03 Yanvar 2025, Cümə

Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. 2001-ci ildən başlayaraq hər il aprelin 26-sı Azərbaycanda da “Ümumdünya Əqli Mülkiyyət Günü” kimi qeyd edilir.
Azərbaycanda əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, əqli mülkiyyətin qorunması və inkişafına diqqət artırılmış, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. Ölkəmizdə 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Azərbaycan 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olduqdan sonra Avrasiya Patent Konvensiyasına qoşulmuş və Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur. 2001-ci ildə Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv olan 180 dövlət içərisindən təşkilatın 42 koordinator ölkəsinin siyahısına daxil edilmişdir.

Azərbaycanda sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, ölkəmizin iqtisadi inkişaf tempi əqli mülkiyyət sisteminin uğurlu fəaliyyətinə təminat yaratmışdır. Azərbaycan əqli mülkiyyət hüquqlarının qorunması sahəsində beynəlxalq sistemə uğurla inteqrasiya olunmuş, təyinatından, dəyərindən və məzmunundan asılı olmayaraq, yaradıcı­lıq fəaliyyətinin nəticəsi olan elm, ədəbiyyat və incəsənət əsərlərinin qorunmasına hüquqi zəmin yaradılmışdır. Ümumilikdə, əqli mülkiyyət sahəsi, həmçinin patent, ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilər ölkəmizdə Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılmış qanun və normativ sənədlərlə tənzimlənir. 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması isə bu sahədə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirmişdir. 
Biliklərin və mədəniyyət funksiyalarının köklü şəkildə dəyişməsi, əqli fəaliyyət nəticələrinin iqtisadiyyatda mühüm amilə çevrilməsi əqli mülkiyyət hüquqlarına marağı daha da artırmışdır. Əqli mülkiyyətin qorunması milli-mədəni irsin, milli özünəməxsusluğun və adət-ənənələrin yaşadılmasının mühüm şərtlərindən biri hesab olunur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son 10 ildə həyata keçirilən uğurlu siyasət nəticəsində əqli mülkiyyət sisteminin fəaliyyətinə təminat yaradılmış, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqları sahəsi prioritet istiqamətlərdən birinə çevrilmişdir. Dövlət başçısının “Müasir dünya sivilizasiyasının tərəqqisində insan kapitalı və intellekt yeni keyfiyyət amili kimi həlledici əhəmiyyət daşıyır. Hər bir dövləti rifah və yüksəlişə aparan yol elm və innovasiyalara əsaslanan inkişafdan keçir...” fikirləri müasir dövrdə əqli mülkiyyətə əsaslanan inkişafın əhəmiyyətini bir daha təsdiq edir.
Əqli mülkiyyət sahəsində dövlət siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Muxtar respublikamızda qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada vətəndaşın, yaxud hüquqi şəxsin intellektual yaradıcılığının nəticələrinə, məhsullara, yerinə yetirilən iş və xidmət növlərinə, firma adı, əmtəə nişanı, xidməti nişan və sairəyə dair əqli mülkiyyət nəticələri müstəsna hüquqlar kimi qorunur. Patent sistemi vasitəsilə əmtəə nişanları və coğrafi göstəricilər, ixtiralar, faydalı modellər, sənaye nümunələrinə dair iddia sənədlərinin qəbulu və ekspertizası həyata keçirilir, dövlət reyestri aparılır. Əqli mülkiyyətə əsaslanan sahələrin təmsilçiləri xalqımızın ən dəyərli sərvətinin – onun intellektual potensialının inkişaf etdirilməsi, əqli potensialın, milli mədəniyyətimizin, zəngin mənəvi dəyərlərimizin gələcək nəsillərə aşılanması işində yaxından iştirak edir, intellektual mülkiyyətin inkişafına yönəlmiş ardıcıl tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi əqli mülkiyyət hüquqlarının qorunması sahəsində üzərinə düşən vəzifələri mövcud qanunvericiliyin tələblərinə uyğun qurur. Fəaliyyəti dövründə komitəyə ixtiraya dair iddia sənədinin qeydiyyata alınması üçün 60, sənaye nümunəsinə dair 86, faydalı modelə dair isə 4 müraciət daxil olmuş və dövlət ekspertizası aparılmışdır. Ekspertiza zamanı qüvvədə olma müddəti 20 il olmaqla, 21 ixtiraya, həmçinin qüvvədə olma müddəti 10 il olmaqla, 22 sənaye nümunəsinə və 1 ədəd faydalı modelə patentin verilməsi təmin edilmiş, əmtəə nişanlarına mühafizə sənədi almaq üçün 1353 iddia sənədi daxil olmuşdur ki, bunlardan da qüvvədə olma müddəti 10 il olmaqla, 665 şəhadətnamə dövlət reyestrində qeydiyyata alınaraq sahibkarlara verilmişdir. Məlumat bankının elektron sisteminin yaradılması məqsədilə 1927-ci ildən 2012-ci ilədək Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş 25 min 378 ədəd əmtəə nişanının elektron variantda yığılması təmin edilmişdir. Yeni qeydiyyata düşən əmtəə nişanlarının məlumat bankına əlavə edilməsi işləri isə mütəmadi olaraq davam etdirilməkdədir.
“Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Reklam yayımına icazə (razılıq) verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına və Azərbaycan dilinin orfoqrafiya qaydalarına əsasən, müstəsna hüququ olmayan əmtəə nişanlarından, xarici dildə yazılan reklamlardan istifadənin qarşısının alınması məqsədilə muxtar respublika ərazisində aparılan monitorinqlər zamanı xarici dildə yazılan qanunsuz reklam üsullarından istifadənin, reklamına yol verilməyən dərman vasitələrinin reklam lövhəsindən istifadənin, əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması məqsədilə tədbirlər görülmüşdür. 2012-ci il ərzində muxtar respublika ərazisində aparılan yoxlamalar zamanı 641 təsərrüfat subyektində 1754 ədəd xarici dildə yazılan qanunsuz reklam üsullarından istifadənin qarşısı alınmışdır.

Muxtar respublikamızda əqli mülkiyyətin inkişaf etdirilməsi, ixtiraların istehsalatda tətbiqinə və alınmış patentlərin beynəlxalq mühafizəsinə nail olmaq üçün həyata keçirilən tədbirlər davam etdirilir. Bu da əqli mülkiyyət sahiblərinin hüquqlarının qorunmasına, insanların intellektual potensialının inkişafına xidmət edir.

Naxçıvan Muxtar Respublikası 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR