Dünən AMЕA Naxçıvan Bölməsində bölmənin Bioresurslar İnstitutunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münаsibətilə elmi konfrans keçirilmişdir.
“Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusuna həsr olunan elmi konfransı giriş sözü ilə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Tariyel Talıbov açaraq xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə təbiətimizə göstərdiyi qayğıdan və bu istiqamətdə həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərdən, habelə ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə ulu öndərin qəbul etdiyi qanun və qərarlardan, ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, 1969-cu ildə dahi rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildikdən sonra respublikamızda bütün sahələrə, o cümlədən təbiətin mühafizəsinə də diqqət artırılmışdır. Ulu öndərin hakimiyyətə gəlməsi ilə Azərbaycan təbiətinin müdafiəsi işinə başlanılmış, onun bərpası və zənginləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Bu da onu göstərir ki, hələ ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən Azərbaycanda, sözün əsl mənasında, tətbiqi ekologiya fəaliyyətə başlamışdır. Belə ki, təbiəti mühafizə işlərini daha da yaxşılaşdırmaq üçün 1969-1982-ci illərdə ekologiya, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair 8 qanun, 32 qərar qəbul olunmuşdur.
Bildirilmişdir ki, təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadəyə dair qəbul edilmiş qanun və qərarlar müstəqillik bərpa edildikdən sonra yenidən işlənərək təkmilləşdirilmiş, ölkəmiz beynəlxalq konvensiyalara qoşulmuşdur. Respublikamızda aparılan genişmiqyaslı tədbirlər ekologiyaya birbaşa və ya dolayısı ilə aid olub, ətraf mühitin dayanıqlılığına, eyni zamanda əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına və sağlamlığının qorunmasına yönəldilmişdir.
Qeyd olunmuşdur ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu cür tədbirlər bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra institutun şöbə müdiri, biologiya elmləri doktoru, professor Əliyar İbrahimovun “Ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının təbiətinə qayğı”, Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, kənd təsərrüfatı elmləri doktoru Varis Quliyevin “Ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının aqrar sektorunda üzümçülüyün genişləndirilməsi”, Tоrpаq еhtiyаtlаrı lаbоrаtоriyаsının rəhbəri, kənd təsərrüfаtı üzrə fəlsəfə doktoru, dоsеnt Sаhib Hаcıyеvin “Müdrik rəhbər Heydər Əliyev və aqrar sektorda torpaq islahatları” mövzularında məruzələri dinlənilmişdir.
Konfransa Tariyel Talıbov yekun vurmuşdur.
Xəbərlər şöbəsi