Dünən Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans işə başlamışdır. Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın qurucusu kimi xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır. Qeyd edilmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İndi Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən sabit ölkəsinə çevrilmiş, beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur.
Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Zəhmət Şahverdiyev “Ulu öndər Heydər Əliyevin inkişaf strategiyası və müasir dövr”, Azərbaycan Dillər Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru Adil Babayev “Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycan dili siyasəti”, AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyev “Heydər Əliyev dilinin poetikası”, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli “Heydər Əliyevin elmi-nəzəri irsi əbədiyaşar təlimdir”, Naxçıvan Dövlət Universitetinin memarlıq ixtisası üzrə IV kurs tələbəsi, nigeriyalı Antoni Mokvunye “Görkəmli dövlət xadimi Heydər Əliyev böyük tarixi şəxsiyyətdir” mövzularında məruzələr etmişlər.
Sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş konsert olmuşdur.
Qeyd edək ki, elmi konfrans öz işini bu gün keçirilən “Heydər Əliyev və milli ideologiyanın formalaşması”, “Heydər Əliyev və Azərbaycan tarixi problemləri”, “Heydər Əliyev və Azərbaycanın sosial-iqtisadi inkişafı”, “Ümummilli liderin irsində milli dil və ədəbiyyat məsələləri” adlı bölmə iclaslarında davam etdirir.
Xəbərlər şöbəsi