03 Yanvar 2025, Cümə

Hazırda dünya inkişafın elə bir mərhələsindədir ki, mədəniyyətlərarası inteqrasiya özünün ən yüksək səviyyəsinə çatmış və görünməmiş sürətlə davam etməkdədir. Yaxın keçmişdəki qütbləşmə və qarşıdurma dövründən fərqli olaraq, qarşılıqlı əməkdaşlıq və dinc qonşuluq yolunu tutmuş ölkələr bütün vasitələrdən istifadə edərək yaranmış tarixi fürsətləri dəyərləndirməyə, xalqlararası iqtisadi və mədəni inteqrasiyadan bəhrələnərək hərtərəfli inkişafa nail olmağa çalışırlar. 

Adətən, uzaq bir səyahətdən qayıtdığımız zaman yaxınlarımız bizdən, – Nə gördünüz? – deyə soruşur, maraqlanırlar. Bir ölkə, onun insanları haqqında danışarkən isə ən ümumi bir formada onun inkişaf səviyyəsinə qısa bir qiymətləndirmə ilə həmsöhbətimizlə təəssüratımızı bölüşürük: “Çox mədəni bir ölkədir”. Bu isə təsadüfi deyildir. Cəmiyyətdə bütün mövcud münasibətlərin yetkinləşib son nəticədə məhz mədəni inkişaf səviyyəsi ilə qiymətləndirildiyi hamıya məlumdur. Belə ki, müəyyən dövrlərdə istər iqtisadi, istər sosial sahədə yaranan intibah, istərsə də tənzimləmə tədbirlərində aparılan islahatlar düzgün yerinə yetirildikdə cəmiyyətdə hamının arzusunda olduğu mədəni idarəetmə modeli formalaşır. Dünyadakı bütün mütərəqqi yeniliklərin mənimsənilməsi və eyni zamanda xalqın milli dəyərlərinin dünya ilə paylaşılması, son nəticədə, bu modelin qurulmasına gətirib çıxarır. Səbəb-nəticə əlaqələri etibarilə belə bir inkişaf səviyyəsi həm də cəmiyyətin bir sosial sifarişidir. Ona görə də mədəni inkişaf cəmiyyətin ümumi tələbatı olduğu kimi, ona xidmət də hər kəsin vəzifəsidir. Tarixə dönüb baxsaq, görərik ki, öz inkişafının müəyyən mərhələlərində ölkəsinin təbii sərvətlərini və yaranmış fürsətləri düzgün qiymətləndirən uzaqgörən müdrik insanlar özündən sonra məhz xalqının gələcəyini düşünərək mədəniyyətlərarası dialoqun bütün mümkün vasitələrindən bacarıqla istifadə edərək xalqların yaddaşında sülhə və tərəqqiyə xidmət edən əbədi liderlərə çevrilmişlər. Məhz buna görə mədəni inkişaf səviyyəsi haqqında danışarkən, sadəcə, “mədəniyyət” məfhumunu aşan, ictimai həyatın bütün sahələrinin güzgüsü olan münasibətlər sistemindən danışmaq, müəyyən mərhələlərdə uzaqgörən qərarların və fədakar əməyin nəticəsi olan dəyərlər səviyyəsinə qədər yüksəlmiş bir həyat tərzinə də yanaşma mümkündür.

Razılaşaq ki, belə bir geniş mövzuya kiçik bir məqalədə toxunmaq əhatəlilik baxımından qeyri-mümkündür. Ancaq müasir sürətli informasiya dövründə müxtəlif mətbu vasitələr və sosial şəbəkələrdə hər gün çoxlu sayda fikirlər paylaşılır ki, bunların da bəzilərinə, haqlı olaraq, biganə qalmaq mümkün deyil. Həm də bunlar ölkəmizin və muxtar respublikamızın müasir inkişafının regional müstəvidən çıxaraq dünyaya sıx inteqrasiya olunduğu, zamanın tələbləri ilə ayaqlaşmaq üçün bir gün də boş dayanmağa vaxtımız olmadığı bir dövrdə baş verir. Etiraf edək ki, kifayət qədər uzun illərin durğunluğundan sonra öz tarixinin intibah dövrünü yaşayan Naxçıvanın əsl mənzərəsini yeni-yeni nəğmə və rəsm əsərləri ilə tərənnüm edə, sənədli filmlərlə hələlik tam əks etdirə bilməsək də, bu diyarda yaşayan insanların gözü qarşısında bir film kimi axıb gedən həyatın özü, gerçək ssenarisi onu vicdanla izləyə bilənlərə hər şeyi deyir. “Vicdan” kəlməsi ona görə burada yerinə düşdü ki, hələ də bəziləri insanlara faydalı olmaq yerinə, onsuz da onun qapısının ağzına qədər gəlmiş rifahdan, necə deyərlər, pay qoparmağı özlərinə vərdiş seçmiş, yaşadıqları diyarın sürətli inkişafını görmədən özlərinə xas dar pəncərədən xırda daşlar ataraq su bulandırmaqla məşğuldurlar. Halbuki yaxın və uzaq ətrafımızda sabitlikdən uzaq, hərc-mərcliyin hökm sürdüyü, təhlükəsiz həyat şəraitinin yoxa çıxdığı ölkələr vardır ki, bəzən buradakı bəzəkli, parıltılı reklam tablolarını “mədəni inkişaf” sayıb onları özümüzlə müqayisə etməyə də çalışırıq. Ola bilər. Nə olsun ki, bizdə hələ camaatın dilindən düşməyən yeni teatr tamaşaları səhnələşdirilmir, yaxud kinozallarımızda yüzlərlə və minlərlə tamaşaçı toplayan milli filmlər görmürük. Uşaqlarımız məcbur qalaraq xarici cizgi filmləri ilə əylənir, yabançı oyun qəhrəmanlarına tamaşa edirlər. Bədii ədəbiyyat oxumasaq da, son zamanlar qəzetlərə maraq xeyli artmaqdadır. 
Qərəz, əgər belə bir asimmetrik təzad qarşısında durub kimisə günahlandırırıqsa, əbəs yerə, günahkar elə bizim özümüzük. Heç kim bizi məcbur etmir ki, uşağın gələcəyi üçün yalnız yaxşı təhsil almaq əvəzinə, ona məktəbdə və ya universitetdə “dayday” axtaraq, ya da ki, bayramları bəhanə edib müəllimlərə hədiyyə vermək yarışına girək. Bunları kim edirsə, bu, onun özündən başqa kimsəyə lazım deyildir. Amma halbuki cəmiyyətimizdə bütün bunları çoxdan kölgədə qoymuş və gələcəyimizin əsl qurucularının bütöv bir təbəqəsi formalaşmaqdadır. Dövlətin çəkdiyi xərc, ömrünü ölkəmizin tərəqqisinə həsr etmiş insanların əməyi heç zaman boşa getməmiş, halal zəhmət öz bəhrəsini verməkdədir. İstər dövlət, istər özəl sektorda, ictimai həyatın hər sahəsində formalaşan yeni münasibətlər, insanlara qayğı və diqqət hər addımda görünməkdədir. Gözdən uzaqda qalmış çayxanalara sığınıb gün keçirən, günortaya qədər yatıb yuxudan doymayan, sonra da, – dolanışıq yoxdur, – deyə orda-burda deyinənlər bircə gün səhər tezdən şəhərimizin gur axınına diqqətlə baxıb yuxudan ayılsalar, hər şeyi görərlər. Nəyimiz yoxdur? Bu torpağın havası, suyu kimi onun sakinlərinin də elə saf niyyətləri vardır ki, onlara göstərilən hər qayğı, verilən düzgün istiqamət və yaradılan qayda-qanun onları yaşadıqları torpağa qızıldan qiymətliymiş kimi ikiəlli yapışdırmışdır. “Çox gəzən çox bilər” deyiblər. Yəqin, onlar bu fikrimizi də təsdiq edərlər ki, bu torpaqda yaşayanlar əsl vətənpərvər, əsl azərbaycanlıdırlar. Digər məmləkətlərdə belə yurdsevər insanlara az rast gələrsən. Məhz bu yurd sevgisinin mayasıdır ki, naxçıvanlılar dünyada bənzərinə çətin rast gəlinən blokadaya birgə sinə gərdilər. Kimsə şikayət edib küçələrə axışmadı. Çörək üçün növbələrə dayandılar, amma kimsə də ac qalmadı. Yaman günün də ömrü az oldu. Çox şükür, indi xarici bazarlara mal ixrac edir, istədiyimiz ölkəyə istirahətə gedirik. Bir vaxtlar yardımlara düçar edilmiş regionumuz indi öz iqtisadi gücü ilə ehtiyacı olanlara əl tutur, xaricdən gəlmiş yüzlərlə tələbəyə ali təhsil verir, burada xəstələr pulsuz müalicə alırlar. Bir nəfər də barmağını qatlayıb deyə bilməz ki, Naxçıvanda bazarda, küçədə məni aldatdılar, yaxud avtobusda cibimdən bir şey çıxarıldı! Rahat və təhlükəsiz həyatın əsl qədrini bilməyənlər üçün bunlara qiymət vermək, bəlkə, çətin ola bilər. Ancaq hamılıqla quruculuq bəhsinə girmiş insanların gözündə bunlar çox dəyərlidir. Çünki məhz onlar yaxşı bilirlər ki, qayda-qanunla yaşamaqdan gözəl heç nə yoxdur. Və əsl mədəni inkişafa aparan yol da budur.

Əli CABBAROV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR