Aprelin 21-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə əlaqədar konfrans keçirilmişdir.
Konfransı Baş Konsulluğun vitse-konsulu Nəriman Orucəliyev açdıqdan sonra konsulluğun üçüncü katibi Şahin Əhmədov “Heydər Əliyevin həyat və fəaliyyəti”, Təbriz Tibb Universitetinin tələbəsi İlkin Həsənov isə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında çıxış etmişlər.
Tədbirdə Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda məruzə etmişdir. Qeyd olunmuşdur ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi xarici siyasət xətti ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasına səbəb olmuş, Azərbaycan dost və tərəfdaş ölkəyə çevrilmişdir. Dahi şəxsiyyət tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, təcavüzkar Ermənistanın işğalçılıq siyasəti beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Azərbaycan-İran əlaqələrindən danışan Baş konsul bildirmişdir ki, bu münasibətlərin əsası ulu öndərin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə qoyulmuşdur. Ümummilli lider ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-İran əlaqələri daha da inkişaf edərək yeni müstəviyə çıxmışdır. Bu gün iki qonşu ölkə arasında bütün sahələrdə əməkdaşlıq gündən-günə inkişaf edir.
Çıxışlardan sonra tədbir iştirakçıları “Heydər Əliyev – Ömürdən səhifələr” adlı filmə baxmış, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Konfrans iştirakçılarına dahi şəxsiyyətin çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitab, jurnal və bukletlər paylanmışdır.
Sonda Azərbaycan xalq mahnıları səsləndirilmiş, milli yeməklər və şirniyyatlardan ibarət süfrə açılmışdır.
Konfransda Türkiyə Respublikasının Təbrizdəki Baş konsulu və Baş Konsulluğun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan vətəndaşları və ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Aprelin 15-də Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu tərəfindən ulu öndərin 90 illiyi münasibətilə iməcilik də keçirilmiş, gülkarlıqlar salınmış, meyvə tingləri əkilmişdir.
“Şərq qapısı”