03 Yanvar 2025, Cümə

Dünən Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təşkil edilən konfransı giriş sözü ilə ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açıb, “Ulu öndər Heydər Əliyev və Azərbaycanda ekoloji siyasət” mövzusunda məruzə edib.
Bildirilib ki, ekoloji problemlər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin daim diqqət mərkəzində olub. 1969-cu ildə xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycana rəhbər seçildikdən sonra respublikamızda bütün sahələrə, o cümlədən təbiətin mühafizəsinə diqqət artırılıb. Bundan sonra Azərbaycan təbiətinin mühafizəsi, bərpası və zənginləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər, sözün əsl mənasında, tətbiqi ekologiyanın fəaliyyətə başlandığını göstərir. Belə ki, təbiəti mühafizə işlərini daha da yaxşılaşdırmaq üçün 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair çox mühüm 8 qanun, 32 qərar qəbul olunub.

Müəllifi ulu öndərimiz olan Azərbaycan Respublikasının Konstitusiyasında ölkə ərazisində mövcud ekoloji problemlərin həll edilməsi, təbiətin mühafizəsi, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə olunması öz əksini tapıb. 2003-cü ildə isə əhali arasında ekoloji maarifləndirməyə xidmət edən “Əhalinin ekoloji təhsili və ma­arifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu da əhali arasında ekoloji təbliğatın ən yüksək səviyyədə həyata keçirilməsində və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. 
Sonra AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasovun, bölmənin Bioresurslar İnstitutunun şöbə müdiri, biologiya elmləri doktoru Əliyar İbrahimovun, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Qadir Quli­yevin çıxışları olub. Çıxışlarda qeyd edilib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ətraf mühitin mühafizəsi sahəsində bir çox beynəlxalq konvensiyalara və sazişlərə qoşulub, bununla bağlı üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində zəruri addımlar atıb. Son illər bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, birgə layihələr hazırlanaraq həyata keçirilib, ekoloji tarazlığın təmin edilməsinə, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınmasına yönəldilmiş bir sıra Dövlət proqramlarının icrasına başlanılıb, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılıb. Bütün bunlar ulu öndərimiz tərəfindən həyata keçirilən ekoloji siyasətin bəhrələridir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR