03 Yanvar 2025, Cümə

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirmişdir.
Tədbir başlanmazdan əvvəl ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən sərgiyə baxış olmuşdur. Sonra rayon Mədəniyyət Evində keçirilən mərasimi təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açaraq məruzə etmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının bugünkü inkişafı və gələcək uğurları ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu üçün onun xatirəsi daim böyük ehtiramla yad ediləcəkdir. Görkəmli şəxsiyyət Heydər Əliyev siyasi dünyagörüşü, məfkurəsi ilə zirvədə duran şəxsiyyətdir. Ulu öndər müasir Azərbaycan dövlətinin əbədiyaşarlığının təminatçısı, xalqı bu dövlətin ətrafında birləşdirmiş ideyanın müəllifidir.
Vurğulanmışdır ki, xalqımızın böyük oğlu Heydər Əliyev 1969-cu ildə Azərbaycanın rəhbəri seçildiyi zaman ölkəmiz SSRİ-nin tərkibində ən geridə qalmış respublikalardan biri, mərkəz üçün xammal bazası idi. Azərbaycanın həmin dövrdə elm və sənaye potensialı, demək olar ki, yox idi. Dahi rəhbər Heydər Əliyevin səyi nəticəsində Azərbaycanda bütün sahələr inkişaf yoluna qədəm qoymuşdur.

Qeyd olunmuşdur ki, Azərbaycan müstəqilliyini rəsmi olaraq 1991-ci ildə elan etsə də, dövlət müstəqilliyinin qorunması, ölkədə quruculuq, abadlıq işlərinin aparılması, siyasi sabitliyin təminatı, insanların sosial vəziyyətinin yaxşılaşdırılması ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli lider Heydər Əliyev ölkədə hökm sürən hərc-mərcliyin, dövlətin parçalanmasının qarşısını almış, Azərbaycanı inkişaf yoluna çıxarmışdır. Bu gün Azərbaycanın dünyanın ən dinamik inkişaf edən ölkələrindən biri olması dahi şəxsiyyət Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətidir.
Tədbirdə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəfərov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində ümummilli liderin əvəzsiz rolundan söz açmışdır. Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən milli ideologiyamızın mükəmməl konsepsiyası işlənib hazırlanmışdır. İcra başçısı demişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində dövlətçilik konsepsiyası uğurla həyata keçirilmişdir. Azərbaycanda sabitliyin qorunub saxlanması, ölkənin bütün sahələrində tətbiq olunan uğurlu islahatlar onun dövlətçilik konsepsiyasının ideyaları sayəsində gerçəkləşmişdir.
Ulu öndərimiz milli-mənəvi dəyərlərə əsaslanan yeni dövlət modeli formalaşdırmışdır. Onun yaratdığı müasir Azərbaycan dövləti bu gün xalqa, milli maraqlarımıza şərəflə və ləyaqətlə xidmət edir.
Sonra Yeni Azərbaycan Partiyası Qıvraq qəsəbə ərazi ilk təşkilatının sədri İsmayıl Hüseynquliyev, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Ehtimad Məmmədov çıxış etmişlər.
Qeyd edilmişdir ki, muxtar respublikamızda qazanılan nailiyyətlər də ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsinin nəticəsidir. Ümummilli liderin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmuşdur. Ulu öndərin quruculuq konsepsiyası 2013-cü ildə – “Heydər Əliyev ili”ndə də muxtar respublikamızın hər yerində, eləcə də Kəngərli rayonunda inkişafın əsas hərəkətverici qüvvəsini təşkil edir.
Tədbirdə ulu öndərə həsr olunmuş şeirlər səsləndirilmiş və ümummilli liderin mənalı ömür yolunu əks etdirən videoçarx nümayiş olunmuşdur.
Sonda rayonun mədəniyyət işçiləri maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR