03 Yanvar 2025, Cümə

Yafəz Əkrəmoğlu motivləri əsasında...

“Məsləhət olan vaxtlarda” Naxçıvandan “qəhrəmanlar” taparaq “ortaya çıxaran” “Azadlıq” radiosunun müxbiri Yafəz Əkrəmoğlu yenə də öz ampulasındadır. Gah deyir ki, məni təhdid edirlər, gah deyir ki, Naxçıvanda 4 qlobal jurnalist var (özü də daxil olmaqla, 3-ü orta təhsilli), gah da nümayişkaranə şəkildə “Azadlıq” radiosunun saytında əməkdaşı olduğum “Şərq qapısı” qəzetinin yazılarını yerləşdirərək yazır ki, tənqidi və araşdırma jurnalistikasından bezmisinizsə, oxuyun. Özü ilə sosial şəbəkədə söhbətlərimizin birində ona “Şərq qapısı”nda kifayət qədər tənqidi materialların dərc olunduğunu demişəm və bu barədə linkləri də özünə göndərmişəm. Obyektivlikdən dəm vuran “Azadlıq” radiosunun, bəlkə, həqiqətən də, bundan xəbərsiz olduğunu düşünərək... Amma, necə deyərlər, insan peşəsindən asılı olmayaraq, kiminlə sivil rəqabət və mübarizə aparmasından asılı olmayaraq, bunu KİŞİ kimi etməlidir.

 Söhbət xarakter olaraq KİŞİLİKdən gedir

Onun Naxçıvan və “Şərq qapısı” qəzeti ilə bağlı böhtan və iftiralar yaydığını etiraf etməyə gücü çatmasa da, mən onun haqqında müsbət bildiklərimi deyə biləcək gücdəyəm. Məsələn, jurnalistliyi hər nə qədər qeyri-obyektiv olsa da, yaxşı musiqiçi olduğunu eşitmişəm və oxumuşam. Bəlkə də, elə buna görə bəzən sözü bitəndə yazdığı böhtan dolu yazılarda “dalay-dalay” deyir... Hər halda, hərbi xidmətdə olduğu dövrdə törətdiyi cinayətlə bağlı açılmış cinayət işində onun yaxşı musiqiçi olduğu qeyd olunub.
Bunları oxuyub, “hörmətli həmkarımız” sevincindən yerində qurcalanır ki, ənənəvi təbliğat silahından istifadə edə biləcək. Yəni deyə biləcək ki, bu məqalənin müəllifi mənim cinayət işimi necə əldə edib?
Bu fikirlər onu çox düşündürməsin deyə, “həmkarımızın” diqqətinə bir şeyi çatdırım. Çox sevdiyi “media allahları” kimi, bizə xarici xüsusi xidmət orqanları offşor zonalarla bağlı məlumat ötürmür. Biz də məlumatı hardansa alıb, sonra onu jurnalist araşdırması kimi təqdim edəcək qədər “jurnalist” deyilik. İstəsə, haqqında açılan cinayət işinin sənədlərini Arxiv İdarəsinə müraciət edib özü də əldə edə bilər. Yazının davamında isə bu cinayət işinin hardan çıxdığını anladacağam.

“FERRARİ”nin izi ilə...

Yafəz Əkrəmoğlunun sevə-sevə oxuduğu “Şərq qapı­sı”nda yeni bir rubrika var: “Bizim diplomatlar”. Bu yaxınlarda görkəmli ədib Məhəmmədağa Şahtaxtlının diplomatik fəaliyyəti ilə bağlı məlumat toplamaq üçün Kəngərli rayonunun Şahtaxtı kəndindəki Şahtaxtinskilər Muzeyinə getmişdim. Gəlmişkən bəzi kənd sakinləri ilə həmsöhbət olmaq istədim. Qəflətən bir kəndlinin nidası məni yaman tutdu. Kişi hücum çəkərcəsinə üstümə yeridi və dedi ki, “o bizim adımızı batıran yaramaz da sizin kimi jurnalistdir!!!” Əvvəlcə söhbətin nədən getdiyini anlamadım. Bir azdan məlum oldu ki, söhbət Yafəz Əkrəmoğlundan gedir. Birtəhər kənd sakininə anlatmağa çalışdım ki, indi sovet dövrü deyil. Ölkədə də mətbuat vahid əldən idarə olunmur. Düzdür, Yafəz də mətbuat işçisidir. Amma biz bir yerdə işləmirik. Bir az kənarda durmuş, təqribən, ortayaşlı birisi isə soruşdu ki, söhbət “Ferrari” Yafəzdən gedir?”. “Ferrari” niyə?” soruşanda “hərbi xidmət vaxtı üstündə fərarilik işi var idi” cavabını verdi.
Doğrusu, Yafəz Həsənov kimi “əsgər ölümlərinə etiraz” aksiyalarında can-dildən iştirak edən, “əsgərlər sərhəddə Vətəni qoruyarkən ölməlidir” fikirləri ilə alışıb-yanan “qanunsevər” birinin hərbi xidmətdən fərarilik etməsi mənə də inandırıcı gəlmədi.

17135116 saylı CİNAYƏT İŞİ

Araşdırmanı Arxiv İdarəsində davam etdirməli idim: Yafəz Həsənovla bağlı araşdırmanı deyil, məhz Məhəmmədağa Şahtaxtlının diplomatik fəaliyyəti ilə bağlı araşdırmanı. Arxivdə sənədlərlə tanış olarkən günlərdən bəri beynimdə ilişib qalan “ferrari” ifadəsini bir də xatırladım və xahiş etdim ki, mən cinayət işlərinin saxlanıldığı arxivdən material əldə etmək istəyirəm. Arxiv işçisi nə qədər təəccüblə qarşılasa da, nəticədə, onu razı sala bildim və Yafəz Həsənovun adına olan bir iş tapdım. Amma işdə onun fərariliklə deyil, talançılıqla ittiham olunduğu göstərilirdi. İş isə belə adlanırdı: “Sıravi Həsənov Y.Ə. və Ağayev V.B. Azərbaycan Respublikası CM-in 144-cü maddəsinin II his. ittiham olunmasına dair cinayət işi”. Bəlkə, “hörmətli jurnalist həmkarımızın” özünə də maraqlı olar deyə, qeyd edim: sənəd Naxçıvan Qarnizonunun Hərbi Tribunalından göndərilib.

Xarici ölkə vətəndaşının 100 000 manatını soyan dələduzlar...

“22 avqust 1993-cü il tarixdə axşam saat 2130 radələrində Naxçıvan şəhər sakini Ağayev Vəli Bəxtiyar oğlu dostu Yafəzlə birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək Naxçıvan şəhəri, “Azadlıq” prospektində dayanmış Türkiyə vətəndaşı Kazım Coşqunun maşınının kabinəsinə daxil olub, onu oyuncaq tapança ilə hədələyərək zor işlətməklə ona məxsus 100 min manat pulu götürüb qaçmışlar”.
Az sonra istintaq müəyyən edir ki, hadisəni törədəndə cinayətkarlar içkili vəziyyətdə olublar və onlardan biri Həsənov Yafəz Əkrəm oğlu hərbi hissəni özbaşına olaraq tərk edib. Oxucularımıza və “hörmətli” Yafəz Əkrəmoğluna maraqlı olar deyə, qeyd edim ki, “əsgər ölümlərinə son” aksiyasında iştirak etmək o adamların mənəvi haqqıdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana qarşı erməni quldurlarının hücumu başlayanda düşmənlə üzbəüz olublar. Yoxsa döyüşən hərbi hissədən hansısa vasitələrlə orkestrlərə ezam olunmayıblar və ordan da “yeyib-içib dəm olmaq” (!!!) məqsədilə alkoqolik butkalarına qaçmayıblar.
Yafəz Həsənovun izahatından bəzi hissələri oxucularımızın diqqətinə çatdırmaq istəyirəm. Sıravi Yafəz Həsənovun 31 avqust 1993-cü ildə Naxçıvan şəhərində Türkiyə vətəndaşını soymaqları ilə bağlı verdiyi izahatdan:
“... Mən 1993-cü ilin aprel ayından hərbi çağırışa çağırılmışam. Hal-hazırda 752 nömrəli hərbi hissədə xidmət edirəm. Mən 22 avqust saat 4-5 radələrində hərbi hissədən icazəsiz çıxıb dördyola gəldim. Burada Vəli ilə görüşdük. O, mənə dördyolda yeməkxanada içməyi təklif etdi. Bir az təkiddən sonra razı oldum. Həmin zaman mən əlimdəki pistoleti Vəliyə verdim. Biz yeməkxanada bir neçə qram araq içdik. Sonra Vəlinin iş yerinə getdik. Orda yemək yeyib sonra yenidən dördyola qayıtdıq. Burda bir az yemək yedikdən sonra pivə içmək üçün bazara tərəf yendik. Nazirliyin yanında türk maşını durmuşdu. Vəli azacıq aralanmış qapını açıb maşına daxil oldu. Türkün kefini soruşdu. Türk xəstə olduğunu bildirdi. Vəli ona həkim çağırmasını təklif etdi. O, razılıq vermədi. Bu zaman mən pistoleti (izahatın bu yerində sonradan “pistolet” sözünün üzərinə “oyuncaq” sözü əlavə olunub!!! Bu da maraqlıdır – E.K.) çıxarıb Vəliyə verdim ki, onu qorxutsun. Vəli pistoleti türkə tərəf tutdu. Türk qorxusundan qışqırmağa başladı (oyuncaqla həqiqi pistoleti ayıra bilməmək üçün nə qədər sadəlövh olmaq lazımdır? Bu suala hüquq-mühafizə orqanları aydınlıq gətirə bilər – E.K.). Bu zaman Vəli türkün başının altında olan pencəyi mənə tərəf atdı...
...Sual: Vəli oyuncaq pistoleti onun başına dayadıqda o, həmin pistoletin oyuncaq olduğunu bildimi? Vəli ondan nə tələb etdi?
Cavab: Türkiyə vətəndaşı əvvəl pistoleti həqiqi pistolet kimi qəbul etdi. Vəli ondan pul tələb etdi.
...Sual: Deməli, məqsədiniz türkü soyub, pulunu almaq idi.
Cavab: Elə çıxır. Sərxoş olduğumuz üçün bu hərəkəti etdik.
Sual: Türk vətəndaşı Kazım Coşqun bildirir ki, həmin vaxt Vəli jiletin cibindəki 100 min manat pulu götürüb verib sənə və deyib ki, qaç. Bu barədə nə deyə bilərsən?
Cavab: O ancaq pencəyi mənə tərəf atdı. Pencəkdə isə heç nə yox idi (Çox maraqlıdır. Deməli, “hörmətli jurnalist” qarət məqsədilə Türkiyə vətəndaşına hədə-qorxu gəldiklərini etiraf edir. Yoxsa nəyə görə o, bir göz qırpımında pencəyin ciblərini yoxlayıb? – E.K.). Mən pencəyi təkərin altına atdım və biz ordan uzaqlaşdıq. Mən heç bir pul görməmişəm.
...Sual: Polis işçiləri Vəlini tutan vaxt sən niyə onların qanuni tələbinə tabe olmayıb qaçıb getmisən və həmin vaxt türkün pulu Vəlinin cibindən çıxmayıb.
Cavab: Polis işçiləri bizim arxamızca gələn vaxt biz qorxub qaçdıq. Mən gizləndim. Vəlini isə tutdular. Pulun harda olduğundan xəbərim yoxdur.
İfadəmi özüm yazdım. Başqa əlavəm yoxdur, düzgünlüyü imzamla təsdiq edirəm.
İmza: Həsənov Y.
Dindirdi: müstəntiq İ.Əsgərov”
Hər nə qədər acı olsa da, ermənilərlə real müharibənin hələ də davam etdiyi zamanda “vətənpərvər jurnalistimiz” fərari olduğunu və Naxçıvanın ən ağır dövründə buraya hərbi texnikanın, maşınların hərəkəti üçün yanacaq gətirmiş Türkiyə vətəndaşını soyduğunu etiraf edir. Elə buna görə də 4 sentyabr 1993-cü ildə Yafəz Həsənov hərbi xidmətdə olduğu üçün cinayət işi Naxçıvan Şəhər Hərbi Tribunalına göndərilir.
Analar müqəddəs və toxunulmazdır. Yəqin ki, Yafəz Həsənovun ucbatından o zaman “acizanə surətdə xahiş edirəm” yazan ananın həyatını nəzərə alan tribunal “fərariliyi qısamüddətlidir” deyərək, sıravi orkestr əsgəri haqqında, sadəcə, talançılıqla cinayət işini davam etdirir.
6 sentyabr 1993-cü il tarixli qərar: “Bununla da, 752 nömrəli hərbi hissənin sıravi əsgəri Həsənov Yafəz Əkrəm oğlu Azərb. Resp. CM-in 144-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir – yəni zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan zorakılıq göstərməklə, bir qrup şəxsin qabaqcadan əlbir olması ilə şəxsi əmlakını açıq talamışdır”.
Cinayət işinin getdiyi müddətdə isə Hərbi Hospitalın Yoluxucu xəstə­liklər şöbəsinə “köçürmə” nədənsə mənə “həbsdən qurtarma taktikası” kimi gəldi. Amma “Ədalət mülkün təməlidir” prinsipinə inanaraq qəbul etməyə çalışdım ki, həqiqətən də, “jurnalist həmkarımızın” yoluxucu xəstəliyi var. Allah şəfasını versin.
Cinayət işinin nəticəsi isə 3 illik möhkəm rejimli islah əmək koloniyasında cəza olub. O zaman məhkəmə heyəti nələri nəzərə alaraq onu “fərarilik”dən azad edib, bilmirəm. Amma bir şeyi bilirəm: Yafəz Əkrəmoğlu sevə-sevə yazdığı “tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən bezmisənsə, “Şərq qapısı” qəzetini oxu!” cümləsini bundan sonra yazanda əmin olacaq ki, Naxçıvanda araşdırma jurnalistikası ilə məşğul ola bilən jurnalistlər var. Sadəcə, o jurnalistlərin orta təhsilli fərari və talançı quldurları araşdırmağa vaxtları və həvəsləri yoxdur.

“Hörmətli” fərari “əsgərsevərlər” və talançı “insan hüquqlarını müdafiə edən jurnalistlər!” Karvan kənardan gələn hər səsə görə dayana bilməz... Naxçıvanın inkişafı və tərəqqisi də.
Yafəz Əkrəmoğlunun sözünə inanan, siyasi oyunlarına alət olan insanların diqqətinə çatdırırıq ki, belə bir cinayətkardan onlara ancaq xətər toxunar. Bu fərari və avantürist insanın sözünə inanmamaq, ondan uzaq durmaq lazımdır.

Elnur KƏLBİZADƏ

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR