03 Yanvar 2025, Cümə

Şərur Rayon Təhsil Şöbəsin­də ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Təhsilimizin Heydər Əliyev erası” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə Təhsil Şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Yaqub Tağıyev açmışdır.
Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə öz zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə, mənəviyyatımıza dərindən bələd olması sayəsində milli təhsil quruculuğuna yüksək əhəmiyyət vermiş, onun strategiyasını işləyib hazırlamış və həyata keçirmişdir.
Azərbaycan tarixinin 1969-cu ilin 14 iyulundan sonrakı dövrünün əhatəli təhlili və qiymətləndirilməsi belə bir həqiqəti aşkar edir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin respublikaya rəhbər seçilməsindən sonra Azərbaycan iqtisadiyyatında, cəmiyyətin ictimai-siyasi həyatında, o cümlədən maarif və təhsil sahəsində olan tənəzzül prosesinə son qoyulmuşdur. Ötən əsrin 70-80-ci illərində Azərbaycan intibahını şərtləndirən, onu səciyyələndirən mühüm amillər sırasında təhsilin, elmin, mədəniyyətin yüksəlişi xüsusilə diqqəti cəlb edir.

Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin ikinci mərhələsi təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklə səciyyələnən dövrə təsadüf edir. Bu mərhələdə yaradılmış sabit siyasi durum, mənəvi-psixoloji atmosfer şəraitində Azərbaycanın gələcək milli inkişaf strategiyası müəyyənləşdirilmiş, bu sahədə həyati əhəmiyyət kəsb edən bir çox diqqətəlayiq tədbirlər həyata keçirilmişdir. Həmin tədbirlər sırasında “Təhsil Qanunu”nun yeni layihəsinin ümumxalq müzakirəsinə çıxarılmasını, təhsil islahatları üzrə Dövlət Pro­qramı hazırlayan Dövlət Komissiyasının yaradılmasını, ilk dəfə olaraq ümumi orta təhsilin dövlət standartlarının və bazis tədris planının hazırlanaraq təsdiq olunmasını və nəhayət, 1999-cu il iyunun 15-də – Milli Qurtuluş Günündə təsdiq edilmiş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nı göstərmək olar.
Qeyd olunmuşdur ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu bu gün onun layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilmişdir ki, təhsilə qayğı Naxçıvan Muxtar Respublikasında da üstün istiqamət verilən sahələrdən biridir. Bu gün təhsil işçilərinin, müəllimlərin ən müqəddəs vəzifəsi xalqımızın ümummilli lideri Heydər Əliyevin idealları işığında ölkəmizdə gedən təhsil islahatlarının reallaşmasına kömək etməkdən, bu sahənin daha da yüksəlişi üçün əzmlə çalışmaqdan ibarətdir.
Sonra mövzu ətrafında şöbənin əməkdaşı Vidadi Süleymanov, Muğanlı kənd tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi İsa Hüseynov, Təhsil Şöbəsinin məsləhətçiləri Ədalət Əhmədov və İbrahim Yusifoğlu çıxış etmişlər. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin fikir və düşüncələri, ideyaları məkan və zaman çərçivəsindən çıxaraq ümumbəşəri sərvətə çevrilmişdir. Elə bir sərvətə ki, hələ neçə-neçə nəsil insanlar ondan bəhrələnəcək, Heydər Əliyev zəkasının ziyasından nurlanacaqlar.
Sonda məktəblilər ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR