Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsi ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə Şərur Şəhər Mədəniyyət Sarayının foyesində ümummilli liderin həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi ilə tanış olmuşlar.
Tədbiri giriş sözü ilə rayon Mədəniyyət və Turizm Şöbəsinin müdir əvəzi Sabir Cəfərov açmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müasir inkişaf tarixi dahi şəxsiyyət Heydər Əliyevin adı, onun dövlətçilik siyasəti ilə sıx şəkildə bağlıdır. Müstəqilliyimizin xilaskarı və qüdrətli yeni Azərbaycanın yaradıcısı kimi tarixə düşən ulu öndər Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir. Bütün nəsillərə örnək olan bir ömür yaşamış ulu öndərin ictimai-siyasi və dövlət xadimi kimi Azərbaycan xalqı qarşısında ən böyük xidməti ondan ibarət olmuşdur ki, O, sovet sisteminin mövcudluğu şəraitində Azərbaycan Respublikasının gələcək müstəqilliyinin iqtisadi əsaslarını yaratmış, xalqımızı müstəqillik uğrunda mübarizəyə hazırlamış, dövlətçiliyimiz üçün məhvolma qorxusu yarandığı illərdə həyatını təhlükə qarşısına qoyaraq, radikal müxalifət və digər destruktiv qüvvələrin cinayətkar hərəkətlərinin qarşısını almış, dayanıqlı sabitlik və əmin-amanlıq şəraitini formalaşdırmış, daha sonra Azərbaycanın qüdrətli bir dövlətə çevrilməsini şərtləndirən misligörünməmiş yenidənqurma və quruculuq işlərini həyata keçirmişdir.
Tədbirdə Şərur Rayon Birləşmiş Həmkarlar Təşkilatının sədri Ünbülbanu Musayeva çıxış etmişdir. O demişdir ki, böyük şəxsiyyət Heydər Əliyev Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərimizin və mənəviyyatımızın, sözün həqiqi mənasında, hamisi olmuşdur. Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə böyük məhəbbət duyğularıyla yanaşan ümummilli lider bu dəyərlərin qoruyucusu idi. Hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik şəxsiyyət kimi ulu öndər yaxşı bilirdi ki, aydın və dərk olunmuş milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yolgöstəricisi və bələdçisidir.
Tədbirdə Şərur Şəhər Mədəniyyət Sarayının direktor müavini Nemət Sultanovun, rayon Tarix-Diyarşünaslıq Muzeyinin fond müdiri Zərifə Əliyevanın, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin işçisi Tahirə Tahirovanın da çıxışları olmuşdur. Bir daha vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim, zəngin mədəni və mənəvi mədəniyyətə malik xalqımız məhz dahi öndərimizin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilər.
Tədbirin sonunda ümummilli liderimizə həsr olunmuş şeirlər, musiqi nömrələri səsləndirilmişdir.
Xəbərlər şöbəsi