03 Yanvar 2025, Cümə

Naxçıvan Özəl Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev lektoriyası”nın “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda növbəti məşğələsi keçirilmişdir.
Lektoriyanı giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq ulu öndər Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasındakı xidmətlərindən danışmış, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamdan və 2013-cü ilin muxtar respublikamızda “Heydər Əliyev ili” elan olunmasından, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının icrasından bəhs etmişdir.
Naxçıvan Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyev xalqımız üçün həmişə böyük müəllim olmuş, dərin məzmunlu nitqləri ilə dövlətçilik, millilik, inkişaf, tərəqqi, intibah dərsi vermişdir. Onun ilk dərsinin zəngi 1969-cu ilin avqustunda səslənmişdir.

Dahi şəxsiyyət Azərbaycana rəhbərlik etdiyi bütün illərdə, hətta Kremldə yüksək dövlət vəzifəsi tutduğu zamanlarda belə, bütün bacarığını, bilik və təcrübəsini Azərbaycanın inkişafına, dünya miqyasında tanınmasına sərf etmişdir.
Ulu öndər Heydər Əliyevin Sovet hakimiyyəti illərində ən böyük xidmətlərindən biri də milli kadrların hazırlanması prosesinin əsasının qoyulması idi. Hər il yüzlərlə gənc ali təhsil almaq üçün SSRİ-nin ən nüfuzlu universitetlərinə göndərilirdi. Təhsilimizin o dövrkü yüksəlişi haqda təsəvvür yaratmaq üçün o illərin mənzərəsini əks etdirən bəzi faktlara və rəqəmlərə müraciət etmək yerinə düşər. 1970-1980-ci illərdə dahi rəhbər Heydər Əliyevin təşəbbüsü ilə respublikadan kənarda keçmiş Sovet İttifaqının 50-dən çox böyük şəhərinin 170-dən artıq ən məşhur ali məktəbində respublikaya ən zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gənc təhsil almışdır. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın iqtisadi inkişafını təmin edərək, milli kadrlar yetişdirərək ölkəmizi müstəqilliyə hazırlamış, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etmişdir.
Ulu öndər Heydər Əliyevin həyat yolu onun siyasi portretidir. Bu mənada ümummilli liderimiz Azərbaycan xalqının siyasi simasıdır, belə bir sima isə qədim mədəniyyətə malik, tarixi kökləri olan sivilizasiyalı xalqın içərisində formalaşa bilərdi. Yaşadığımız son iyirmi ilin hadisələri onun siyasi portret cizgilərinin tamamlanması və zənginləşməsi üçün kifayətdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yolu Azərbaycan dövlətçiliyinin bərpası və yüksəlişi, Azərbaycan xalqının milli tərəqqisi yoludur.
Lektoriyaya ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR