03 Yanvar 2025, Cümə

Dünən AMЕA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirilmişdir.
“Ulu öndər Heydər Əliyev və Naxçıvan” adlı konfransı giriş sözü ilə АMEА Nахçıvаn Bölməsinin sədri, аkаdemik İsmаyıl Hаcıyev açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar olaraq, AMEA Naxçıvan Bölməsində də silsilə tədbirlərin keçirildiyini qeyd etmişdir. Akademik bölmə əməkdaşlarının müxtəlif mətbu orqanlarda görkəmli dövlət xadimi Hеydər Əliyеvin mənalı həyatından, ictimai-siyasi fəaliyyətindən bəhs edən məqalələrinin çap olunduğunu və bu istiqamətdə tədbirlərin davam etdirildiyini bildirmişdir. O, bu günlərdə “Heydər Əliyev siyasəti tariximizdə və günümüzdə”, “Müstəqil Azərbaycan” adlı kitabların da geniş oxucu kütləsinə təqdim olunacağını vurğulamış, “Xəbərlər” jurnalının işıq üzü görən xüsusi buraxılışının da Azərbaycan xalqının ümummilli lideri Hеydər Əliyеvin əziz xatirəsinə ithaf olunduğunu qeyd etmişdir.

Akademik İsmayıl Hacıyev demişdir ki, Azərbaycan xalqının ikinci dövlət müstəqilliyinin ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev olmuşdur. Məhz ulu öndər Heydər Əliyevin böyük dühasının, dəmir siyasi iradəsinin, dövlətçilik qüdrətinin sayəsində Azərbaycan xalqı XX əsrin 90-cı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bildi və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etdi. Ona görə də dahi şəxsiyyət Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqilliyi ideyasının yaradıcısı, müstəqil dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəridir. Azərbaycana rəhbərliyinin birinci dövründə böyük gələcək ümidi ilə milli dövlətçilik naminə həyata keçirilən siyasi-ideoloji, tarixi-mədəni hadisələr ölkə­mizin müstəqil dövlətçiliyinin möhkəm əsaslarını, mühüm təməllərini təşkil edirdi. Bu mənada uzaqgörən siyasətçi, müdrik rəhbər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin etibarlı bünövrəsini yaratmışdır. Dahi rəhbər hələ keçmiş sovet rejimi dövründə bütün çətinliklərə baxmayaraq, ölkəmizdə milli istiqlal düşüncəsinin əsaslarını formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir vəzifəni böyük bacarıqla həyata keçirmişdir.
Tədbirdə ulu öndər Heydər Əliyevin Naxçıvanda olduğu illərdən bəhs edilərək qeyd olunmuşdur ki, blokadaya düşdüyündən həmişə çətin mərhələlərdən keçmiş regionu ulu öndər böyük uzaqgörənliklə xilas etməklə Naxçıvanın hərtərəfli inkişafında dərin izlər qoymuşdur.
Dahi rəhbər Heydər Əliyev ali dövlət vəzifələrində çalışmadığı dövrlərdə belə, Azərbaycan naminə xidmətlərini davam etdirmiş, 1990-cı il iyulun 22-də doğma Naxçıvana qayıdaraq bütün Azərbaycanın qurtuluş mübarizəsinə başçılıq etmişdir. Ulu öndərimizin rəhbərliyi ilə 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında tarixi qərarlar qəbul edilir, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülürdü. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin saxlanması ilə bağlı keçirilən referendumda muxtar respublikanın iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvandan başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.
“Regionların inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, – deyən akademik İsmayıl Hacıyev elmimizin inkişafı üçün müxtəlif illərdə dahi şəxsiyyət Heydər Əliyevin qəbul etdiyi qanun və qərarların əhəmiyyətindən danışmış, böyük öndərin tarixi sərəncamı ilə AMEA Naxçıvan Bölməsinin yaradılmasından bəhs etmişdir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və Naxçıvan tarixi məsələləri”, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıx­əliyevin “Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü”, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin “Dahi rəhbər Heydər Əliyev və Naxçıvanda elmin inkişafı”, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “Ulu öndər Heydər Əliyev – Naxçıvanın xilaskarı”, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyevin “Görkəmli dövlət xadimi Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişafı” mövzularında məruzələri dinlənilmişdir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR