Bu mövzuda elmi konfrans keçirilib
Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və dövlət arxiv quruculuğu” mövzusunda elmi konfrans keçirilib. Konfransı idarənin rəisi Fəxrəddin Cəfərov açaraq çıxış edib. Qeyd olunub ki, Azərbaycanda digər sahələrlə yanaşı, arxiv işi sahəsində də əldə edilən nailiyyətlər, qazanılan uğurlar bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Keçmiş SSRİ dövründə “SSRİ Dövlət arxivi fondu haqqında Əsasnamə” istisna olmaqla, arxiv işinə aid heç bir normativ akt və qanun qəbul olunmayıb. Ancaq müstəqillik qazandığımız illərdə ulu öndər Heydər Əliyevin göstərişi ilə “Milli arxiv fondu haqqında” Qanun üzərində uzun müddət iş aparıldıqdan sonra Milli Məclis 1999-cu ilin iyun ayında həmin qanunu qəbul edib. Bu qanun görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən 1999-cu il 22 iyun tarixdə təsdiq olunub. İyul ayının 27-də isə ulu öndər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi ilə bağlı Fərman imzalayıb. Qanunda ilk dəfə olaraq arxiv işi sahəsində dövlətin vəzifələri aydın şəkildə göstərilib. Bu da arxiv işinin inkişafına, dövlət-vətəndaş münasibətlərinin möhkəmləndirilməsinə şərait yaradıb.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyev daim arxiv işini diqqət mərkəzində saxlayır, bu sahəyə qayğısını əsirgəmirdi. Ümummilli liderimiz deyirdi: “Azərbaycan Respublikasının arxiv xidməti təşkilatları xalqımızın çoxəsrlik tarixini öyrənmək üçün qiymətli sənədlərin toplandığı və mühafizə olunduğu elmi-tədqiqat mərkəzidir... Arxiv işinə gərək çox ciddi fikir verək”. “Azərbaycan Respublikasının arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli Fərmanı ulu öndərin bu sahəyə davamlı qayğısının ifadəsidir.
Bildirilib ki, arxiv işi sahəsinə Naxçıvan Muxtar Respublikasında da böyük diqqət göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 6 dekabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi yaradılıb. İdarənin fəaliyyət göstərdiyi bina yenidən qurularaq əməkdaşların ixtiyarına verilib. İdarənin maddi-texniki bazası gücləndirilib, arxiv işçilərinə hərtərəfli iş şəraiti yaradılıb. Bu sözləri muxtar respublikanın rayonlarında fəaliyyət göstərən arxivlər haqqında da demək olar.
Konfransda Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin direktoru Mirəli Seyidovun, idarənin şöbə müdirləri Zülfiyyə İsmayılovanın, Leyla Məmmədovanın məruzələri dinlənilib.
Xəbərlər şöbəsi