03 Yanvar 2025, Cümə

Ulu öndər Heydər Əliyev Sədərəyi də düşmən tapdağından qorudu

Adətən, tarixi şəxsiyyətləri kainatın dərinliyində parlayıb-sönən ulduzlara bənzədirlər. Elə ulduzlara ki, onların işığı nəsildən nəslə yayılaraq əbədiyyətə qovuşur. Ulu öndərimiz Heydər Əliyevi yalnız sönmək bilmədən parlayan ulduza bənzətmək olar. Çünki Heydər Əliyev Azərbaycanın timsalında öz kainatını yaratmış, bu kainatın Əbədi Günəşinə çevrilmişdir. Böyük öndərimiz tək-tək şəxsiyyətlərdəndir ki, bütün həyatı boyu xalqa xidmət etmiş, onun inkişafı, maariflənməsi, tərəqqisi üçün çalışmışdır. Azərbaycanın istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni həyatının elə bir sahəsi yoxdur ki, onun formalaşması və inkişafı ulu öndərin adı ilə bağlı olmasın. Bu zəngin tərcümeyi-halın hansı məqamına nəzər salsan, görəcəksən ki, ümummilli liderimizin həyatının hər anı xalqa xidmətin təkrarsız nümunəsidir.

Ölkəmizdə milli dövlətçiliyin möhkəm əsasları, etibarlı dayaqları məhz görkəmli dövlət xadimi Heydər Əliyev tərəfindən yaradılmışdır. Bu şərəfli və məsuliyyətli vəzifələri dahi rəhbər Sovet hakimiyyəti illərindəki uzaqgörən siyasəti və keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasındakı düşünülmüş, məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyev Sovetlər İttifaqı çərçivəsində çətin siyasi-ideoloji məhdudiyyətlər dövründə iqtisadi cəhətdən inkişaf etmiş, milli mədəniyyəti özünə qaytarılmış Azərbaycan Respublikasını formalaşdırmaqla gələcək dövlət müstəqilliyinin ilkin əsaslarını hazırlamışdır.
Azərbaycan Respublikasının müstəqil dövlətçilik taleyində görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövrü xüsusi yer tutur. Xalqımızın böyük oğlu Heydər Əliyevin fəaliyyətinin Naxçıvan dövrü müstəqilliyimizin tarixi müqəddəratının həll edilməsində əhəmiyyətli dərəcədə rol oynamışdır. Müdrik şəxsiyyət Heydər Əliyevin sayəsində Naxçıvan Muxtar Respublikasında 1990-1993-cü illərdə həyata keçirilən siyasi-ideoloji xarakterli böyük tədbirlər müstəqil dövlətçiliyimizin möhkəm və etibarlı bünövrəsinə çevrilmişdir.
Hər birimizə yaxşı məlumdur ki, ümummilli lider Heydər Əliyev böyük xilaskarlıq missiyasına Naxçıvan Muxtar Respublikasından başlamışdır.
Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı öz məhvərindən çıxmış, zamanın amansız zərbələrinə düçar olmuş Azərbaycanın özünə qayıdışı idi. Bu tək Azərbaycan adlı coğrafi ərazidə yerləşən bir məkanın vətəndaşlarının yox, bütün dünya azərbaycanlılarının nicatı idi.
Dahi rəhbərin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı elə bir dövr idi ki, ölkədə müharibə gedirdi. Erməni işğalçıları torpaqlarımızı qamarlamaq üçün dişlərini qıcamışdılar. Bu azmış kimi respublikada vətəndaş qarşıdurması yaranmışdı: sabaha inam yox idi.
Ümummilli liderimiz məhz belə bir dövrdə hər şeyə yenidən başlamalı, Azərbaycanın dövlət müstəqilliyini təmin etməli, respublikamızda sabit dinamik inkişafa nail olmaq üçün siyasi sabitlik yaratmalı, xalqın sabaha ümidini qaytarmalı idi. Onun arxalandığı qüvvə böyük zəkası, bir də Azərbaycan xalqı idi.
Müdrik rəhbər Heydər Əliyevin siyasi qüdrətinin, şəxsiyyətinin təntənəsi məhz o qarışıq dövrdə bir daha özünü göstərdi. Ümummilli liderimizin qarşısında çox böyük bir vəzifə – ölkədə siyasi sabitlik yaratmaqla bərabər, demokratik dövlətçilik prinsiplərinin də formalaşdırılıb həyata keçirilməsi dayanırdı. Yalnız dahi şəxsiyyət Heydər Əliyevin bacara biləcəyi bir iş tezliklə öz bəhrəsini vermişdir.
Artıq 1994-cü ildə 1991-1993-cü illərin Azərbaycanından əsər-əlamət qalmamışdı. Ölkə tədricən öz məhvərinə qayıdırdı.
Məlumdur ki, Yeni Azərbaycan Partiyasının yaradıcısı da ümummilli lider Heydər Əliyevdir. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə təsis qurultayını keçirən Yeni Azərbaycan Partiyası ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq fəaliyyətə başlamışdır. Yeni Azərbaycan Partiyasının ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla yanaşı, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir.
Yeni Azərbaycan Partiyasının fəaliyyətə başladığı gündən ötən müddət ərzində böyük uğurlara imza atılması, dövlətçiliyin xaos və anarxiya burulğanından davamlı tərəqqi və yüksəliş yoluna çıxarılması, mövcud potensialın səmərəli şəkildə realizə edilməsi, ilk növbədə, ümummilli liderin fenomenal liderlik və idarəçilik keyfiyyətləri sayəsində mümkün olmuşdur. Müstəqil Azərbaycanın qazandığı böyük nailiyyətlər məhz ulu öndər Heydər Əliyevin, onun yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının irəli sürdüyü inkişaf konsepsiyasına əsaslanır.
Dövlət idarəetmə sistemində davamlı uğur və nailiyyətlərə yol açan vacib amillərdən biri də məhz siyasi varislik ənənələrinin təmin olunmasıdır. Siyasi varisliyin təmini əsrlər boyu formalaşmış dövlətçilik irsinin qorunması və inkişaf etdirilməsi anlamında, əslində, hər bir ölkə üçün aktualdır. Yeni Azərbaycan Partiyasının iqtidar partiyası olaraq ötən müddətdə qazandığı böyük uğurlar həm də siyasi varislik prinsipinin etibarlı şəkildə qorunması ilə bağlıdır. Cənab İlham Əliyevin 2001-ci ildə Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini vəzifəsinə seçilməsi partiyanın siyasi perspektivliyinə olan ümidləri daha da möhkəmləndirmiş, onun gəncləşməsində, cəmiyyətdəki mövqelərinin və nüfuzunun möhkəmlənməsində, sıralarının genişlənməsində əhəmiyyətli rol oynamışdır.
2000-ci ildə partiyanın proporsional siyahısına rəhbərlik edən cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının qələbəsində həlledici rol oynamaqla zəruri liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləmiş, hələ Milli Məclisin deputatı kimi Azərbaycanı Avropa Şurası Parlament Assambleyasında təmsil edən parlament nümayəndə heyətinə rəhbərlik edərək milli maraqları ləyaqətlə qoruyan və daim uca tutan vətənpərvər siyasətçi olduğunu nümayiş etdirmişdir. Nəhayət, özünü bacarıqlı və vətənpərvər siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən cənab İlham Əliyev xalqın ciddi istəyi, ümummilli liderimiz Heydər Əliyevin xeyir-duası ilə 2003-cü ilin prezident seçkilərində inamlı qələbə qazanmışdır. Ötən müddətdə YAP üzvləri arasında, ümumən, cəmiyyətdə qəti olaraq belə rəy formalaşmışdır ki, Prezident, partiyamızın sədri cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının varisliyini təmin edən alternativsiz siyasi xadimdir.
Heydər Əliyev yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizin bütün regionları yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
Sürətli tərəqqi tempi ilə seçilən muxtar respublikamızın rayonları sırasında özünəməxsus yerlərdən birini də Sədərək tutur. Ulu öndər Heydər Əliyevin vaxtilə dediyi “Sədərək Naxçıvanın qeyrət qalasıdır” sözləri hər birimizin qəlbini iftixar hissi ilə doldurur.
Rayonumuz 1990-cı il avqust ayının 28-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Əslində, Sədərək torpağı qədim yaşayış məskəni olsa da, o, əsl inkişafına ötən əsrin 70-ci illərində qovuşmuşdur.
Dahi rəhbərin bu torpağa ilk səfəri 1974-cü ilin oktyabr ayında olmuşdur. Belə ki, Naxçıvana gələn görkəmli dövlət xadimi Heydər Əliyev sədərəklilərlə də görüşmüş, Sədərəklə Ermənistan arasında mübahisəli olan sərhəd zolağında Şərab Zavodu tikilməsi barədə tapşırıq vermişdir. Yeri gəlmişkən qeyd edək ki, sonralar daha iki üzüm emalı zavodu inşa olunmuşdur. Ulu öndərin Sədərəyə ilk gəlişi zamanı bu yaşayış məntəqəsində o dövr üçün müasir olan 1176 yerlik üçmərtəbəli orta məktəb binası və yenitipli mədəniyyət sarayı istifadəyə verilmişdir. 1941-1945-ci illər müharibəsində həlak olanlara xatirə kompleksi həmin illərdə ucaldılmışdır.
Ermənistanla sərhəddə salınan qəsəbə də ümummilli liderimizin uzaqgörənliyinin bəhrəsidir. Bu böyük quruculuq ərməğanı xalqımızın böyük oğlu Heydər Əliyevin Sədərək kəndinə ikinci səfərinin yadigarıdır. Belə ki, 1978-ci il oktyabr ayının 15-də Naxçıvana gələn ulu öndər Heydər Əliyev Sədərəkdə də olmuşdur. Həmin səfər zamanı yaxınlıqdakı böyük sahəni göstərib “Bu ərazidə yaraşıqlı, gözəl bir qəsəbə salmaq lazımdır”, – demişdir. Pribaltikada hazırlanan layihə əsasında 1980-ci ilin əvvəlində salınan indiki Heydərabad qəsəbəsi həmin il 75 ailənin yurd yerinə, ocağına çevrilmişdir. Sonralar bu hadisəni xatırlayan ulu öndər deyirdi: “Mən Azərbaycanın başçısı olduğum zaman kənddən aralı bir qəsəbənin salınması haqqında tapşırıq verdim. Nə üçün kənddən aralı? Ona görə ki, o vaxtlar ermənilər yavaş-yavaş bu torpaqlara iddia edir, “bu, bizimdir”, “o bizimdir”, – deyirdilər”.
Heydər Əliyev zəkası və dühası torpaqlarımızı qorudu; rayonumuzda kimi dindirsən, bu həqiqəti təsdiq edəcək. Buradakı yaşlı və orta nəslin nümayəndələri ötən əsrin 90-cı illərinin əvvəllərində Sədərək torpaqları uğrunda gedən ölüm-dirim mübarizəsini yaxşı xatırlayır. Taleyin sədərəklilərə bəxş etdiyi ən böyük xoşbəxtlik o oldu ki, ağır, qanlı günlərdə Tanrı ulu öndər Heydər Əliyevi bu torpağa xilaskar yetirdi. Onun siyasəti düşmən gülləsindən, mərmisindən də ötkəm oldu.
Sonralar Heydərabad qəsəbəsində sakinlərlə görüşən zaman ümummilli lider Heydər Əliyev o ağır günləri yada salaraq demişdir: “Yəqin xatirinizdədir ki, 1992-ci il mayın 17-dən 18-nə keçən gecə buraya ermənilər hücum etdilər. Orada, dağın üstündə postlara, Mil təpəsinə hücum etdilər. Bizim ordakı əsgərlərimizdən 8 nəfər həlak oldu. Yadınızdadırsa, orada 40 gün atışma getdi. O vaxt mən bütün dünyaya haray saldım. Biz körpü tikmişdik. Hələ körpü açılmamışdı. Ancaq o körpüdən Türkiyədən nə qədər müxbirlər tökülüb Naxçıvana, o döyüş yerinə gəldilər. Onda bizim nəyimiz vardı? Ordumuz yox idi, silah-sursatımızı oradan-buradan yığmışdıq. Amma o döyüşdə sədərəklilər, yəni naxçıvanlılar – təkcə sədərəklilər yox, onda mən buraya bütün Naxçıvanı tökmüşdüm, hamı bir yerdə döyüşürdü, – onları susdurdular”.
1993-cü ilin 15 İyun – Milli Qurtuluş Günündən başlanan yeni dövrdə də sədərəklilərə xüsusi qayğı göstərilmişdir. Ulu öndərin quruculuq siyasətinin vüsəti digər sərhəd rayonlarında olduğu kimi, Sədərəkdə də genişlənməyə başlamışdır. Bir vaxtlar düşmən toplarından atılan mərmilərin düşdüyü, darmadağın etdiyi yerlərdə yeni həyat quruculuğuna start verilmişdir. “Sədərək rayonunun sosial-iqtisadi inkişafı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı Sərəncam da dahi rəhbərin uzaqgörən siyasətinin bəhrəsidir. Son 17 ildə böyük həcmdə quruculuq işlərinin görülməsinə, rayonumuzun iqtisadi qüdrətinin artırılmasına geniş imkanlar yaradılmışdır.
Sədərək rayonunda yeni obyektlərin sayı ilbəil, aybaay artır. Təkcə keçən il Heydərabad qəsəbəsində Uşaq-Gənclər Şahmat Məktəbi, Sədərək kəndində kənd mərkəzi, uşaq bağçası, xidmət mərkəzi və bazar kompleksi istifadəyə verilmişdir. Hazırda isə Heydərabad qəsəbəsində 252 yerlik 3 mərtəbəli uşaq bağçası inşa edilir, Sədərək kənd 1 nömrəli tam orta məktəbin binası yenidən qurulur.
Ötən il dekabrın 22-də keçirilən dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasında müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan edilmişdir. Odur ki, 2013-cü ildə – “Heydər Əliyev ili”ndə də sədərəklilər daha böyük layihələrə və uğurlara imza atacaq, muxtar respublikamızın inkişafına öz töhfələrini verəcəklər.
Qədim dövrlərdən ta bu günümüzədək tarixdə çox liderlər, çox fatehlər, çox dövlət xadimləri olmuşdur. Lakin onların arasında ümummilli liderimiz qədər xalq sevgisini, xalq məhəbbətini qazanan yoxdur. Ulu öndər Heydər Əliyev xalq məhəbbətini əbədilik qazanan nadir şəxsiyyətlərdəndir. Xalqın ulu öndərə olan dərin məhəbbəti hər bir vətəndaşın ürəyində möhtəşəm Heydər Əliyev abidəsi ucaltmışdır. Müasir Azərbaycanın memarı ümummilli lider Heydər Əliyev, ürəklərdəki Heydər Əliyev abidəsinin memarı isə Azərbaycan xalqıdır. Bu həm liderin, həm də xalqın xoşbəxtliyidir; bu həm liderə, həm də xalqa Tanrı bəxşişidir; bu, xalq-lider, lider-xalq sevgisinin vəhdətidir. Hər birimizin taleyində Heydər Əliyev dühasının izləri var.
Ümummilli liderimiz Heydər Əliyev bizə bir çox maddi və mənəvi dəyərlər miras qoymuşdur. Onların ən dəyərlisi dünya birliyində etibarlı iqtisadi və siyasi dayaqları olan, hüquqi, demokratik, müstəqil Azərbaycan dövlətidir.

Arif QASIMOV
Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatının sədri,
 Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR