03 Yanvar 2025, Cümə

Aprel ayının 23-də Naxçıvan şəhərində Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının hakimləri üçün “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda 2 günlük seminar-müşavirəyə start verilmişdir.
Seminar-müşavirəni giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açaraq insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən hüquq islahatlarından söhbət açmışdır. Bildirilmişdir ki, məhkəmə-hüquq islahatlarının ilkin mərhələsində atılmış addımlar nəticəsində bu sahədə demokratik dəyərlərə əsaslanan milli qanunvericilik bazası formalaşdırılmış, ölkəmizdə üçpilləli məhkəmə sistemi bərqərar olmuşdur. Bu sahədə həyata keçirilən islahatların davamı kimi məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanlarına əsasən, ölkədə ilk dəfə olaraq 2011-ci ilin yanvar ayından İnzibati məhkəmələr fəaliyyətə başlamışdır. Bu sahədə ədalət mühakiməsini həyata keçirmək üçün zəruri qanunvericilik bazası olan İnzibati Prosessual Məcəllə və “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq olunmuşdur.

Ali Məhkəmənin sədri qeyd etmişdir ki, “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 2006-cı il tarixli Fərmanından sonra ötən müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında muxtar respublikada hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, eləcə də onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 
Qeyd olunmuşdur ki, “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” Proqramı çərçivəsində bu tədbirin keçirilməsi həm muxtar respublika məhkəmələrinin hakimləri tərəfindən milli qanunvericiliyin tətbiqi təcrübəsinin daha dərindən öyrənilməsi, hakimlərin ölkə miqyaslı tədbirlərə cəlb edilməsi, həm də mövzu ilə bağlı qarşılıqlı təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyətə malikdir.
Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan üzrə layihə rəhbəri, alman hakim Tomas Melser çıxış edərək “Azərbaycan inzibati və mülki prosesinin aktual problemləri” mövzusunda seminar-müşavirənin son dərəcə aktual bir mövzuya həsr olunduğunu qeyd etmişdir.
Daha sonra seminar öz işinə başlamış, Almaniyanın təqaüddə olan hakimi Dr. Peter Yakob “Azərbaycanda inzibati prosesin aktual problemləri: alman baxışı”, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dadaşov “Azərbaycanda İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı aşağı məhkəmələrin praktikasındakı problemlər”, Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsinin sədri Hicran Muradov “Naxçıvan Muxtar Respublikasının məhkəmələri tərəfindən İnzibati Prosessual Məcəllənin tətbiqi ilə bağlı aktual məsələlərin icmalı” mövzularında çıxışlar etmişlər.
Seminar öz işini bu gün davam etdirir.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR