Ulu öndərimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə muxtar respublikamızda silsilə tədbirlər təşkil edilir, belə tədbirlərdə dahi rəhbərin həyat yolu, ictimai-siyasi fəaliyyətinə nəzər salınır.
Ümummilli liderimizin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində keçirilən tədbir də ulu öndərimizə sonsuz və dərin ehtiramın ifadəsi idi. Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Muzeyində dahi öndərin mənalı həyatını və siyasi fəaliyyətini əks etdirən eksponatlara baxıblar.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində davam etdirilən tədbiri giriş sözü ilə ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev açaraq ulu öndərin nəsillərə örnək olan şərəfli ömür yolundan, milli dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən danışıb, dahi şəxsiyyətin ölkəmizin siyasi və iqtisadi tərəqqisində, ictimai həyatımızın bütün sahələrində müstəsna rolunu qeyd edib, milli maraqları daim hər şeydən üstün tutan ulu öndər Heydər Əliyevin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirib. Qeyd olunub ki, Sovetlər Birliyi dövründə böyük öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi ilə ədliyyə sistemi də inkişaf edib, milli kadr hazırlığına xüsusi diqqət yetirilib, Ədliyyə Nazirliyinin fəaliyyəti bərpa olunub, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülüb. Müstəqillik illərində ümummilli liderimizin qayğısı və böyük etimadı ilə ilbəil inkişaf edən Azərbaycan ədliyyəsinin fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılıb, yeni məhkəmə və hüquq sistemi bərqərar olunub.
Bildirilib ki, bu gün Heydər Əliyev milli dövlətçilik ideyalarının uğurla həyata keçirilməsi, genişmiqyaslı quruculuq işləri, uğurlu xarici siyasət respublikamızı regionun lider dövlətinə çevirib, Azərbaycan dünyada analoqu olmayan iqtisadi inkişaf sürətinə nail olub. Ədliyyə orqanlarının fəaliyyətinin, ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi də öz inkişafının yeni, müasir mərhələsinə qədəm qoyub. Ümummilli liderimiz Heydər Əliyevin 24 avqust 2002-ci il tarixli Fərmanı ilə muxtar respublika Ədliyyə Nazirliyinin səlahiyyətləri artırılıb. Bu fərmanın muxtar respublikada ədliyyə sisteminin inkişafında müstəsna tarixi əhəmiyyəti olub.
Sonra nazirliyin əməkdaşlarından Elnur İsmayılov, Niyaməddin Əliyev, Həbibə Talıbova, Rafiq Cəfərov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, dövlətçiliyimizin inkişafında ümummilli liderimizin fədakar əməyini özlərinə örnək bilən ədliyyə işçiləri göstərilən etimadı doğruldacaq, üzərlərinə düşən mühüm vəzifələri bundan sonra da vicdanla icra edəcək, ədliyyə işçisi adını daim uca tutaraq ölkəmizin tərəqqisi üçün əllərindən gələni əsirgəməyəcəklər.
Səbuhi HÜSEYNOV