“Müstəqil Azərbaycan Respublikasının qarşısında duran əsas vəzifələrdən biri respublikanın dövlət quruculuğunu təşkil etməkdir. Bizim yolumuz aydındır, yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlığı əbədidir və əbədi olacaqdır!”
Ümummilli lider Heydər Əliyevin bu müdrik fikirlərinin əsas ideya kimi müəyyənləşdirildiyi konfransın iştirakçıları öncə dahi öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Özəl Universitetinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyinə həsr edilən elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açmışdır. O qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 14 fevral tarixli Sərəncamı ilə “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” təsdiq olunmuşdur. Bugünkü konfrans da həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Ümummilli liderin dövlətçiliyimizin memarı olması, Azərbaycanın dünya birliyində müstəqil və inkişaf edən dövlət kimi özünü təsdiq etməsində onun misilsiz xidmətləri görkəmli dövlət xadiminin 90 illik yubileyinin ən yüksək səyiyyədə qeyd olunmasını labüd edir. Məlum olduğu kimi, ümummilli lider hələ sovet dövründə – 1969-cu ildə dövlət rəhbərliyinə gəldiyi zaman Azərbaycanı geridə qalmış ölkədən qabaqcıl respublika səviyyəsinə qaldırmışdır. Məhz o dövrdə müstəqillik üçün lazımi iqtisadi və sosial inkişaf təmin olunmuşdur. Müstəqil Azərbaycan dövlətçiliyinin xilaskarı olan ulu öndər ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanı tarixi-siyasi burulğanlardan çıxarmışdır. Bu gün isə Azərbaycan məhz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla uğurla irəliləyir. Akademik İsmayıl Hacıyev demişdir ki, bu mənada ümummilli liderin çoxcəhətli siyasi fəaliyyətinin elmi şəkildə öyrənilməsi, tədqiqi və ən əsası təbliği xüsusi əhəmiyyət kəsb edir.
Konfransın açılışında “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq siyasəti: ədəbi düşüncədən dövlət ideologiyası səviyyəsinə” mövzusunda elmi məruzə edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycançılıq ideologiyasının keçdiyi tarixi inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin Azərbaycançılığın siyasi dövlətçilik ideologiyası səviyyəsinə qaldırılmasındakı misilsiz xidmətlərindən danışmışdır. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyev təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünyada yaşayan azərbaycanlıların ümummilli lideridir. Çünki məhz görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanı bütün dünya azərbaycanlılarının vətəninə, dövlətinə çevirməyi bacarmışdır. Bu isə çoxcəhətli və gərgin siyasi-ideoloji iş nəticəsində mümkün olmuşdur. Qeyd olunmuşdur ki, bu ideologiya və bu gərgin siyasi-ideoloji işin mahiyyəti elm adamları tərəfindən daha dərindən tədqiq olunmalı və öyrənilməlidir.
“Naxçıvan Azərbaycançılıq ideologiyasının ən möhkəm şəkildə qorunduğu və inkişaf etdirildiyi məkandır”, – deyən akademik İsa Həbibbəyli bunun ümummilli lider Heydər Əliyevin dövlətçilik məktəbinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olduğunu bildirmişdir.
Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlinin “Heydər Əliyev: müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu”, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyevin “Heydər Əliyevin dövlətçilik təlimində təhsil siyasəti və Naxçıvan”, Naxçıvan Dövlət Universitetinin prorektoru, professor Məmməd Rzayevin “Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Heydər Əliyev – dünya şöhrətli siyasətçi” mövzularında elmi məruzələri dinlənilmişdir.
Günün ikinci yarısında isə elmi konfransın bölmə iclasları olmuşdur. AMEA Naxçıvan Bölməsinin böyük akt zalında təşkil edilən “Heydər Əliyev və Azərbaycanın inkişafı” adlanan birinci bölməyə tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli, Bioresurslar İnstitutunun akt zalında keçirilən “Heydər Əliyev və Azərbaycanın iqtisadiyyatı” adlanan ikinci bölməyə iqtisad elmləri doktoru, professor Asif Şirəliyev, Təbii Ehtiyatlar İnstitutunun seminar otağında təşkil edilən “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü” adlı üçüncü bölməyə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, AMEA Naxçıvan Bölməsinin əsas korpusunun dəyirmi zalında təşkil edilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı dördüncü bölməyə AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun akt zalında keçirilən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlanan beşinci bölməyə AMEA-nın müxbir üzvü Hacı Qadir Qədirzadə rəhbərlik etmişdir.
Ümumilikdə, konfransda 50-dən artıq elmi məruzə dinlənilmişdir.
Elnur KƏLBİZADƏ