Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin kollektivi Heydər Əliyev Muzeyində ulu öndərin keçdiyi şərəfli ömür yolunu əks etdirən eksponatlara baxmışdır.
Baxış zamanı ömrünü bütünlüklə Azərbaycanın daimi inkişafına həsr etmiş, müstəqil dövlətçiliyimizin banisi və xalqımızın xilaskarı ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunmuşdur. Vurğulanmışdır ki, Azərbaycanın müasir tarixinin böyük, həm də şərəfli bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. İstər sovetlər dönəmində təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığı, 1969-82-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə, eyni zamanda keçmiş Sovetlər İttifaqında ali vəzifələrdə fəaliyyət göstərdiyi illərdə, istərsə də ağrı-acılı müstəqilliyin ilk illərində müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ümummilli liderimiz Azərbaycanı böyük bəlalardan xilas etmiş, qurub-yaratmış, onun sürətli inkişafına nail olmuşdur.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyd olunduğu kimi, Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan uğurlar göz qabağındadır. Bu uğurlar digər sahələr kimi, səhiyyə sistemində də öz əksini tapmışdır. Ümummilli liderin qurucusu olduğu müstəqil Azərbaycanın dövlətçilik ənənələri və bütövlükdə Heydər Əliyev ideyaları bu gün də yaşayır, uğurla davam etdirilir və möhkəmləndirilir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti