Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin Əsas Qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli Sərəncamından
Bütöv bir xalqın, ölkənin gələcək taleyini həll edən taleyüklü qərarların qəbul edilməsində, dövlət müstəqilliyinin qorunub saxlanmasında, milli qanunvericilik bazasının demokratik dəyərlər əsasında formalaşdırılmasında lider amili mühüm rol oynayır. Xüsusi idarəçilik keyfiyyətlərinə, hadisələri qabaqlayaraq onun gedişinə təsir göstərmək bacarığına malik olan liderin üzərinə daha böyük məsuliyyət düşür. Bu mənada xalqımızın ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycanı çox çətin sınaqlardan müvəffəqiyyətlə çıxarmış, ölkənin tarixi ənənələri ilə müasirliyin uğurlu vəhdəti əsasında demokratik dəyərlərə söykənən yeni inkişaf strategiyasının əsasını qoymuşdur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində böyük missiyası ağır şəraitdə müstəqilliyimizə nail olmağa, hüquqa, qanunçuluğa, ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymağa xidmət etmiş və onun 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda yeni müstəqil dövlət quruculuğu səhifəsi açılmışdır. Dahi rəhbər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı üzləşdiyi təhlükələrdən qurtarmaqla qalmamış, ulu öndərimizin bilavasitə rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi, hüquqi, mədəni, sosial sahələrdə çoxşaxəli islahatlar həyata keçirilmiş, ən dəyərli milli sərvət hesab olunan müstəqilliyin əbədiliyi, dönməzliyi, sarsılmazlığı təmin edilmişdir. Ümummilli lider həmin illərdə Azərbaycanı yalnız parçalanmaqdan, dövlət çevrilişlərindən, özbaşınalıqlardan xilas etməmiş, həm də xalqımıza yeni, firavan, ildən-ilə gözəlləşən müstəqil Azərbaycan dövlətini bəxş etmişdir. Əldə olunan nailiyyətlərin qazanılması isə məhz mürəkkəb tarixi prosesləri düzgün qiymətləndirən görkəmli dövlət xadimi Heydər Əliyevin fitri istedadı, qətiyyətli addımları sayəsində mümkün olmuşdur.
İctimai həyatın müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına səy göstərən, bunu xalq-dövlət münasibətlərinin əsas amilinə çevirən ulu öndər Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir. Müasir tarixi keçmişimizə nəzər salsaq görərik ki, məhz fenomenal şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar yolu keçmiş, nəticədə, keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən qurulmuşdur.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını labüd edən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu siyasətini diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev bu istiqamətdə mühüm islahatların həyata keçirilməsini təmin etmiş, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü nitqlərində dəfələrlə vurğulamış, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyətinin və səviyyəsinin artırılmasının vacibliyini bildirmişdir.
Ulu öndərin rəhbərliyi altında Azərbaycanda hüquqi islahatların başlanmasına təkan verən ən əlamətdar hadisələr 1993-cü ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 10 fevral 1998-ci il tarixdə ölüm cəzasının tam ləğvi olmuşdur.
Hüquqi sahədə görülən işlərdən, həyata keçirilən islahatlardan söhbət açarkən ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk milli Konstitusiyası barədə xüsusi danışmaq lazımdır. Konstitusiyanın qəbul edilməsi xalqımızın həyatında və dövlətçiliyimizin qurulmasında yeni bir mərhələnin başlanğıcı olmuş, respublikada dövlət quruculuğu sahəsində yeni imkanlar açmışdır. Azərbaycanda milli Konstitusiyanın hazırlanması, qəbul edilməsi, konstitusion quruluşun bərqərar edilməsi böyük uğur idi. 1995-ci ilin iyulunda xalqımızın böyük oğlu Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edilmişdir. Ulu öndərin rəhbərliyi altında hazırlanan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsasını qoymuşdur. Azərbaycan müstəqil dövlət kimi demokratiklik, hüquqilik, dünyəvilik prinsiplərinə əsaslanaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmiş və bununla da, Konstitusiya respublikamızın gələcək inkişaf konsepsiyasını müəyyən etməklə hüquqi islahatların bazisinə çevrilmişdir. Bu ali sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında bütün hüquqların, azadlıqların və vəzifələrin bütöv və vəhdət halında öz əksini taparaq bir-birini tamamlamasıdır. Təsadüfi deyil ki, keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya 12-ci maddədə təsbit olunan bu deklarativ norma ilə kifayətlənməyərək 71-ci maddədə insan və vətəndaş hüquq və azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirmişdir.
Üçdəbir hissəsi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunan Əsas Qanunun III fəslində bütün növ – şəxsi, siyasi, sosial-iqtisadi, mədəni və prosessual insan haqları öz əksini tapmışdır.
Konstitusiyanın qəbulundan sonra hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması məqsədilə ulu öndər Heydər Əliyev bir sıra mühüm qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılmış, komissiyanın hazırladığı “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Notariat haqqında” və sair qanunlar qəbul olunmuşdur.
Qanunvericilik sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi, ölkəmizdə 1997-2002-ci illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasından qaynaqlanan bir sıra məcəllələr – Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Ailə, Əmək və sair məcəllələr qəbul edilmişdir.
Böyük öndər ədаlətli idаrəçilik sistеmi yаrаtmаdаn cəmiyyətin dövlətə еtimаd və inаmının fоrmаlаşdırılmаsını qеyri-mümkün hеsаb etmiş, bunun üçün, ilk növbədə, məhkəmə-hüquq sistеmində dövrün tələblərinə cаvаb vеrən əsaslı mütərəqqi islаhаtlаrın аpаrılmаsına başlamışdır. Bunun nəticəsidir ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Əsas Qanunda hakimlərin müstəqilliyi və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri müəyyən olunmuşdur.
Konstitusiyanın qəbulundan sonra 1998-ci ildə respublikada ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmış, məhkəmə-hüquq islahatları sayəsində 2000-ci ildən əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat verən yeni üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamış, eləcə də 2004-cü ildə məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası təsis edilmişdir.
Ardıcıl olaraq aparılan məhkəmə-hüquq islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə orqanları sisteminin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkil olunması, cinayət və mülki mühakimədə ədalətlilik, qanunçuluq prinsiplərinin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması idi.
Humanizm prinsiplərinə hər zaman sadiq qalan ulu öndər Heydər Əliyev hələ 1995-ci ildə Azərbaycanda əfv və amnistiya institutunu təsis etmişdir. Təkcə 1995-2003-cü illərdə 7 amnistiya aktı və 32 əfv fərmanının qəbuledilmə faktına nəzər salsaq görərik ki, bu amnistiya aktları 77 mindən çox insana şamil olunmuşdur. Ulu öndər tərəfindən imzalanan əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzadan azad edilmişdir. Bütün bunlar ümummilli liderin insan amilinə verdiyi yüksək qiymətin ən bariz nümunəsidir.
1998-ci il fevralın 22-də “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanın imzalanması, 1999-cu il dekabrın 12-də bələdiyyələrə ilk seçkilərin keçirilməsi ilə bələdiyyə institutunun formalaşdırılması, Azərbaycanın bir sıra beynəlxalq hüquqi sənədlərə qoşulması, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatının yaradılması Azərbaycanın hüquqi müstəvidə demokratik dəyərlərə, insan hüquqlarına sadiq olan ölkə kimi dünya miqyasında nüfuzunu daha da artırmış, respublikamızın hüquqi dövlət quruculuğu yolunda inamla irəlilədiyini bir daha sübuta yetirmişdir.
“Biz Azərbaycan dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq”, – deyən ümummilli liderimiz Heydər Əliyev dövlət quruculuğunu, demokratiyanın inkişafını, ölkədə əmin-amanlıq, asayiş və sabitliyin sarsılmaz təməllər üzərində daimi dayanıqlılığına nail olmaqdan ötrü qanunçuluğun möhkəmləndirilməsini, dövlətçiliyin, milli-mənəvi dəyərlərin qorunmasını, elm, mədəniyyət və iqtisadiyyatın daha sürətli, səmərəli və məqsədli inkişafını, ölkə əhalisinin maddi-rifah halının daha da yaxşılaşdırılmasını, bir sözlə, bütün məsələləri bizim üçün əlçatmaz olan zirvədən böyük müdriklik və uzaqgörənliklə həll etmişdir.
Bütün həyatını öz xalqına və Vətəninə bəxş edən əbədiyaşar xilaskar Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi bu gün müstəqil Azərbaycan dövlətinin mövcud olmasıdır. Hazırda Azərbaycanda hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ictimai həyatın bütün sahələrini əhatə edən demokratikləşmə, dövlətin əbədi yaşaması, rifahı naminə ulu öndər Heydər Əliyevin üzərinə götürdüyü missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirərək qanunun aliliyinin təmini, humanist, bəşəri dəyərlərin bərqərar olması naminə misilsiz işlər görməkdədir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident cənab İlham Əliyevin səylə həyata keçirdikləri islahatların sayəsində Azərbaycan qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya magistralında uğurla və sürətlə irəliləyir, demokratik dəyərləri mənimsəyir və bu gün hərtərəfli inkişaf edərək siyasi-hüquqi və iqtisadi baxımdan qüdrətli dövlətə çevrilir.
Yunis XƏLİLOV
Naxçıvan Muxtar Respublikasının
Ali Məhkəməsi Aparatının rəhbəri