Bu fikirlər Sədərək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilmişdir
Martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirədə verilən tapşırıqların icrası ilə əlaqədar dünən Sədərək rayonunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov açaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə muxtar respublika rəhbəri tərəfindən qarşıya qoyulan vəzifələrdən danışmışdır. Bildirmişdir ki, şəhər və rayon İcra hakimiyyətlərinin qısa müddətdə idman federasiyalarının şəhər və rayon şöbələrinin yaradılmasına nail olması, müxtəlif idman yarışlarının təşkili və keçirilməsini təmin etməsi, gənc idmançıların hazırlanması, yerlərdəki idman qurğu və obyektlərindən səmərəli istifadəyə diqqətin artırılması həmin vəzifələr sırasındadır. Bugünkü tədbirin keçirilməsində də məqsəd qarşıya qoyulan vəzifələrin qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsi yollarının müzakirəsi, konkret istiqamətlərin müəyyənləşdirilməsidir.
Qeyd edilmişdir ki, Sədərək rayonunun ümumtəhsil məktəblərinin müasir idman zalları ilə təmin edilməsi, zallarda idman qurğularının şagirdlərin istifadəsinə verilməsi bölgədə idman və bədən tərbiyəsinin kütləviliyinə geniş imkanlar açmışdır. Eyni zamanda rayon mərkəzi Heydərabad qəsəbəsində yeni Şahmat Məktəbinin istifadəyə verilməsi və burada lazımi şəraitin yaradılması gənclərdə, uşaq və yeniyetmələrdə idmanın bu növünə marağın güclənməsinə səbəb olmuşdur.
Tədbirdə muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının rayonda yaradılan şöbələri barədə məlumat verilmiş, onlara təyin olunan rəhbərlərin adları açıqlanmış, rayon Gənclər və İdman İdarəsi ilə birgə həmin idman şöbələrinin tədbirlər planı təsdiq olunmuşdur.
Vurğulanmışdır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar 2013-cü il muxtar respublikada “Heydər Əliyev ili” elan edilmişdir. “Heydər Əliyev ili” çərçivəsində ulu öndərin 90 illik yubileyinə həsr olunmuş idman yarışları keçirilməli, bu iş bütün il boyu davam etdirilməli, daha yüksək nailiyyətlər qazanmaq üçün rayon idmançıları və aid təşkilatlar səylə çalışmalıdırlar.
Müzakirə olunan məsələ ilə əlaqədar rayon Təhsil Şöbəsinin müdiri Nadir Quliyev, Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Yusif Həsənov, Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Elman Əliyev çıxış edərək Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə həyata keçirilməsi üçün bütün qüvvələrini səfərbər edəcəklərini bildirmişlər.
Tədbirə rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov yekun vurmuşdur.
Xəbərlər şöbəsi