Dünən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Tarix Muzeyinin əməkdaşları, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Rahilə Məmmədova açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışmışdır.
Kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Heydər Əliyev və qadın siyasəti” mövzusunda çıxış etmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı İman Alırzayev, kitabxananın əməkdaşlarından Nailə Əsədova və Xəyalə Ağayeva çıxış edərək ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif mərhələlərindən, onun dünya miqyasında böyük siyasətçi, müstəqil, demokratik Azərbaycan dövlətinin qurucusu, milli-mənəvi dəyərlərin müdafiəçisi, paklıq və mənəvi təmizliyin təcəssümü kimi xüsusiyyətlərindən bəhs etmişlər. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev istər 1969-1982-ci illərdə, istərsə də 1993-cü ildən müstəqil Azərbaycana rəhbərlik edərkən bütün istiqamətlərdə inkişafa nail olmuşdur. Xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində təcavüzə məruz qalan, parçalanma təhlükəsi ilə üzləşən, xaos yaşanan bir vaxtda xalqın təkidli tələbi ilə hakimiyyətə gələrək ölkəni xilas edən, inkişaf yoluna çıxaran bu böyük insan hər kəsin qəlbində özünə əbədi abidə ucaltmışdır.
Sonda Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdləri ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.
Xəbərlər şöbəsi