03 Yanvar 2025, Cümə

Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur şəhərindəki “Bahar” kinoteatrında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini Minurə Hüseynli açmışdır. Bildirmişdir ki, ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın qurucuları hesab edir, onları müstəqilliyimizin qarantı adlandırırdı. Buna görə də onların hərtərəfli biliyə malik olmaları üçün lazımi tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayırdı.
Xalqımızın böyük oğlu Heydər Əliyevin gənclərlə işi daha səmərəli şəkildə təşkil etmək, onların problemləri ilə yaxından tanış olmaq, gənclərin ictimai-siyasi həyatda daha fəal iştirakını təmin etmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə əlaqədar 1994-cü il iyulun 26-da Sərəncam imzalaması, 1996-cı il fevralın 2-də Bakıda Azərbaycan Gənclərinin Birinci Forumunun keçirilməsi gənc­liyə olan inamın və etimadın nəticəsi idi. Forumun əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi gün – 2 fevral “Gənclər Günü” elan olunmuşdur. 1998-ci il fevralın 2-də ümummilli liderimiz Gənclər Gününün ilk ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edərək gənc­lərə müraciətlə demişdir: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik”.

1999-cu il martın 2-də keçirilən Azərbaycan Gənclərinin İkinci Forumundakı çıxışında ulu öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməsi ilə bağlı tapşırıqlar vermişdir. 1999-cu ildə imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərman ölkəmizdə bu sahəyə böyük önəm verildiyinin bariz nümunəsidir. Bu fərman gənc­lərin həyatı ilə bağlı bütün məsələləri əhatə edir. 9 aprel 2002-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu gənclərə böyük yol açmışdır. Azərbaycanda gənclər siyasəti sahəsində Dövlət proqramlarının qəbulu da gənc nəslə dövlət qayğısının ifadəsi, Azərbaycanın gələcəyinə qoyulan investisiyadır. Hazırda ölkəmizdə “Azərbaycan gənc­liyi 2011-2015-ci illərdə Dövlət Proqramı” uğurla həyata keçirilir. 
Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycan gəncləri qarşısında vəzifələr müəyyənləşdirərkən deyirdi: “Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən işğal olunmuş torpaqlarımızın azad edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görüləsi işlər hələ çoxdur. XXI əsrdə müstəqil Azərbaycanın inkişafı naminə görüləcək bu əzəmətli işlərin həyata keçirilməsinin əsas ağırlığı və məsuliyyəti isə bugünkü gənclərin üzərinə düşür”.
Sevindirici haldır ki, bu gün dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi kursu Azərbaycan gəncliyini yeni nailiyyətlərə doğru aparır.
Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Son 17 ildə regionumuzda gənclərin cəmiyyət həyatında fəal iştirakı istiqamətində uğurlu addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı diyarımızda gənclərə göstərilən diqqət və qayğının davamıdır. Bu fərmanla Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunmuşdur.
Ötən dövr ərzində Şərur rayonunda da gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdıran Minurə Hüseynli bildirmişdir ki, gənc nəslin sağlamlığının qorunması, bədən tərbiyəsi və idmanın inkişafı Şərurda da diqqət mərkəzində saxlanılır. Yeni idman obyektləri tikilib istifadəyə verilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Son dövrlər rayonda Olimpiya İdman Kompleksi, Şahmat Məktəbi, Uşaq-Gənclər İdman Məktəbi üçün yeni binalar, idman meydançaları tikilərək istifadəyə verilmişdir.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi Ramil Dadaşov, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Orxan Məmmədov, Təhsil Şöbəsinin əməkdaşı Çinarə Zeynalova, rayon Mərkəzi Xəstəxanasının həkimi Araz İbrahimov çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, dahi Heydər Əliyev şəxsiyyəti və siyasəti Azərbaycan gəncləri üçün milli ideal formulu, tərbiyə məzmunu və fəaliyyət proqramıdır. Bu gün milyonlarla gənc Heydər Əliyev siyasi məktəbindən Azərbaycançılığı, Vətəni sevməyi və onun uğrunda fədakarlıqla xidmət etməyi öyrənir.
Tədbirdə ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.
Sonda ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən “Dünyaya pəncərə” filmi nümayiş etdirilmişdir.

Cəfər ƏLİYEV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR