Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinə adı qızıl hərflərlə yazılan dünya şöhrətli siyasi xadim Heydər Əliyev həm Azərbaycan xalqının böyük lideri kimi bir qərinəlik (1969-2003) siyasi fəaliyyəti dövründə, həm də həyatının bütün dönəmlərində ətrafındakıların diqqətini cəlb etmiş, dahiyanə uzaqgörənliyi, yüksək təşkilatçılıq istedadı, prinsipiallığı, cəsarəti, dözümlülüyü, sözünün kəsərliliyi, fenomenal yaddaşı və nitq qabiliyyəti, xarakterinin mənəvi zənginliyi, çoxlarının həsəd apardığı digər müsbət xüsusiyyətləri ilə milyonlarla insanı heyrətləndirmiş və onlara örnək olmuşdur. Məhz bu xüsusiyyətlərinə, xalqına, millətinə hədsiz dərəcədə bağlılığına görə dahi şəxsiyyət Heydər Əliyev xalqın ümummilli lideri səviyyəsinə yüksəlmiş və haqlı olaraq “Xalq-Heydər, Heydər-xalq” kəlamı yaranmışdır.
Bütöv mənalı həyatını və siyasi fəaliyyətini Azərbaycan xalqının inkişafına və tərəqqisinə həsr edən ulu öndər hansı vəzifədə olmasından, harada yaşamasından asılı olmayaraq, həyatı boyu yalnız Azərbaycanı düşünmüş, öz uzaqgörən siyasəti ilə Azərbaycanın bir neçə onilliklər sonrakı gələcək inkişaf strategiyasını müəyyənləşdirmişdir. Məhz bunun nəticəsidir ki, dağılmış sovet imperiyasının buxovlarından qurtarıb müstəqilliyinə qovuşan Azərbaycan dövləti çox da böyük müddət sayılmayan 20-22 illik zaman kəsiyində özünün hərtərəfli inkişaf tempi ilə nəhəng dünya dövlətlərinin diqqətini cəlb etmiş, dünyanın bir sıra beynəlxalq qurumlarında aparıcı söz sahibi kimi nüfuz qazanmışdır. Bu uğurların qazanılmasının əsas səbəbi bir tərəfdən Azərbaycanın iqtisadi qüdrətinin artması, sənayedə və aqrar sahədə məhsuldarlığın yüksəlməsi, neft sənayesindəki, enerji daşıyıcılarındakı böyük göstəricilər, elm, maarif, mədəniyyət, səhiyyə sahəsindəki böyük uğurlar, ölkənin hərbi qüdrətinin artması, yerli və xarici investisiya qoyuluşunun həcminin genişlənməsi, sosial həyatda baş verən yüksəlişlər və sair amillərdirsə, digər tərəfdən diqqəti cəlb edən ən əsas amil ölkədə ictimai-siyasi sabitliyin daimi nəzarətdə olması, dövlətçiliyin gündən-günə möhkəmlənməsidir. Bütün bunlar da yalnız Heydər Əliyev uzaqgörənliyi, heç bir analoqu olmayan Heydər Əliyev strategiyası sayəsində mümkün olmuşdur.
Hələ sovet imperiyası dövründə iqtisadi cəhətdən geridə qalan Azərbaycana rəhbərlik etdiyi 14 ilə yaxın müddət ərzində Azərbaycanı o vaxtkı SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev nəinki o vaxtkı sovet imperiyası daxilində, eyni zamanda bir çox dünya siyasətçiləri arasında diqqəti cəlb etmiş və onun şəxsiyyətinə maraq artmışdır. Elə bu maraq və belə nəhəng bir siyasi xadimə olan ehtiyac da dahi rəhbər Heydər Əliyevin Kremlə gətirilməsinə – sovet imperiyasının ən üzdə, ən diqqət mərkəzində olan simalarından birinə çevrilməsinə səbəb olmuşdur. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci mərhələsində də, siyasi fəaliyyətinin Moskva dövründə – Sov.İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi fəaliyyət göstərəndə də, müstəqil Azərbaycan dövlətinin Prezidenti olanda da, hətta Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışanda da dünyanın müxtəlif ölkələrindəki siyasi xadimlərin, dövlət və hökumət başçılarının, görkəmli şəxsiyyətlərin diqqətini cəlb etmiş, həmin şəxsiyyətlər xalqımızın ulu öndərinə öz münasibətlərini heyranlıqla, həsəd hissi ilə ifadə etmişlər. Dünya siyasətində görkəmli dövlət xadimi Heydər Əliyevin yerini, mövqeyini müəyyənləşdirmək niyyətində olan siyasətçilər onun barəsində maraqlı mülahizələr irəli sürmüşlər.
Amerika Birləşmiş Ştatlarının tarixində və tərəqqisində görkəmli siyasi xadim Corc Vaşinqtonun, İngiltərənin siyasi tarixində Uinston Çörçillin, Türkiyənin istiqlal mücadiləsində və cümhuriyyət quruculuğunda Mustafa Kamal Atatürkün xidmətləri və öz xalqlarının taleyində oynadıqları rol tarixdən yaxşı məlumdur. Maraqlıdır ki, xalqımızın ulu öndəri Heydər Əliyevin siyasi səhnədə fəaliyyətini uzun illər izləyən ABŞ-ın keçmiş konqresmeni Qreq Laflinin qənaəti “Heydər Əliyev Mərkəzi Asiyanın Corc Vaşinqtonudur”, Rusiya-Belarus İttifaq dövlətinin dövlət katibi Pavel Borodinin fikri “Dünya siyasi liderlərindən, bəlkə də, yalnız Heydər Əliyevi Uinston Çörçill ilə müqayisə etmək olar”, Türkiyənin keçmiş xarici işlər naziri, görkəmli diplomat Ərdal İnönünün qənaəti isə “Heydər Əlirza oğlu həyatdakı Atatürkdür” kimi olmuşdur.
Məlum olduğu kimi, bir neçə əsrlik dövlətçilik təcrübəsi olan ABŞ həmişə dünyanın aparıcı dövlətlərindən sayılmış, planetdə baş verən ictimai-siyasi proseslərdə bu ölkənin özü və müxtəlif zamanlarda fəaliyyət göstərmiş dövlət başçıları dünya siyasətinə müdaxilələri ilə diqqət mərkəzində olmuşlar. Maraqlıdır ki, ABŞ-ın keçmiş Prezidenti Corc Buş Heydər Əliyev şəxsiyyətinin böyüklüyünə, nəhəngliyinə heyranlığını gizlətməmiş, bu dahi şəxsiyyət haqqında fikirlərini belə ifadə etmişdir: – “Heydər Əliyevin şəksiz liderliyinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”.
ABŞ-ın digər sabiq Prezidenti, siyasət aləmində kifayət qədər təcrübəsi olan Bill Klinton isə Heydər Əliyev şəxsiyyətinə, onun siyasi çevikliyinə daha yaxından bələd olandan sonra səmimi şəkildə etiraf etmişdir ki, “Heydər Əliyev təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi xadimdir”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin kəşməkəşli həyat yolu, onun mübarizələr burulğanından qalib çıxmaq səriştəsi, öz xalqının xilaskarı missiyasını bacarıqla yerinə yetirməsi, iradəsi, səbri, dözümü, dəyanəti və digər müsbət xüsusiyyətləri çox siyasətçilərin diqqətini cəlb etmiş, onlara həyat dərsi vermiş, örnək olmuşdur: xüsusilə, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən gərgin ictimai-siyasi proseslər, ölkənin əyalətlərə parçalanma təhlükəsinin, qardaş qanı axıdılması vəziyyətinin qarşısının alınması, ölkədə ictimai-siyasi sabitliyin yaradılması, dövlətçiliyin möhkəmləndirilməsi və sair. Buna görə də həmin siyasətçilərin bir çoxu xalqımızın böyük oğlu Heydər Əliyevdən siyasət dərsi öyrənmiş, öz fəaliyyətlərində onun siyasi təcrübəsini, siyasi gedişlərini tətbiq etməyə səy göstərmişlər. Kalmıkiya Prezidenti Kirsan İlyumjinov yazırdı ki, “Heydər Əliyev gənc siyasətçilər üçün əfsanədir, qurub-yaratmaq, yenidən ayağa qalxmaq rəmzidir”.
Gərgin ictimai-siyasi proseslərdən qalib çıxıb Prezident seçilən, həmçinin xalqın liderinə çevrilən, həyatını bütövlükdə xalqına, onun daha işıqlı gələcəyinə həsr edən dahi şəxsiyyətin böyük siyasət nəhəngi kimi uğurlarını görən İrlandiyanın Bonndakı keçmiş səfiri P.Murfi yazırdı ki, “Bizim fikrimizcə, belə bir şəxsiyyət Qərbin istənilən ölkəsində prezident seçkilərində qalib gələ bilərdi”. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Heydər Əliyevi “Böyük siyasət nəhəngi”, Polşanın keçmiş Prezidenti Aleksandr Kvaznevski “Mərkəzi və Şərqi Avropada baş vermiş böyük dəyişikliyin əsas arxitektorlarından biri”, görkəmli Ukrayna yazıçısı Boris Oleynik “Dünya siyasətinin patriarxı”, Hindistanın Azərbaycandakı ilk səfiri Qacendra Sinqh “Siyasət şahmatının ustası”, dünya şöhrətli Qırğız yazıçısı Çingiz Aytmatov “Əfsanəvi şəxsiyyət”, Türkiyənin Mərmərə Qrupu Strateji Araşdırmalar Vəqfinin sədri Akkan Suver bu nəhəng siyasətçini “XX əsrdən XXI əsrə keçən bir xəzinə”, görkəmli rəssam, Rusiya Rəssamlıq Akademiyasının professoru Nikas Safranov isə “Min ildə bir dəfə doğulan tarixi şəxsiyyət və dünyanın ləl-cəvahiri” kimi qiymətləndirmişlər. Ömrünü Azərbaycan xalqına həsr edən və xalqın yolunda şam kimi əridən ulu öndər Heydər Əliyev Azərbaycan xalqını sevdiyi qədər xalq da onu sevirdi və hələ özünün sağlığında belə, xalqın rəmzinə, simvoluna çevrilmişdi. Danılmaz fakt və reallıqdır ki, milyonlarla adi, sadə insanlar onu bir dəfə də olsun görməyi, onunla ani təmasda olmağı arzulayıb bu anı həyatlarının ən xoş, yaddaqalan məqamı dəyərində xatırladıqları kimi, bir çox görkəmli şəxsiyyətlər və tanınmış simalar da ulu öndəri görməkdən, onunla təmasda olmaqdan iftixar hissi keçirir, bunu sonralar fəxrlə dilə gətirirdilər. Hətta onunla eyni dövrdə, eyni zamanda yaşamağı da qürurla etiraf edənlər olurdu. Ukrayna Prezidenti Viktor Yanukoviçin “Biz fəxr edirik ki, özümüzü Heydər Əliyevin müasirləri adlandıra bilərik” fikrini bu və ya digər şəkildə dünyanın ilk qadın kosmonavtı Valentina Tereşkova da, BMT-nin keçmiş Baş katibi Butros Butros Qali də, Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadze də, İnquşetiyanın keçmiş Prezidenti Ruslan Auşev də, Almaniyanın keçmiş federal kansleri Helmut Kol da, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də etiraf etmişlər. Hətta Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer çıxışlarının birində qeyd etmişdir ki, “Heydər Əliyev kimi görkəmli dövlət xadimi ilə görüşüb danışıqlar aparmaq böyük şərəfdir”.
Heydər Əliyev əzəmətinin, ucalığının əsasını onun Azərbaycana sevgisi təşkil edirdi. Buna görə ümummilli liderimiz Heydər Əliyevi çox yaxşı tanıyan, onun xarakterinə yaxından bələd olan Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nikolay Baybakov qətiyyətlə bildirmişdi ki, “Azərbaycanı və Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam tanımıram”. Elə öz xalqına, öz Vətəninə bağlılığın nəticəsi idi ki, ulu öndərə öz ölkəsində olduğu kimi, əksər xarici ölkələrdə də xüsusi hörmətlə yanaşır, ona təkcə bir ölkənin Prezidenti kimi yox, dünya siyasətinin ən böyük simalarından biri, çox böyük nüfuz sahibi kimi münasibət göstərirdilər.
ABŞ-ın keçmiş dövlət katibi, tanınmış siyasətçi Madlen Olbrayt dahi rəhbər Heydər Əliyevin ABŞ-a rəsmi səfərini görüb müşahidə edəndən sonra onun qənaəti belə olmuşdu: “ABŞ-da Heydər Əliyev qədər yüksək səviyyədə qarşılanan ikinci Prezident görməmişəm”.
Fransanın keçmiş Prezidenti Jak Şirak yazırdı ki, “Azərbaycanın bəxti onda gətirib ki, bu ölkəyə Heydər Əliyev kimi böyük siyasi iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, uzaqgörən və nüfuzlu dövlət xadimi rəhbərlik edir”. Bəli, bu, reallıqdır. O da reallıqdır ki, dünya siyasətində nəhəng sima kimi tanınan ulu öndərimiz Heydər Əliyev doğma Azərbaycanının özündən sonrakı inkişaf strategiyasını da müəyyənləşdirmiş, Azərbaycanın dünya arenasında sayılıb-seçilməsi, söz sahibi olması proqramını da müəyyən etmiş və müstəqil Azərbaycanın sükanını etibarlı əllərə tapşırmışdır. Məhz bu siyasətin uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan bugünkü uğurlara imza atmış və daha işıqlı sabahlara doğru Heydər Əliyev yolu ilə getməkdədir.
Vaqif MƏMMƏDOV
tarix üzrə fəlsəfə doktoru