Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin kollektivi dünən Heydər Əliyev Muzeyini ziyarət etmişdir.
Muzeyin direktoru Ramil Orucəliyev asayiş keşikçilərinə muzeyin yaranma tarixi haqqında məlumat verərək qeyd etmişdir ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılmış və 10 may 1999-cu ildə fəaliyyətə başlamışdır.
“Naxçıvan şəhərində yaradılmış Heydər Əliyev Muzeyi ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir”, – deyən Ramil Orucəliyev muzeydəki eksponatlar barədə də nazirlik əməkdaşlarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, muzeydə kitabxana yaradılmış, ulu öndərimiz haqqında çəkilmiş filmləri seyr etmək üçün televizor və videomaqnitofon yerləşdirilmiş, kompyuter dəstləri quraşdırılmış, muzeyin www.aliyev-museum.nakhchivan.az ünvanlı internet saytı yaradılmışdır. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.
Qeyd olunmuşdur ki, dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.
Fəaliyyətə başlayanda 420 eksponatla tamaşaçılara xidmət göstərən muzeydə hazırda 4255 ədəd eksponat toplandığını diqqətə çatdıran Ramil Orucəliyev bu eksponatların əksəriyyətinin ilk dəfə olaraq məhz burada nümayiş etdirildiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimizin dövlətçilik və siyasi fəaliyyətinin öyrənilməsində, onun mənalı həyatı, zəngin və çoxşaxəli ömür yolu barədə faktların gənc nəslə çatdırılmasında böyük rol oynayır.
Xəbərlər şöbəsi