Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə muzeyin direktoru Nəzakət Əsədova açaraq bildirmişdir ki, Heydər Əliyev irsinə əsaslanan davamlı inkişaf konsepsiyası zəngin məzmuna və böyük təsir gücünə malik olması ilə xüsusi əhəmiyyət kəsb edir. Tam qətiyyətlə demək olar ki, ulu öndərimizin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin ən intensiv inkişaf mərhələsi kimi yadda qalmışdır. Bu mənada həmin dövr ölkəmizin sürətli və hərtərəfli yüksəliş zirvəsidir.
Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimovun, M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın, Naxçıvan Qarnizonunun zabiti, polkovnik-leytenant Hacı Məmmədovun, muxtar respublika Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Həsən Kərimovun çıxışları olmuşdur. Qeyd edilmişdir ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanı bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş ulu öndərimizin adı ilə bağlıdır. XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş Azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır.
Bildirilmişdir ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, respublikamızın beynəlxalq nüfuzunun sürətlə artması ümummilli liderimiz Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu öndərimiz Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Sonra tədbir iştirakçıları “Heydər Əliyev – 90. Ümummilli liderin Naxçıvan səfərləri” adlı sərgiyə baxmışlar.
Xəbərlər şöbəsi