Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində biz ulu öndərin nəsillər üçün örnək olan həyat yolunu, ictimai-siyasi, elmi-mədəni irsini öyrənir və Azərbaycan xalqı qarşısındakı xidmətlərini xatırlamaqla gələcək həyat və fəaliyyət yolumuzu müəyyənləşdiririk. Müdrik şəxsiyyət Heydər Əliyevin xidmətlərini xatırlayarkən onun Azərbaycanın mədəniyyətinə, incəsənətinə, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə göstərdiyi diqqət və qayğını xüsusi qeyd etməliyik. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində – ötən əsrin 70-80-ci illərində mədəniyyətin və incəsənətin bütün sahələri kimi, milli-mədəni sərvətlərimizin qorunub saxlanıldığı və təbliğ olunduğu muzeylərimiz də inkişaf etmiş, onların şəbəkəsi genişlənmiş, maddi-texniki bazası möhkəmləndirilmişdir.
Xalqımızın böyük oğlu Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçildiyi zaman Naxçıvanda cəmi iki muzey var idi. Onlardan biri 1924-cü ildə yaradılmış indiki Naxçıvan Dövlət Tarix Muzeyi, digəri isə 1967-ci ildə təşkil edilən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi idi. Məhz ulu öndərin respublikaya rəhbərliyinin ilk ilində onun təşəbbüsü ilə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qəbul edilən qərar Azərbaycanın bütün muzeyləri kimi, Naxçıvandakı tarix və ədəbiyyat muzeylərinin də gələcək inkişafında böyük rol oynamışdır. Muzey işinə qayğı və diqqət dahi rəhbərin fəaliyyətində daim xüsusi yer tutmuşdur. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin yanvarında qəbul edilən muzey işinə dair qərardan sonra Azərbaycanın bir çox yerlərində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında da müxtəlif profilli muzeylər yaradılmışdır. Ümummilli lider Heydər Əliyevin qayğısı ilə Ordubad rayonunda 1972-ci ildə görkəmli ədib M.S.Ordubadinin, 1975-ci ildə isə akademik Yusif Məmmədəliyevin ev-muzeylərinin təşkil edilməsi dediklərimizə əyani sübutdur.
Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur. Həmin qərardan sonra 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeyləri, Naxçıvan şəhərində isə Hüseyn Cavidin və Cəmşid Naxçıvanskinin ev-muzeyləri yaradılmış, 1982-1983-cü illərdə Naxçıvan Dövlət Tarix Muzeyinin ekspozisiyası geniş mövzulu plan əsasında yenidən qurulmuşdur. Muzey yaradılması sahəsində ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra da davam etdirilmişdir. Milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Ulu öndərin bütün dövrlərdə öz aktuallığını qoruyub saxlayan bu tövsiyələri həm paytaxt Bakıda, həm də bölgələrdə uğurla həyata keçirilmiş və keçirilməkdədir. 1997-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyinin, 1998-ci ildə Naxçıvan şəhərində C.Məmmədquluzadənin ev-muzeyinin, 1999-cu ildə Heydər Əliyev Muzeyinin, 2000-ci ildə Xatirə Muzeyinin, 2001-ci ildə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2002-ci ildə Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin, Əcəmi Seyrəngahında Açıq Səma Altında Muzeyin, 2007-ci ildə Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin, 2010-cu ildə Kəngərli rayonunun Şahtaxtı kəndində Şahtaxtinskilər Muzeyinin, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin fəaliyyətə başlaması dediklərimizə bariz nümunədir. Artıq Naxçıvan Muxtar Respublikasında geniş muzeylər şəbəkəsi mövcuddur. Əgər 1995-ci ildə Naxçıvanda cəmi 13 muzey var idisə, indi 24 muzey və muzeytipli müəssisə mövcuddur. Son 17 ildə muxtar respublikada müxtəlif profilli 10 muzey yaradılmış, mövcud muzeylərin yerləşdikləri binalarda əsaslı yenidənqurma işləri aparılmış, onların maddi-texniki bazası möhkəmləndirilmişdir.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə dəfələrlə Naxçıvanda olmuş, muxtar respublikanın sosial-mədəni obyektlərini, xüsusən də tarixi irsi özündə saxlayan muzeylərini ziyarət etmişdir. 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 75 illik yubileyində iştirak edərkən görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin açılış mərasimində iştirak etmiş və nitq söyləmişdir. Ulu öndərimiz həmçinin Heydər Əliyev Muzeyində, Naxçıvan Dövlət Xalça Muzeyində, görkəmli ədib Hüseyn Cavidin qəbirüstü məqbərəsində və ev-muzeyində də olmuş, 2002-ci ilin iyun ayında Naxçıvana səfəri zamanı Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyinin açılışında iştirak etmişdir.
Yeni-yeni muzeylər yaratmaq, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə və iş şəraitinin yaxşılaşdırılmasına hərtərəfli qayğı göstərmək ənənəsi ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” ölkə Prezidentinin 6 mart 2007-ci il tarixli Sərəncamı muzeylərə dövlət qayğısının bariz nümunəsidir.
Tariximizin və milli dəyərlərimizin qorunub saxlandığı muzeylərə diqqət və qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəcib ənənələrin “Heydər Əliyev ili”ndə də davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, muzeylərə qayğı sahəsində də Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir.
Nizami RƏHİMOV
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru,
Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi