Bu mövzuda konfrans keçirilmişdir
Mayın 3-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ümummilli lider Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi önünə tər gül dəstəsi düzmüş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmiş, Heydər Əliyev Muzeyində olmuşlar.
Sonra tədbir iştirakçıları Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının foyesində “Naxçıvan qadınları” adlı sərgiyə baxmışlar.
Konfransı Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Təranə Quliyeva açaraq “Ümummilli lider Heydər Əliyev və Azərbaycan qadını” mövzusunda keçirilən konfransın iştirakçılarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun adından salamlamış və konfransa öz işində uğurlar arzulamışdır. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı nəinki müstəqil Azərbaycan Respublikasının tarixində, ümumilikdə, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində ən uca zirvədə dayanır. Onu bu uca zirvəyə yüksəldən isə təkcə siyasi və dövlətçilik fəaliyyətinin çoxşaxəliliyi deyil, həm də ümumbəşəri ideyalara sahib olması, milli və müasir düşüncə sisteminin vəhdətindən yaranan bir ideologiyanı müəyyənləşdirməsi olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Bu səbəbdəndir ki, bu il xalqımız dahi öndərin 90 illik yubileyini ölkəmizin məsuliyyətli və şərəfli tarixinin böyük hissəsi kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncamı xalqımızın taleyində xüsusi yeri və rolu olan qüdrətli dövlət xadiminə ümumxalq ehtiramını dövlət səviyyəsində ifadə edən mühüm tarixi sənəddir.
2013-cü ilin Naxçıvanda “Heydər Əliyev ili” elan edilməsi ulu öndərin dövlətçilik yolunun, ideyalarının bu gün də dönməz şəkildə həyata keçirildiyi muxtar respublikada Azərbaycan dövlətçiliyinin böyük memarına bəslənilən ümumxalq ehtiramını ifadə edir. Bildirilmişdir ki, bu gün müstəqil ölkəmizdə ictimai həyatın elə bir sahəsi yoxdur, orada dahi rəhbərin izləri görünməsin. Ölkəmizdə dövlət qadın siyasəti də məhz ümummilli liderin misilsiz xidmətləri sayəsində konseptual şəkildə müəyyənləşdirilmiş və həyata keçirilmişdir. Elə bu səbəbdəndir ki, ölkəmizin ən çətin dövrlərində Azərbaycan qadınları cəmiyyətin həyatında fəal rol oynayaraq müstəqil dövlətçiliyimizin sabahı uğrunda səylə çalışmışlar. Bu isə onların geniş fəaliyyəti üçün ümummilli lider Heydər Əliyevin birbaşa diqqət və qayğısı ilə yaradılan şərait nəticəsində mümkün olmuşdur. Ulu öndər tərəfindən müəyyənləşdirilən dövlət qadın siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və müasir dövrün reallıqlarına uyğun olaraq inkişaf etdirilir.
Naxçıvan Muxtar Respublikasında da ailə, qadın və uşaq problemlərinin dövlət siyasətinin prioritet istiqaməti olduğunu bildirən Təranə Quliyeva qeyd etmişdir ki, bu gün təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini xanımlarımız təşkil edir. Onlar cəmiyyət həyatında yüksək fəallıqları ilə seçilir, ailə dəyərlərini qoruyub saxlamaqla seçdikləri sahədə də uğurlar qazanırlar.
Konfransda “Heydər Əliyev və Azərbaycan qadınının keçdiyi yol” adlı film nümayiş olunmuşdur.
Sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yazgül Rzayeva, Naxçıvan Qızlar Liseyinin müəllimi Gülüstan Cabbarova, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova çıxış etmişlər. Çıxışlarda ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, dövlət qadın siyasəti sahəsində beynəlxalq təcrübənin mənimsənilməsi, qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi bazanın yaradılması istiqamətində ulu öndərimiz tərəfindən müəyyənləşdirilən islahatlardan danışılmışdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirmişdir. Hicran Hüseynova Azərbaycanda qadınlara göstərilən diqqət və qayğıdan danışmış, muxtar respublika qadınlarının dövlətimizin ictimai-siyasi, mədəni həyatının fəal iştirakçıları olduğunu xüsusi vurğulamışdır.
Konfransın bədii hissəsində Naxçıvan Qızlar Liseyinin şagirdlərinin ifasında bədii kompozisiya nümayiş etdirilmiş, Naxçıvan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının rəqsləri, solistlərin ifasında səslənən mahnılar konfrans iştirakçılarında xoş ovqat yaratmışdır.
Sara ƏZİMOVA