Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib.
Lektoriyanı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov açıb.
Lektoriyada “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda məruzə ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev bildirib ki, ulu öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə ehtiva etməklə fəaliyyət göstərdiyi bütün sahələrdə özünü əsl lider kimi təsdiq edib. Azərbaycanın bütün sahələrdə dünyanın aparıcı ölkələri ilə bir sırada durduğunu əsaslı faktlarla məşğələ iştirakçılarının diqqətinə çatdıran Elbrus İsayev qeyd edib ki, ümummilli lider Heydər Əliyev xalqımızın milli varlığını dünyaya tanıtmaq, onun müstəqil dövlətini yaradaraq zəfərlərə doğru aparmaq kimi çətin və şərəfli bir missiyanı dahiyanəliklə həyata keçirib. Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması, atəşkəsə nail olunması, informasiya blokadasının yarılması, insan hüquqlarının qorunması, mətbuat azadlığı, xarici investorların ölkə iqtisadiyyatına cəlb olunması, Şərqdə ilk dəfə olaraq ölüm hökmünün ləğv edilməsi, ölkə iqtisadiyyatının, təhsil və səhiyyə sisteminin, ordu quruculuğunun dünya standartlarına uyğun inkişafı, hərtərəfli yüksəliş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar respublikamızda da Heydər Əliyev ideyaları bütün sahələrdə böyük uğurla həyata keçirilir. Bunun nəticəsində doğma diyarımız gündən-günə inkişaf edir.
Lektoriyaya Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov yekub vurub.
Xəbərlər şöbəsi