03 Yanvar 2025, Cümə

Dünən Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Zamanın dahisi – ümummilli lider Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədov açmış, Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədovun “Zamanın dahisi – ümummilli lider Heydər Əliyev”, Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Natəvan Qədimovanın “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzularında məruzələri dinlənilmişdir.

Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşmışdır. Respublikaya rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyev Azərbaycanın musiqi, balet, teatr, kino sahəsində uğurlar qazanması üçün bütün qüvvəsini sərf etmişdir. 1969-cu ilədək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində cəmi 12 teatr, 5 konsert təşkilatı, 2312 kitabxana, 1535 klub müəssisəsi, 17 mədəniyyət və istirahət parkı, 29 muzey, 75 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi olduğu halda, artıq 2003-cü ildə respublikamızda 27 professional teatr, 50 xalq və özəl teatr, 13 konsert təşkilatı, 3275 klub müəssisəsi, 4313 kitabxana, 58 mədəniyyət və istirahət parkı, 140 muzey, 30 dövlət rəsm qalereyası, 2 bədii sərgi salonu, 300 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərirdi. 
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mədəniyyət obyektlərinin qorunub saxlanılmasını və inkişafını, mədəniyyət sisteminin demokratik əsaslarla təşkili və idarə olunmasını, bu sahədə fəaliyyətin hüquqi əsaslarını, şifahi xalq yaradıcılığını, adət-ənənələrin qorunmasını təmin edən “Mədəniyyət haqqında”, ölkəmizdə turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını müəyyənləşdirən “Turizm haqqında”, tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi məqsədinə xidmət edən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, kinematoqrafiyanın inkişafı sahəsində dövlət siyasətinin həyata keçirilməsinə təminat yaradan “Kinematoqrafiya haqqında”, kitabxana işinin ümumi əsaslarını, onların fondlarının formalaşdırılmasını və mühafizəsini təmin edən “Kitabxana işi haqqında” qanunların qəbulu bu sahəyə ulu öndərin böyük qayğısının təzahürüdür. Muzeylərin fəaliyyətinin təşkilat-hüquqi əsaslarını müəyyən edən “Muzeylər haqqında”, milli folklor nümunələrinin qorunması və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyən “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən fəaliyyətinin nəticəsidir.
Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndərin mədəniyyət siyasəti uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikasında bu sahədə böyük uğurlara nail olunmuşdur. Naxçıvanın mədəniyyət işçiləri ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə muxtar respublikada “Heydər Əliyev ili” elan edilən 2013-cü ilə öz layiqli töhfələrini verməyə çalışırlar.
Sonda “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” adlı sənədli film nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR