03 Yanvar 2025, Cümə

Aprel ayının 23-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının hakimləri üçün başlanan “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda 2 günlük seminar-müşavirə dünən başa çatmışdır. Seminar-müşavirənin ikinci günü Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov dinləniləcək çıxışlar barədə məlumat verdikdən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin “Azərbaycanda Mülki Prosessual Məcəllənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktika­sındakı problemlər”, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyevin “Naxçıvan Muxtar Respublikasının məhkəmələri tərəfindən Mülki Prosessual Məcəllənin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı”, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə layihə rəhbəri, alman hakim Tomas Melserin “Azərbaycanda mülki prosesin aktual problemləri: alman baxışı” mövzularında çıxışları olmuşdur.
Çıxışlarda Mülki Prosessual Məcəllənin məhkəmələr tərəfindən tətbiqi zamanı ortaya çıxan problemlərin həlli yolları, müxtəlif məsələlərlə əlaqədar vahid məhkəmə təcrübəsinin yaradılmasının vacibliyi vurğulanmış, Naxçıvan Muxtar Respublikası məhkəmələrinin bu sahədəki təcrübəsi müzakirə edilmiş, qanunvericiliyin müddəaları təhlil olunmuşdur. Alman hakim Tomas Melser mülki prosessual qanunvericiliyin tətbiqi sahəsində öz ölkələrinin təcrübəsindən bəhs etmiş, qarşılıqlı əməkdaşlığın hüquq sisteminin inkişafındakı rolundan danışmışdır.
Sonda çıxışlar ətrafında müzakirələr aparılmışdır.
Seminar-müşavirəyə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov yekun vurmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR