Sədərək Rayon Mədəniyyət və Turizm Şöbəsi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət Evinin foyesində ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgiyə tamaşa etmişlər.
Sonra Sədərək Kənd Mərkəzinin iclas zalında davam etdirilən tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Novruz Cabbarov giriş sözü ilə açaraq bildirmişdir ki, bütün mənalı ömrünü Vətənin tərəqqisinə həsr etməklə ümummilli liderimiz Heydər Əliyev bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz ulu öndərimizin müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Vurğulanmışdır ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Respublikamız müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var. Görkəmli dövlət xadiminin söylədiyi “Yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək” fikri bu gün hər birimizin əməli fəaliyyətinin əsas xəttinə çevrilmişdir.
Şöbə müdiri diqqətə çatdırmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqının yekdil iradəsi ilə hakimiyyətə gəldiyi andan ümummilli liderimiz Heydər Əliyevin kursunu öz siyasi kursu elan etmiş və bu kurs hazırda uğurla davam etdirilir. Yeni əsrin yeni lideri İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafı, xalqımızın firavanlığı, müstəqilliyimizin möhkəmləndirilməsi, mədəniyyətimizin daha da zənginləşdirilməsi naminə fəaliyyəti cəmiyyətimizin hər bir üzvünün sabahkı günə inamını daha da artırır.
Mərasimdə rayon Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları Bayram Səlimli, Sahib Cəfərov və başqaları çıxış etmişlər. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Vaxtı ilə qadağalara məruz qalan, yasaq olunan milli və dini bayramlarımız, adət və mərasimlərimiz məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müdrikliyi sayəsində xalqımıza qaytarılmışdır. Ulu öndər hər il Novruz bayramı günlərində əhali ilə bayramlaşmağa çıxır, insanların sevincinə tükənməz sevgi, fərəh qatır və bununla da böyük fəxr duyurdu. O unudulmaz günlər xalqımızın hafizəsində daim yaşayacaqdır.
Cəfər ƏLİYEV