Naxçıvan Qızlar Liseyinin şagirdləri üçün Heydər Əliyev Muzeyində açıq dərs keçilmişdir. Əvvəlcə muzeyin yaranma tarixi, onun zəngin eksponatları haqqında şagirdlərə ətraflı məlumat verilmişdir. Sonra məktəbin tarix müəllimi Səkinə Abdullayeva “Milli dövlət quruculuğunun banisi” mövzusunda danışaraq demişdir ki, işıqlı əməlləri, ölməz xatirəsi həmişə bizimlə olan, Günəş kimi Azərbaycanı əbədi nura qərq edən ulu öndərimiz Heydər Əliyevin adı ilə daim öyünməyə haqqımız vardır. Tarixi yaradan çox böyük şəxsiyyətlərdən olan ulu öndər Heydər Əliyev bütün həyatını canından artıq sevdiyi xalqının xoşbəxtliyinə, Azərbaycanın tərəqqisinə həsr etmişdir. Müasir tariximizin 40 ildən çox bir dövrü bu böyük insanın, unudulmaz şəxsiyyətin adı ilə bağlıdır. Ulu öndərimiz hələ sovet dövründə zamanın imkanlarından istifadə edərək ölkəmizin gələcək müstəqilliyinin əsasını qoymuşdur. 1991-ci ildə əldə etdiyimiz müstəqilliyin əsası XX əsrin 70-80-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1990-cı il iyulun 22-də tale ulu öndər Heydər Əliyevi Vətənə göndərməklə Naxçıvanı və bütövlükdə Azərbaycanı böyük bəlalardan hifz elədi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi gərgin fəaliyyəti dövründə Ermənistanın blokadaya saldığı, Bakının isə taleyin ümidinə buraxdığı tənha adanı xatırladan Naxçıvanda ulu öndərimizin rəhbərliyi ilə mühüm qərarlar qəbul edilir, xalqın inamı özünə qayıdırdı. Tanrı ulu öndəri bu regiona göndərməklə Naxçıvanı işğal olunmaq, əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etmişdir. Həmin vaxt Bakıda ictimai və siyasi xaos hökm sürürdü. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmiş, milli dövlətçiliyimiz çətin sınaqlara məruz qalmışdı. Məhz belə bir böhranlı vaxtda, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin misilsiz fədakarlığı, müdrik və uzaqgörən siyasəti sayəsində müstəqilliyi qorumaq, onun bünövrəsini möhkəmləndirmək, düzgün, təhlükəsiz istiqamətə yönəltmək mümkün olmuşdur. Ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə dövlətçiliyin təməl prinsipləri yaradılaraq möhkəmləndirilmiş, müstəqil Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrilmişdir.
Bu gün Azərbaycanın qazandığı uğurlar dünyanın diqqət mərkəzindədir. Ölkə Prezidenti cənab İlham Əliyevin yeritdiyi daxili və xarici siyasət xətti demokratik inkişaf prinsiplərinin tələblərinə, insan hüquqlarının qorunmasına tam təminat verir. Ümummilli lider Heydər Əliyevin yolu ilə gedən doğma Azərbaycanımızın hər günü sosial-iqtisadi həyatda əldə olunmuş mühüm dəyişikliklərlə yadda qalır.
Ulu öndərin quruculuq xətti muxtar respublikamızda da uğurla davam etdirilir. Bu gün diyarımızda genişmiqyaslı quruculuq, abadlıq işləri aparılır, yeni emal, sənaye müəssisələri istifadəyə verilir, yeni iş yerləri açılır, əhalinin sosial rifahı yaxşılaşdırılır. Böyük öndərin miras qoyub getdiyi siyasi xətt, ideologiya o qədər bəşəri, o qədər yaşarıdır ki, artıq Azərbaycan xalqının taleyində əvəz edilməyəcək bir ictimai düstura çevrilmişdir. Elə Heydər Əliyev böyüklüyü, Heydər Əliyev dühasının təntənəsi də məhz bundadır. Onun göstərdiyi yol alternativsizdir. Nə qədər ki müstəqil Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndərimiz Heydər Əliyev də var olacaqdır.
Sonda liseyin şagirdləri muzeyin eksponatları ilə tanış olmuşlar.
Xəbərlər şöbəsi