Son günlər muxtar respublikamızda keçirilən müxtəlif məzmunlu tədbirlər bir-birini əvəz etməkdədir. Bu ərəfədə Naxçıvana gələn hər bir qonaqdan region haqqında təəssüratlarını soruşduqda gözlədiklərindən daha çox inkişafın və qonaqpərvərliyin şahidi olduqlarını gizlətmirlər. Elə muxtar respublikamızda “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda keçirilən seminarda iştirak edən əcnəbi qonaqlarla görüşüb söhbət edərkən də bu fikirlər bir daha öz təsdiqini tapdı. Seminarda iştirak edən qonaqlardan Naxçıvanda keçirdikləri iki gün ərzində gördükləri təbii-tarixi yerlər, görüşdükləri insanlarla apardıqları söhbətlər, muxtar respublikamızın ümumi ab-havası haqqında təəssüratlarını soruşduqda hərtərəfli inkişaf edən bir region haqqında həvəslə danışdılar. Seminar iştirakçısı, Almaniyadan olan hakim Tomas Melser Azərbaycanın bu regionuna səfər etdiyində gözlədiyindən daha gözəl bir regionla tanış olduğunu dedi. Layihə rəhbəri kimi ölkəmizin digər şəhərlərində də keçirilən tədbirlərdə iştirak etdiyini söyləyən alman qonaq Naxçıvanda məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirərək demokratik cəmiyyət quruculuğunda görülən işlər arasında bu sahənin də fəaliyyətinin vacibliyini xüsusilə qeyd etdi.
Digər bir əcnəbi qonaq Dr. Peter Yakob isə seminar müddətində naxçıvanlı hüquqşünaslar tərəfindən çoxlu suallar verildiyini ifadə edərək məhkəmə sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasında qanunvericiliyin tələblərinin yerinə yetirilməsində dünya təcrübəsinin daha dərindən öyrənilməsi işində fəallıq gördüyünü dedi. Qonaq hüquqşünas həmçinin Naxçıvandakı qaynar həyatdan, gülərüz insanlardan və yüksək təşkilati mədəniyyətdən də öz məmnunluğunu ifadə etdi.
Əli CABBAROV