03 Yanvar 2025, Cümə

Naxçıvan Dövlət Universitetində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Əvvəlcə universitetin Tibb fakültəsində Stomatologiya laboratoriyasının və Əczaçılıq tədrisi kabinəsinin açılışı olmuşdur. Universitetin rektoru, akademik İsa Həbib­bəyli qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin “Akademik Zərifə Əliyevanın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkəmizdə müxtəlif tədbirlər keçirilməkdədir. Tibb fakültəsində yeni laboratoriya və kabinənin yaradılması da Azərbaycan tibb elminin görkəmli simalarından olan Zərifə xanım Əliyevanın 90 illik yubileyinə töhfədir.

Elmi konfransda rektor, akademik İsa Həbibbəyli çıxış edərək dünya şöhrətli alim, akademik Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən, elmi və ictimai fəaliyyətindən, mənalı ömür yolundan danışmışdır. Bildirilmişdir ki, görkəmli elm xadimi Zərifə xanım Əliyevanın əziz xatirəsi xalqımızın, eləcə də nur verdiyi insanların qəlbində əbədi yaşayır.
“Akademik Zərifə xanım Əliyeva­nın həyatı və elmi-pedaqoji fəaliyyəti” mövzusunda məruzə edən Tibb fakültəsinin dekanı, dosent Bəhruz Məmmədov görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Zərifə xanım Əliyeva görmə orqanında peşə xəstəliyini öyrənən ilk görkəmli alimdir. Zərifə xanım Əliyeva gərgin həkimlik və alimlik fəaliyyətinə baxmayaraq, harada yaşamasından və işləməsindən asılı olmayaraq, həmişə Naxçıvanla sıx bağlı olmuş, regionda bir sıra təhlükəli göz xəstəliklərinin müalicə edilməsində öz səylərini əsirgəmə­miş, yüzlərlə insana dünyada əvəz­edilməz nemət olan göz işığı bəxş etmişdir. Onun elmi fəaliyyətinə oftalmologiya elminin müasir problemlərinə dair bir sıra sanballı tədqiqatlar, 12 monoqrafiya, bir neçə dərs vəsaiti, 160-dan çox elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklif daxildir.
Tibb fakültəsinin klinik xəstəxanasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Yaşar Rzayev “Azərbaycan oftalmologiya elminin tükənməz xəzinəsi” mövzusunda məruzə edərək vurğulamışdır ki, Zərifə xanım Əliyevanın alimlik fəaliyyətinin əsas istiqamətlərindən birini peşə oftalmologiyası təşkil edirdi. O, “Azərbaycanın kimya sənayesi müəssisələrində işçilərdə görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazaraq oftalmologiyada peşə xəstəlikləri problemlərinin araşdırılmasının əsasını qoymuşdur.
Həkim-rezident Sara Rəhimli “İnsanlara nur bəxş edən ləyaqət mücəssəməsi” mövzusundakı məruzəsində Zərifə xanım Əliyevanın yüksək ixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılmasına göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışdır. Vurğulanmışdır ki, akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülmüşdür.
Sonra tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən filmə baxmışlar. Universitet tələbələri Zərifə xanıma həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

Mina QASIMOVA

*    *    *

“Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir”. Bu fikirləri Naxçıvan Muxtar Respublika Kitabxanasında keçirilən akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konfransda kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova səsləndirib. Kitabxananın direktoru vurğulayıb ki, görkəmli alimin keçdiyi şərəfli həyat yolunun öyrənilməsi, onun sahib olduğu yüksək mənəvi keyfiyyətlərin gənc nəsillərə, xüsusilə tibb sahəsində təhsil alan gənclərə təbliği intellektli və yüksək mənəviyyatlı nəslin yetişməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Elə bu məqsədlə də keçirilən konfransda daha çox gənclərin, tibb mütəxəssislərinin iştirakına çalışılıb.
Kitabxananın Kütləvi iş şöbəsinin müdiri Yeganə Rüstəmova “Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan” adlı məruzəsində qeyd edib ki, Zərifə xanım ölkəmizdə oftalmologiya sahəsində, sözün əsl mənasında, ilk pioner olub. Alim dünyada ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktik olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirib. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanlarında yaranan peşə xəstəliklərini öyrənib və bu xəstəliklərin profilaktikası tədbirlərini işləyib hazırlayıb.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasının həkim-oftalmoloqu Kamilə Orucəliyeva, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi İman Alırzayev, kitabxananın elmi katibi Günay Kəngərli çıxış ediblər.
Sonda görkəmli akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yaradılmış guşəyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR