03 Yanvar 2025, Cümə

Azərbaycanda, o cümlədən Naxçıvanda arxiv quruculuğu çox çətin bir yol keçmişdir. Naxçıvan ərazisi müxtəlif dövrlərdə müharibə meydanına çevrilmiş, nəticədə, bu ərazidə qiymətli arxiv sənədləri ya məhv edilmiş,  ya da işğalçılar tərəfindən talan edilib başqa yerlərə daşınmışdır. Çox uzağa getməyək: XVIII-XIX əsrlər xanlıq dövründə istər İran, istərsə də Osmanlı dövlətlərinin Naxçıvan xanlığının ələ  keçirilməsi uğrunda apardıqları döyüşlər, həmçinin Türkmənçay müqaviləsindən sonra rus müstəmləkəçiliyi, sonra Naxçıvan qəzasının Gürcüstan İmereti və İrəvan quberniyasına verilməsi arxiv quruculuğumuza mənfi təsir göstərmişdir. Bu gün İran İslam Respublikasının Təbriz və Tehran, Türkiyə Cümhuriyyətinin Ankara və İstanbul, Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, eləcə də Ermənistan və Gürcüstanın dövlət arxivlərində Naxçıvanın XVIII-XX əsrlər tarixinə aid saxlanılan çoxlu qiymətli sənəd və nadir əlyazmalar vardır.

Ölkəmizdə arxiv işinin dövlət səviyyəsində təşkilinə 1920-ci ilin dekabrından başlanmışdır. Azərbaycan İnqilab Komitəsinin Sədri Nəriman Nərimanov “Vahid dövlət arxiv fondunun yaradılması və Xalq Maarif Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında” dekret imzalamışdır. Həmin dekreti əldə rəhbər tutan Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsi 1925-ci il dekabr ayının 13-də Naxçıvan MSSR-də Mərkəzi Dövlət Arxivinin yaradılması haqqında qərar qəbul etmişdir. 

Azərbaycanda arxiv orqanlarının yenidən təşkili ilə əlaqədar olaraq, 1930-cu ildə Naxçıvan MSSR Mərkəzi Dövlət Arxivi yenidən təşkil edilmişdir. Naxçıvan şəhərindəki dövlət arxivi onun tərkib hissəsindən ibarət idi. Lakin 1960-cı ilə qədər Arxiv İdarəsi və Mərkəzi Dövlət Arxivi Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının tabeliyində olmaqla qapalı fəaliyyət göstərirdilər. Bu, arxivlərdə elmi-tədqiqat işlərinin aparılmasına və arxiv sənədlərindən istifadəyə əngəllər törədirdi. Ötən əsrin 60-cı illərində ittifaqın başqa respublikalarında olduğu kimi, Azərbaycanda da arxiv təşkilatı Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılıb Nazirlər Sovetinin tabeliyinə verilmişdir. Bundan sonra arxiv işinə və arxiv sənədlərindən istifadə məsələlərinə diqqət bir qədər artırılmışdır.
Dövlət arxivlərinin inkişafının əsası xalqımızın ümummilli lideri Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra qoyulmuşdur. Arxivlərin fəaliyyəti genişləndirilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmiş, bu idarələr ixtisaslı kadrlarla təmin olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsinin tabeliyində bir muxtar respublika Dövlət Arxivi və 7 rayon Dövlət Arxivi fəaliyyət göstərir. Bu arxivlərdə elmin, mədəniyyətin və ictimai həyatın müxtəlif sahələrini özündə əks etdirən 480 mindən çox kağız əsaslı idarəçilik işi, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin 2000-ə qədər işdən ibarət elmi və texniki sənədləri, 84 minə yaxın foto və 4 mindən çox kino sənədi mühafizə olunur.
Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində 1831-ci ildən başlayaraq bu günümüzün tarixinə dair çox qiymətli sənədlər vardır.
Müstəqillik əldə etmiş respublikamızda, başqa sahələrdə olduğu kimi, arxiv işi sahəsində də suveren dövlətə məxsus yeni qanunvericilik və normativ aktlar yaradılıb ki, bu da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onu da qeyd edək ki, görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra ilk əmək fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində başlamışdır (1941-1943- cü illərdə).
“Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanunu arxiv işinin səmərəli həyata keçirilməsi üçün, demək olar ki, təməl daşı rolunu oynamışdır.
Azərbaycan Respublikasının Milli Məclisi 1999-cu ilin iyun ayında “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununu qəbul etmiş və bu qanun ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1999-cu ilin 22 iyununda imzalanıb təsdiq olunmuşdur. Qanun arxiv işinin təkmilləşməsi və inkişafı yolunda çox geniş perspektivlər açmışdır. Həmin il iyul ayının 27-də isə ulu öndər Heydər Əliyev “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalamışdır.
Yaranma mahiyyətindən, mühafizə yerindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisindəki arxiv sənədləri Milli Arxiv Fonduna daxil edilir. Dövlət mülkiyyətində olan arxiv fondları və arxiv sənədləri isə Milli Arxiv Fondunun qeyri-dövlət hissəsinə aid olunur. Milli Arxiv Fonduna Azərbaycan, həmçinin muxtar respublika ərazisində fəaliyyət göstərmiş və hazırda fəaliyyət göstərən təşkilatların qanunvericilik aktları, idarəetmə sənədləri, məhkəmə və prokurorluq orqanlarının sənədləri, statistika, elmi-texnoloji, normativ-texniki, layihə-konstruktor və digər sənədlər, kino, foto, fono (səs yazılar), video materialları, memarlıq layihələri, əlyazmalar, xüsusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri mətbuat materialları, sənət əsərləri, partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri, gündəliklər, memuarlar, məktublar və şəxsi xarakterli digər sənədlər daxildir.
“Milli Arxiv Fondu haqqında” Qanuna görə, Azərbaycan Respublikasının bütün hüquqi və fiziki şəxsləri dövlət arxivində saxlanılan sənədlərdən istifadə etmək hüququna malikdirlər. Mühafizə müddətindən asılı olmayaraq, dövlət arxivi fondu sənədlərindən istifadə qaydaları Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Nazirlər kabinetləri tərəfindən müəyyən olunur. Qeyri-dövlət arxiv fondlarının sənədlərindən isə onların mülkiyyətçilərinin razılığı ilə istifadə oluna bilər.
Maddi və mənəvi sərvətimizin böyük hamisi ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş bu qanun və qanunun təsdiq edilməsi haqqında imzalanmış fərman ölkəmizdə arxiv işi, onun inkişafı ilə bağlı bütün məsələləri əhatə edir, arxivlərin gələcək fəaliyyətinin başlıca istiqamətlərini müəyyənləşdirir.
“Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” dahi rəhbərin 2002-ci il 2 dekabr tarixli Fərmanı arxiv işinə verilən ən böyük önəmdir. Həmin fərmanda arxiv idarəsinin statusunun genişləndirilməsi ilə yanaşı, bu xidmət təşkilatlarının maddi-texniki bazasının təkmilləşdirilməsi və təchizatının yaxşılaşdırılması, arxivlərin lazımi binalarla təmin olunması, mövcud binalarda təmir və bərpa işlərinin aparılması, arxiv işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması kimi qarşıya çox mühüm vəzifələr qoyulmuşdur. Sevindiricidir ki, həmin vəzifələr ölkəmizdə, eləcə də muxtar respublikamızda müvəffəqiyyətlə həyata keçirilir.
Fərmanda arxiv sənədlərinin qorunub saxlanması və onların istifadəsinin zəruriliyi qeyd edilməklə yanaşı, bu sahəyə hərtərəfli qayğının artırılması da xüsusi vurğulanır.
Ölkəmizdə arxiv işinin təşkili və onların fəaliyyəti ilə əlaqədar indiyə qədər belə bir əhatəli sənəd qəbul olunmamışdır və bütün bunlar müdrik rəhbər Heydər Əliyevin böyük zəhmətinin səmərəli bəhrəsidir.

“Arxiv işinin təkmilləşdirilməsi haqqında” Fərmandan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 dekabr 2002-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Arxiv İdarəsinin bazasında yenidən yaradılmışdır. Ulu öndərimiz Heydər Əliyevin arxiv işi haqqında dediyi bu sözlər bütün arxiv işçilərinin fəaliyyət proqramıdır: “Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.

Fəxrəddin CƏFƏROV
Naxçıvan Muxtar Respublikası
Arxiv İdarəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR