Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın gözlərini işıqlı dünyaya açmasından 90 il ötür. Kim bilir, bəlkə də, o, gözlərini dünyaya elə gələcəkdə yüzlərlə, minlərlə insanın gözləri dünya işığına həsrət qalmasın deyə açmışdı. Adı VƏTƏNİNİN tarixinə qızıl hərflərlə yazılmış 3 dahi insanın – görkəmli alim və dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı və müstəqil Azərbaycanı yeni inkişaf mərhələsinə çıxaran Prezident İlham Əliyevin anası olmaq bir qadın üçün böyük xoşbəxtlikdir.
1923-cü il aprelin 28-də Şahtaxtı kəndində dünyaya göz açan Zərifə xanım Əliyeva həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə keçirmişdir. Belə bir mühitdə böyüyən Zərifə xanımın xarakterində Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətləri cəmləşmişdir. Adında əks olunan zəriflik qədər zərif, dünyaya göz açdığı Naxçıvan qədər möhkəm iradəli və əyilməz, nəğməsini dinləyərək böyüdüyü Araz qədər şən və mehriban olmaq Zərifə Əliyevanın xarakterinin əsas cizgilərini təşkil edirdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi. Onun xatirəsi bizim qəlbimizdə, bizim ailənin bütün gələcək davamçılarının qəlbində əbədi yaşayacaqdır”.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə bu institutu əla qiymətlərlə bitirmişdir. Məhz həmin dövrdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona qarşı təsirli müalicə üsulları isə yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Amma ağır xəstəliklə mübarizədə bu, kifayət deyildi. Respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını və profilaktika tədbirlərini işləyib hazırlamaq tələb olunurdu. Zərifə xanım da işıqsız gözlərə nur paylamaq, dünya işığına həsrət qalan insanlara həyat eşqini qaytarmaq arzusunda idi.
Bu arzu onu Moskva şəhərinə aparır və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnir. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdır. 1949-cu ildən Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayan alim 1950-ci ildə aspiranturaya daxil olaraq elmi axtarışlarını davam etdirir. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini traxoma infeksion xəstəliyinin müalicəsinə həsr edir.
Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım Əliyeva bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar qazanır. Görkəmli alim tədqiqat işini traxomanın müalicəsi ilə bağlı məsələlərə, bir az da dəqiq desək, traxomanın müalicəsində və onun ağırlaşdığı hallarda daha təsirli vasitələrin öyrənilməsinə, o dövr üçün yeni olan antibiotikdən – sintomisindən istifadə olunmasına həsr edir. Bu dövrdə Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını gəzərək xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdi. Uğurlu tədqiqatların nəticələri Zərifə Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilərək xəstəliklə mübarizədə müsbət nəticələr alınmışdır. Traxoma xəstəliyinin öyrənilməsi və müalicəsi üzrə elmi işləri yekunlaşdırdıqdan sonra Zərifə xanım oftalmologiya elmi üçün vacib olan digər istiqamətlərdə tədqiqatlar aparmağa başlamış, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri də aparmışdır.
1960-cı ildən 1967-ci ilədək Zərifə Əliyeva Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya ixtisası üzrə böyük elmi işçi” adı vermişdir. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Bu dövrdə Zərifə xanım həkimlik fəaliyyəti ilə məşğul olaraq, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələrə məsləhətlər verir, üstəlik onun fəaliyyəti yalnız öz klinikasına qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını və şöbələrini əhatə edirdi. Bununla yanaşı, o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparırdı.
Tibbi təcrübə və kadr hazırlığı məsələləri ilə çox ciddi məşğul olmasına baxmayaraq, Zərifə Əliyeva elmi-tədqiqat işlərinin davam etdirilməsinə böyük əhəmiyyət verirdi. Həmin dövrdə o, oftalmologiyanın bir sıra aktual məsələlərinə diqqət yetirirdi. Bu məsələlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası daha çox cəlb edirdi. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin, demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 1968-ci ildən başlayaraq Zərifə xanım Əliyeva məqsədyönlü şəkildə görmə orqanının patologiyası ilə məşğul olmağa başlamış, yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə ciddi diqqət yetirmişdir. Zərifə xanım Əliyeva bu problem üzərində iş apararkən çox vaxt bilavasitə sənaye müəssisələrində olmuş, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirmişdir. Bununla yanaşı, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə xanım Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, 1977-ci ildə ona tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Həmin il Zərifə Əliyevanın təklifi ilə Bakı şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Belə bir tədbir Bakıda ilk dəfə keçirilirdi və təbii ki, böyük təşkilatçılıq bacarığı, zəngin təcrübə tələb edirdi. Bu plenumun keçirilməsi həm Azərbaycanda, həm də keçmiş ittifaqın ən yaxşı akademik müəssisələrində oftalmologiya xidmətinin inkişafında, habelə elmi-pedaqoji kadrların hazırlanmasında müstəsna rol oynamışdır.
Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası yaradılması barədə professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü dəstəkləmişdir. 1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda Zərifə xanımın təşəbbüsü və təşkilatçılığı ilə yaradılan həmin laboratoriyada az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparılmışdır. Elmi araşdırmalar nəticəsində Zərifə xanım Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirmişdir.
Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Elə ilk gündən Zərifə Əliyeva ətrafına istedadlı gənc həmkarlarını toplayaraq kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil etmişdir. Amma kafedranın mövcud bazası elmi tədqiqatların keçirilməsi tələblərinə cavab vermirdi. Təşəbbüs göstərmək lazım gəlirdi və Zərifə Əliyeva bu problemin həlli yolunda bir sıra konkret addımlar atmışdır.
Zərifə Əliyevanın elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətə yaxşı məlumdur. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri, məsələn, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyiktivləri” və sair məhz bu məsələlərə həsr olunmuşdur. Həmin dövrdə Zərifə xanım qlaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərinə həsr olunmuş maraqlı tədqiqatlar aparmışdır. Gərgin tədqiqatlar nəticəsində o, bir sıra elmi məqalələr və iki monoqrafiya – “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” və “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” monoqrafiyalarını çap etdirmişdir. Zərifə Əliyeva həm də gözün zədələnməsinin profilaktikası və müalicəsi imkanlarını öyrənmişdir. Bir sıra elmi işlərində o, görmə orqanı zədələndikdə mövcud olan cərrahiyyə əməliyyatları üsullarını araşdırmış, həmin üsulların təkmilləşdirilməsi üçün bir sıra faydalı tövsiyələr işləyib hazırlamışdır. Bu tövsiyələr cərrahiyyə əməliyyatına məruz qalan zədələnmiş görmə orqanının müalicəsini xeyli yüngülləşdirmişdir.
Görkəmli alimin bir sıra elmi işləri görmə orqanında bədxassəli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktiologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitabdır. Alimin zəngin pedaqoji, elmi və əməli təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün böyük əhəmiyyət kəsb edir.
Görkəmli alimi həkim etikası və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Zərifə xanımın çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Alimin həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.
Zərifə xanımın çoxşaxəli elmi fəaliyyəti hələ sağlığında öz qiymətini almışdır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd olunmalıdır ki, professor Zərifə Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə isə görkəmli alim Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Bununla yanaşı, akademik geniş ictimai fəaliyyətinə görə keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş ittifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuş, bir sıra orden və medallara layiq görülmüş, “Azərbaycanın əməkdar elm xadimi” fəxri adını almışdır. Zərifə xanım Əliyevanın 90 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 7 fevral tarixli Sərəncamı alimin keçdiyi şərəfli həyat yoluna və dolğun elmi fəaliyyətinə ən layiqli qiymətdir.
Elmi və ictimai fəaliyyəti ilə yanaşı, Zərifə xanım Əliyeva eyni zamanda qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı idi. O, ümummilli liderimiz Heydər Əliyevlə birlikdə qəlblərində daim Vətən sevgisi yaşadan, xalqı üçün çalışan övladlar böyütmüşdür. Görkəmli alimin qəlblərdə yaşayan xoş xatirəsini və xidmətlərini xalqımız daim minnətdarlıq hissi ilə xatırlayır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu böyük şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salarkən aydın görmək mümkündür ki, elmi tədqiqatların bacarıqlı təşkilatçılığı, dərin elmi düşüncə və parlaq pedaqoji istedad onun şəxsində üzvi surətdə qovuşmuşdur. Böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, məşğul olduğu sahələrin hamısı Zərifə xanımın istedadı və fədakarlığı sayəsində aparıcı istiqamətə çevrilmiş və bir nümunə səviyyəsinə qalxmışdır. Bu gün istisnasız olaraq demək mümkündür ki, Zərifə xanım Əliyeva həm həkimliyin, həm alimliyin, həm pedaqoqluğun, bunlarla yanaşı isə həm də insanlığın ali zirvəsinə yüksəlmişdir”.
“Şərq qapısı”