Son 17 ildə diyarımızda yaşıllıq sahələrinin həcminin artırılması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi istiqamətində görülən tədbirlər davamlı xarakter almış, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilmiş, xeyli meyvə bağları, yaşıllıq zolaqları salınmış, ekoloji tarazlığın qorunmasında müstəsna rola malik olan belə tədbirlərin həyata keçirilməsi prioritet vəzifəyə çevrilmişdir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
Aprelin 20-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri əvvəlki iməciliklərdə olduğu kimi, əzmkarlıq nümayiş etdirmiş, Naxçıvan-Sədərək magistral yolunun Xanlıqlar, Danyeri, Püsyan kəndlərindən keçən hissəsində ağaclara aqrotexniki qulluq göstərilmiş, su arxları təmizlənmiş, Şərur şəhərinin bütün park və xiyabanlarında 7500 ədəd gül kolu əkilmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri muxtar respublikanın ekologiyasına öz töhfələrini verməyə çalışmış, Qoşadizə kəndi yaxınlığındakı meyvə bağında səliqə-sahman işləri aparılmış, ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Aza və Dəstə kəndləri ərazisindəki bağlarda 720 ədəd meyvə, 250 ədəd meşə ağacı əkilmiş, rayon Mərkəzi Xəstəxanasının və Maliyyə Şöbəsinin həyətindəki yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Culfa rayonunun Əbrəqunus kəndi yaxınlığında 2,5 hektarlıq ərazidə 1750 ədəd meyvə, 150 ədəd həmişəyaşıl ağac, 530 ədəd gül kolu əkilmişdir.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı bağlarda 650 ədəd meyvə, 100 ədəd meşə ağacı əkmişlər.
Şahbuzlular rayonun Daylaqlı kəndində və İşgəsu massivində 810 ədəd meyvə ağacı əkmişlər.
Sədərək rayonunun sakinləri bölgənin müxtəlif ərazilərinə 280 ədəd meyvə ağacı əkmişlər.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
Xəbərlər şöbəsi