Naxçıvan Azərbaycanın ən qədim sivilizasiya və mədəniyyət mərkəzlərindən biridir. Vaxtilə coğrafi cəhətdən Azərbaycanın mərkəzində yerləşən bu diyar ən inkişaf etmiş əyalətlərdən biri olmuşdur. Təsadüfi deyildir ki, son illərin tədqiqatları Naxçıvanda ilkin şəhər mədəniyyətinin yaranması tarixinin beş min ildən artıq olduğunu göstərir.
Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Qədim tarixə və mədəniyyətə malik olan diyardır. Lakin təəssüf ediləsi haldır ki, Sovetlər Birliyi dövründə Naxçıvana, onun tarixinə lazımi diqqət yetirilməmişdir. Bu qədər zəngin olan bir diyarın tarixi əhatəli və sistemli tədqiq edilməmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra Naxçıvana da diqqət və qayğı artırılmışdır. Ümummilli liderimiz Naxçıvanın Azərbaycanın həyatında mühüm və əhəmiyyətli rol oynadığını bildirərək demişdir: “Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynamış və oynamaqda olan Naxçıvanın qədim və çox zəngin tarixi vardır... Öz əlverişli coğrafi mövqeyi, təkrarolunmaz mədəniyyəti və incəsənət abidələri ilə seçilən bu diyar dünyanın bir çox tarixçi, səyyah və alimlərinin diqqətini cəlb etmiş, onların əsərlərində dərin iz qoymuş və özünəməxsus yer tutmuşdur. Həmin qaynaqların araşdırılması, onlarda Naxçıvan haqqında qeyd olunmuş məlumatların toplanıb tədqiq və nəşr olunması Azərbaycan tarixinin obyektiv, elmi şəkildə işlənib hazırlanması üçün misilsiz əhəmiyyət kəsb edir”.
Azərbaycanın başqa əraziləri kimi, Naxçıvan ərazisi də bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Qazma, Kilid, Daşqala, Ərməmməd mağaralarında yaşayan ibtidai insanlar Neolit dövründən başlayaraq I Kültəpə, Sədərək, Ovçular təpəsi, Xələc, Duzdağ, Şahtaxtı, Nəhəcir kimi yaşayış yerləri salmışlar. Eramızdan əvvəl IV-I minilliklərə aid olan Gəmiqaya abidəsi, həmçinin “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi bu ərazinin ilkin məskunlaşma, eləcə də zəngin mədəniyyət mərkəzlərindən biri kimi əhəmiyyətini göstərir. Muxtar respublika ərazilərindəki Naxçıvançay və Əlincəçay vadilərində, Batabat yaylağında, Haçadağın cənub ətəyində aşkar olunan tarixi abidələr Daş dövrü mədəniyyətinin qalıqlarını yaşatmaqdadır. IV minilliyin sonu – II minilliklərdə Naxçıvan ərazisində Oğlanqala, Çalxanqala, Govurqala kimi qala-şəhər məntəqələri, ilkin şəhər mədəniyyəti yaranmışdır.
Naxçıvan ərazisində olan ən qədim abidələrdən biri Gəmiqaya qayaüstü rəsmləridir. Eradan əvvəl IV-I minilliyə aid olan bu abidə Azərbaycan xalqının qədim tarixini və mədəniyyətini özündə yaşadır. Görkəmli dövlət xadimi Heydər Əliyev qayaüstü rəsmlərlə, simvolik işarələrlə zəngin olan Gəmiqaya abidəsinin tədqiq edilməsinə xüsusi əhəmiyyət vermiş və bunu alimlər qarşısında bir vəzifə olaraq irəli sürmüşdür. Gəmiqaya abidəsinin Azərbaycan tarixində oynadığı rolu yüksək qiymətləndirən ulu öndərimiz deyirdi: “Bu, bildiyimiz kimi, həm təbiətin böyük bir abidəsidir, eyni zamanda insan yaradıcılığının abidəsidir. Bu abidə Azərbaycanındır. Azərbaycanın tarixini əks etdirən abidədir”.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın zəngin tarixə malik olduğunu, lakin bunun hələ də zəif öyrənildiyini tarixçilərin diqqətinə çatdırırdı: “Naxçıvanın qədim, zəngin tarixi Azərbaycan tarixinin çox parlaq səhifələrindəndir. Əgər Azərbaycanın tarixi haqqında, ümumiyyətlə, bir çox işlər görülübsə, Naxçıvanın tarixi haqqında, qədim tarixi haqqında və Naxçıvanın bir diyar kimi öyrənilməsi – həm təbiətinin, həm adət-ənənələrinin, etnoqrafiyasının öyrənilməsi barədə çox az iş görülübdür”.
Naxçıvan tarixi-memarlıq abidələri ilə zəngin bir diyardır. Həmin abidələri bu ərazinin ən qədim insanları yaratmış və gələcək nəsillərə ötürmüşlər. Bu abidələr qədim əcdadlarımızın həyat tərzi, təsərrüfat həyatı, dünyagörüşü, mədəni inkişafı haqqında bizdə təsəvvür yaradır. Ulu öndər Heydər Əliyev qeyd etmişdir ki, “Naxçıvan Azərbaycan xalqının tarixini özündə əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır... Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri var. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm də mədəniyyətini, adət-ənənələrini göstərən abidələrdir”.
Naxçıvan Muxtar Respublikasında diyarın tarixi abidələrinə münasibət diqqətəlayiq şəkildədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamında deyilir: “Naxçıvan Muxtar Respublikası zəngin tarixə malikdir. Burada əldə olunan maddi-mədəniyyət nümunələri Naxçıvan ərazisində qədim Daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir”.
Qarşıya qoyulan vəzifələrə uyğun olaraq, Naxçıvan ərazisində olan onlarla abidə bərpa edilərək əvvəlki görkəminə qaytarılmış, 1200-dən artıq tarix və mədəniyyət abidəsi qeydə alınaraq pasportlaşdırılmışdır ki, bunun da 800-ü yenidir. Bununla belə, tarix və mədəniyyət abidələrinin öyrənilməsi, onlar haqqında kitab və monoqrafiyalar, albomlar hazırlanması da tədqiqatçılar qarşısında qoyulan vəzifələrdəndir.
Azərbaycan Atabəyləri dövləti dövründən başlayaraq Naxçıvanda 3-4 mərtəbəli yaşayış evləri, əsilzadə sarayları, məscidlər, hamamlar inşa olunurdu. Buradakı qədim dövrlərə və orta əsrlərə aid yaşayış məskənləri, siklop tikililər, qalalar, istehkamlar, memarlıq abidələri inşaat materiallarının və tikinti texnikasının zənginliyi ilə diqqəti cəlb edir. Bunlara yüksək qiymət verən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Naxçıvanın əskidən, keçmişdən çox gözəl, özünəməxsus siması var. Onun memarlıq abidələri, ümumiyyətlə, şəhər quruluşu var. Əgər insanlar onları öyrənə bilsələr, görərlər ki, Naxçıvanda hələ qədim zamanlardan şəhərin planlaşdırılması, küçələrin, evlərin, məhəllələrin yerləşdirilməsi xaotik olmayıb, çox əsaslı olubdur”.
Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində bütövlükdə tarix və mədəniyyət abidələrimizə diqqət və qayğı artırılmış, onların yad təsirlərdən qorunması, mühafizəsi və bərpası işi diqqət mərkəzində saxlanılmışdır. Möminə xatın türbəsi və Qarabağlar Memarlıq Kompleksi konservasiya edilmiş, Əshabi-Kəhf, İmamzadə, Buzxana abidələri, Bazarçay ətrafındakı yeraltı abidə, Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, Xan evi, Ordubadda Aza körpüsü, qədim Zorxana abidəsi, Culfadakı Xanəgah kompleksi əsaslı bərpa olunmuşdur. Daşdan düzəldilmiş qədim qoç heykəllərini qorumaq, bu nadir nümunələri öyrənmək və təbliğ etmək məqsədilə Açıq Səma Altında Muzey yaradılmışdır. Bütün bunlar Heydər Əliyev irsinin və siyasi kursunun Naxçıvan Muxtar Respublikasında uğurla yerinə yetirilməsinin nəticəsidir.
Erməni daşnakları “böyük Ermənistan” yaratmaq üçün XX əsrin əvvəllərindən Azərbaycana qarşı bir sıra ərazi iddiaları irəli sürür, İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlı əhaliyə divan tuturdular. Ulu öndər deyirdi: “Erməni silahlı quldur dəstələri İrəvan, Naxçıvan və Qarabağ bölgələrində dinc azərbaycanlı əhaliyə divan tutur, yerli azərbaycanlıların sayını süni surətdə azaltmaq üçün hər cür vasitəyə əl atırdılar... Azərbaycan Xalq Cümhuriyyəti dövründəki sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq əzəli Azərbaycan torpağı Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.
Ermənistanın həm daşnak hökuməti dövründə, həm də Sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanı Azərbaycandan ayıraraq özünə birləşdirmək üçün göstərdiyi səylər Naxçıvan əhalisinin birmənalı qəti mövqeyi sayəsində uğursuzluğa düçar olmuşdur. Naxçıvan əhalisinin 90 faizdən çoxu 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasını dəstəkləmişdir.
Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu vermişdir. Qars müqaviləsi isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında sərhəd məsələlərini dəqiqləşdirmiş və Naxçıvanla bağlı Moskva müqaviləsinin şərtlərini təsdiq etmişdir. Bu müqavilənin Naxçıvanın muxtariyyət statusunun hüquqi təminatı üçün son dərəcə böyük əhəmiyyəti vardır. Bunu nəzərə alan ulu öndər Heydər Əliyev demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir. Belə ağır şəraitdə Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ bu çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır”.
Ümummilli lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Naxçıvanın qorunub saxlanılması uğrunda ciddi səylər göstərmişdir. Erməni yaraqlıları Naxçıvan ərazisinə basqınlar edəndə Qars müqaviləsini yenidən gündəliyə gətirmiş və bu məqsədlə 1992-ci ilin mart ayında Türkiyə Cümhuriyyətinə səfər etmiş, danışıqlar aparmışdır. Qars müqaviləsi ilə Türkiyənin Naxçıvanın qarantı olduğunu müzakirə mövzusuna çevirmiş və beynəlxalq aləmə çatdırmışdır.
Daxildəki bəzi qüvvələr Naxçıvanın muxtariyyət statusunun ləğvinə çalışırdılar. Lakin onlar başa düşmürdülər ki, bu müqaviləni birtərəfli qaydada ləğv etmək olmaz.
1992-ci il iyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin iclasında çıxış edən görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçı siyasəti ilə eyniləşdirirdi: “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.
Ulu öndər Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanın muxtariyyət statusunun siyasi-hüquqi cəhətdən daha da möhkəmləndirilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Belə ki, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının VIII fəsli “Naxçıvan Muxtar Respublikası” adlanır. Həmin fəslin 134-cü maddəsinin ilk üç bəndində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Azərbaycan Respublikası Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1998-ci il aprelin 28-də keçirilən sessiyasında qəbul olunmuş bu Konstitusiya 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş və 1999-cu il yanvar ayının 8-dən qüvvəyə minmişdir.
Ulu öndər Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə, onun ləğvinə yönələn cəhdlərin də qarşısını böyük qətiyyətlə almış, bununla da, əslində, ölkəmizin ərazi bütövlüyünün qorunması sahəsində mühüm xidmətlər göstərmişdir.
Məlumdur ki, Naxçıvana muxtariyyət statusu tarixi, geosiyasi, coğrafi amillərə və iki beynəlxalq müqavilənin şərtlərinə görə verilmişdir. Böyük öndər bu statusu qazanmış Naxçıvanın muxtariyyətinin qorunmasını həm də itirilmiş ərazilərin bərpası üçün hüquqi baza hesab edirdi. Bu məqsədlə o, 1998-ci il yanvarın 14-də Azərbaycan Respublikası Konstitusiya Komissiyasının iclasında deyirdi: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Qeyd etdiyimiz kimi, Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Naxçıvan ərazisində Naxçıvan şahlığı, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Araz-Türk Respublikası, Naxçıvan MSSR və Naxçıvan Muxtar Respublikası kimi müstəqil, yaxud yarımmüstəqil dövlət qurumları, inzibati ərazi vahidləri olmuşdur. Bu, bir sıra hallarda diyarı qoruyub saxlamış, Azərbaycandan ayrı düşməsinə imkan verməmişdir. Ulu öndər qeyd etmişdir ki, “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir. XII əsrdə Naxçıvan Azərbaycanın Atabəylər, Eldənizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olubdur. Atabəylər dövləti yüz ildən artıq hökm sürmüş və onun paytaxtı Azərbaycançılığı qoruyub saxlamışdır”.
Azərbaycanın bir parçası kimi Naxçıvanda dövlətçilik sonrakı dövrlərdə, orta əsrlərdə də olubdur. Xüsusilə XVIII əsrin ortalarında Azərbaycanda müstəqil feodal dövlətləri – xanlıqlar yaranarkən onların arasında Naxçıvan xanlığı da diqqəti cəlb edir. Naxçıvan xanlığı I Kalbalı xanın dövründə öz müstəqil siyasəti ilə bir sıra xanlıqlara nümunə idi. Ümummilli lider Naxçıvan xanlığı, onun dövlətçilik tarixində yerindən bəhs edərkən demişdir: “Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. İrəvan xanlığı, Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları – bu xanlıqlar Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar. Ancaq o dövrlərdə də ayrı-ayrı ölkələr tərəfindən Azərbaycanı, o cümlədən Naxçıvanı ələ keçirmək cəhdləri olmuşdur. Azərbaycan xalqı bunlara da sinə gərmiş, o cümlədən naxçıvanlılar da Naxçıvanı qoruyub saxlamışlar”.
Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olmuşdur. Qüdrətli dövlət rəhbəri bir sıra çıxış və nitqlərində buna işarə edərək demişdir: “Naxçıvan mütəfəkkirlərlə zəngin olmuşdur. Orta əsrlərdə Azərbaycanın memarlıq sənətinin ən yüksək nümunəsi Əcəmi Naxçıvaninin yaradıcılığı olmuşdur. Böyük Cəlil Məmmədquluzadə, Hüseyn Cavid Azərbaycan mədəniyyətinin, ədəbiyyatının fəxrinə çevrilmiş şəxsiyyətlər, onların əsərləri öz həyat yolunu Naxçıvandan başlamışlar. Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin çox böyük rolu olmuşdur”.
Göründüyü kimi, Naxçıvan öz tarixi, mədəniyyəti, abidələri, görkəmli şəxsiyyətləri ilə həmişə diqqəti cəlb etmişdir. Ümummilli lider Heydər Əliyev isə bütün bunları görmüş, dəyərləndirmiş və yüksək qiymətləndirmişdir.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik