmişdir. Qanun həmkarlar ittifaqlarının müstəqil, heç bir dövlət strukturundan asılı olmayaraq, nizamnamə çərçivəsində fəaliyyət göstərməsinə şərait yaratmışdır. Həmin dövrdən başlayaraq işçilərin sosial-iqtisadi mənafelərinin müdafiəsi ilə bağlı qanun layihələrinin hazırlanmasında həmkarlar ittifaqları fəal iştirak etməyə başlamışdır.

1999-cu ildə təsdiq edilmiş yeni Əmək Məcəlləsi üzərində işləyən komissiyaya Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından 120-dən çox təklif daxil olmuş, onların böyük əksəriyyəti bu sənəddə öz əksini tapmışdır.
Ümummilli lider əhalinin sosial-iqtisadi məsələlərinin həlli istiqamətində həmkarlar ittifaqlarının verdiyi təklifləri daim təqdir və müdafiə edirdi. Görkəmli dövlət xadimi Heydər Əliyev əmək hüquqları, əhalinin sağlamlığının qorunması, əməkhaqların, pensiya və təqaüdlərin artırılması sahəsində həmkarlar ittifaqlarının təkliflərini həmişə dəstəkləmişdir.
Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmə sıx inteqrasiya olunması həmkarlar ittifaqlarının qarşısında da geniş perspektivlər açaraq mühüm vəzifələr qoyurdu: Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2001-ci ildə dünyanın ən nüfuzlu həmkarlar təşkilatına – Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul edilməsi cəmiyyət quruculuğuna, demokratik təsisatların roluna verilən qiymətin təzahürüdür. Bu eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına əməyin təşkili və sosial problemlərin həlli sahəsində dünya ölkələrinin təcrübəsini dərindən öyrənmək, müvafiq qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmaq və dövlətimizin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək imkanı verir.
Ulu öndərin sərəncamları ilə həmkarlar ittifaqlarının mülkiyyəti özünə qaytarılmış, əvvəlki iqtidarın sərəncam və göstərişləri, o cümlədən sağlamlıq və müalicə ocaqlarının Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı qərarlar ləğv edilmiş, həmkarlar ittifaqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin genişləndirilməsi, idman obyektlərinin, inzibati binaların yenidən qurulmasına başlanılmışdır. Bütün bunlar ulu öndər Heydər Əliyevin vətəndaşların sosial-iqtisadi hüquqlarının müdafiəçisi olan həmkarlar ittifaqlarına diqqət və qayğısının bariz ifadəsidir.
Xalqımızın böyük oğlu Heydər Əliyev həmkarlar ittifaqları qarşısında çox vacib vəzifələr qoymuşdur. Dahi rəhbər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının I Qurultayına göndərdiyi təbrik məktubunda vurğulamışdı ki: “Yeni mərhələdə həmkarlar ittifaqları əmək adamlarının kütləvi və müstəqil təşkilatına çevrilərək daha böyük əzmlə çalışmalı, yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməlidir”.
Ulu öndərimizin Azərbaycan Həmkar­­lar İttifaqları Konfederasiyasının 3 fevral 2003-cü il tarixdə keçirilən II Qurultayına göndərdiyi təbrik məktubunda deyilir: “Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesini yaşayan müstəqil Azərbaycan Respublikasında keçən illərdə insan haqları və azadlıqlarının bərqərar olması, vətəndaşların əmək və sosial hüquqlarının təmin olunması sahəsində ardıcıl addımlar atılmışdır. Beynəlxalq standartlara əsaslanan zəruri qanunvericilik bazasının yaradılması və dövlət idarəçilik sisteminin bazar iqtisadiyyatının prinsiplərinə uyğun təkmilləşdirilməsi dövlətin sosial-iqtisadi siyasətinin səmərəli şəkildə həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır. Yeni ictimai-siyasi və iqtisadi sistemin təşəkkül tapdığı dövrdə vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin həmkarlar ittifaqlarının da əsas işinə çevrilir və mühüm əhəmiyyət kəsb edir”.
Məhz müdrik rəhbər Heydər Əliyevin yüksək­ qayğısı nəticəsində həmkarlar ittifaqları təşkilatları yeniləşmiş cəmiyyətdə tez bir zamanda nüfuz qazanmış, müstəqil, demokratik, dünyəvi dövlət və vətəndaş cəmiyyəti qurucu­luğunda fəal mövqe nümayiş etdirən ən kütləvi təşkilatlardan birinə çevrilə bilmişdir.
Həmkarlar ittifaqlarının cəmiyyətdəki roluna böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev deyirdi: “Bu gün respublikamızın iqtisadi potensialından daha səmərəli istifadə edilməsi və vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmizdə yeni iqtisadi sistem, yeni mülkiyyət formaları və təsərrüfat mexanizmləri formalaşmış, iqtisadiyyatımız ardıcıl inkişaf yoluna qədəm qoymuşdur. Xüsusi mülkiyyətə əsaslanan təsərrüfat subyektlərinin fəaliyyəti üçün yaradılan şərait insanların fərdi təşəbbüskarlığının reallaşmasına geniş meydan açmışdır. Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatında özəl bölmənin aparıcı mövqe qazanmasına təkan vermişdir. Yeni şəraitdə həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradır”.
Ümummilli lider Heydər Əliyevin həmkar­lar ittifaqlarının fəaliyyəti istiqamətində həyata keçirdiyi tədbirlər ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Dövlət başçısının iqtisadi siyasəti respublikanın dinamik inkişafını təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin yaratmışdır. Azərbaycanın hərtərəfli müasirləşməsində mühüm rol oynayan bu iqtisadi siyasət həm də Milli İnkişaf Modelinin reallaşmasını təmin edən başlıca amilə çevrilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, “Həmkarlar ittifaqları haqqında” Qanuna son illərdə dəyişiklik və əlavələr edilmişdir. Bu mühüm və əhəmiyyətli dəyişikliklər dövlət orqanlarının, eləcə də vəzifəli şəxslərin həmkarlar ittifaqlarının fəaliyyətinə müdaxiləsinin qarşısını almış, işçinin əmək müqaviləsinə xitam verilməsi hallarında həmkarlar ittifaqları təşkilatlarının səlahiyyəti genişləndirilmişdir.
Ölkə rəhbərinin həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi qiymətin nəticəsi olaraq, həmkarlar ittifaqları işçiləri orden və medallarla təltif olunmuş, onlar fəxri adlara və Prezident təqaüdünə layiq görülmüşlər.
Naxçıvan Muxtar Respublikasında da həmkarlar ittifaqlarının müasir tələblər səviyyəsində fəaliyyəti diqqət mərkəzində saxlanılmış, bu sahədə qəbul olunmuş qanunun icrası üçün hərtərəfli şərait yaradılmışdır.
Həmkarlar ittifaqlarına göstərilən qayğı, bu təşkilatın fəaliyyətinin genişləndirilməsi insan hüquqlarının təmin olunmasına verilən önəmin ifadəsidir. Çünki həmkarlar ittifaqlarının başlıca vəzifəsi insanların iqtisadi, sosial, əmək, hüquqi və mənəvi haqlarını müdafiə etmək, onların istismarının qarşısını almaqdır. Ümummilli liderimizin qayğısı ilə həmkarlar ittifaqlarının fəaliyyəti genişləndirildikdən sonra bu təşkilatlar əhalinin maraqlarının təmin edilməsi, insanların əməyinin və hüquqlarının mühafizəsi, sosial təminatlarının tənzimlənməsi istiqamətində fəal və səmərəli iş aparmışdır.

İnanırıq ki, ulu öndər Heydər Əliyevin diqqət və qayğısına cavab olaraq həmkarlar ittifaqları bundan sonra da vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin edilməsi sahəsində əzmkarlıqla mübarizə aparacaq, ölkəmizdə reallaşdırılan vətəndaş cəmiyyəti quruculuğuna layiqli töhfələr verəcəkdir.

Gözəl QƏMBƏROVA
AMEA Naxçıvan Bölməsi Həmkarlar İttifaqı Komitəsinin sədri

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR