Xəbər verdiyimiz kimi, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz muxtar respublikamıza ikigünlük səfərə gəlib. Səfər çərçivəsində israilli diplomat Naxçvan Muxtar Respublikası Ali Məclisinin Sədri və bir sıra hökumət rəsmiləri ilə görüşlər keçirib. Həmçinin Naxçıvanın tarixi yerləri, mədəniyyət, səhiyyə və sənaye müəssisələri, Naxçıvan Dövlət Universiteti ilə tanış olub.
Dünən isə İsrailin ölkəmizdəki səfiri muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb və onların suallarını cavablandırıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsində keçirilən görüşdə səfir səfərin məqsədi, keçirdiyi görüşlər haqqında məlumat verib. Rafael Harpaz iki ölkə arasında əlaqələrin inkişafının ümummilli lider Heydər Əliyevin Prezidentliyi dövründən başladığını və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. İsrailli diplomat azərbaycanlılarla yəhudilər arasında tarixi əlaqələrdən də danışıb. Vurğulanıb ki, Azərbaycanda yəhudi icması tarixən firavan və təhlükəsiz şəraitdə yaşayıb. Elə bu səbəbdən də Azərbaycan İsrail üçün tolerantlıq nümunəsidir. 22 yaşlı Azərbaycan Respublikası ilə 65 yaşlı İsrail dövlətinin inkişafını müqayisə edən israilli diplomat ölkəsinin ilk 22 ildə bu qədər uğur əldə etmədiyini də diqqətə çatdırıb.
İsrail səfiri qeyd edib ki, Naxçıvana ikigünlük səfər onda böyük təəssürat yaradıb. Səfir Naxçıvana səfəri çərçivəsində keçirilən görüşlər zamanı kənd təsərrüfatı, tibb, rabitə və informasiya texnologiyaları, su və su texnologiyaları sahələrində əməkdaşlıq imkanlarının müzakirə olunduğunu bildirib. Qeyd olunub ki, artıq bir neçə layihə və proqramlar Azərbaycanda həyata keçirilir. Biz bu layihələrin Naxçıvanda həyata keçirilmə imkanları haqqında düşünürük. Rafael Harpaz İsrailin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini deyib və Naxçıvanın blokada vəziyyətində olmasına baxmayaraq, sürətli inkişafının şahidi olduğunu qeyd edib: “İnkişafı görürük və biz sizin əldə etdiklərinizin şahidi olduqca bilirik ki, gələcəkdə nələr olacaq”.
Naxçıvanın ciddi turizm imkanlarının olduğunu söyləyən səfir bu barədə təbliğat aparılmasının vacibliyini vurğulayıb. Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin qeyri-neft sektorunun inkişafı olduğunu deyən Rafael Harpaz ölkəsinin bu sahədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.
Səfir Naxçıvanla təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri haqqında da danışıb.
Elnur KƏLBİZADƏ