03 Yanvar 2025, Cümə

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzu­sunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Lektoriyanı Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov açıb.
Lektoriyada AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda məzurə ilə çıxış edərək müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna nəzər salıb, dövlət müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti həmişə ölkənin və xalqın taleyi və müqəddəratı, xilası və inkişafı ilə üzvi vəhdətdə dəyərləndirilir. Haqlı olaraq ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin, bütövlükdə, yeni Azərbaycanın qüdrətli yaradıcısı və böyük qurucusu hesab edilir. Müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Görkəmli dövlət xadimi Heydər Əliyevin adı və xidmətləri ilə bağlı olan hər bir hadisə Azərbaycanın müstəqillik tarixinin qiymətli səhifələrini təşkil edir. Sözün geniş mənasında, ümummilli liderimiz Heydər Əliyev Azərbaycançılıq ideyalarının rəmzinə çevrilib. Xalqımızın böyük oğlu Heydər Əliyevin çətin, kəşməkəşli və mənalı həyatı, böyük mübarizə yolu müstəqil Azərbaycan dövlətinin epopeyasıdır.
Qeyd olunub ki, ulu öndər Azərbaycana rəhbərliyinin birinci dövründə imperiyanın sərt rejiminə baxmayaraq, ölkəmizin gələcək müstəqilliyi üçün misilsiz xidmətlər göstərib. Azərbaycanı Sovetlər İttifaqının süquta uğrayacağı tarixi dönəmə hazırlayıb, dövlət müstəqilliyini qoruyub saxlamaq, onu möhkəmləndirmək və inkişaf yoluna çıxarmağın konsepsiyasını həyata keçirib.

Bildirilib ki, 1993-cü ilin iyununda tarixi zərurətin diktəsi, xalqın təkidli tələbi ilə taleyüklü bir zamanda ali hakimiyyətə qayıdan, məsuliyyətli bir missiyanı öz üzərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin bərqərar olunmasına, iqtisadi tənəzzülün və ölkədə vətəndaş müharibəsinin qarşısının alınmasına nail olub. Dahi rəhbər Azərbaycan həqiqətlərini bütün dünyaya bəyan edib. Azərbaycan sabit, əmin-amanlıq şəraitində ardıcıl sosial-iqtisadi inkişaf yoluna qədəm qoyub. Dövlət idarəçiliyi mexanizmi yenidən formalaşdırılıb, nizami ordu yaradılıb, genişmiqyaslı siyasi və mədəni islahatlar həyata keçirilib. Müdrik rəhbər Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırılıb. Müstəqil dövlət quruculuğu prosesinə başlanması fonunda iqtisadi tərəqqinin yeni istiqaməti müəyyənləşdirilib, bu məqsədlə müvafiq inkişaf konsepsiyaları, Dövlət proqramları qəbul olunub. 
Azərbaycanın bütün sahələrdə uğurlu inkişafından da söz açan məruzəçi ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Vurğulanıb ki, son illər muxtar respublikamızın bütün sahələrində qazanılan nailiyyət­­lər ulu öndərimizin ideyalarının təntənəsidir.
Lektoriyaya Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini Məcid Seyidov yekun vurub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR