03 Yanvar 2025, Cümə

Vətənə bağlı insanlar əbədiyyətə qovuşduqdan sonra ölməzlik zirvəsinə ucalırlar. Azərbaycan xalqının ləyaqətli övladı, nurlu əməlləri ilə əsl vətənpərvər kimi yaşayan akademik Zərifə xanım Əliyeva məhz bu dəyərli keyfiyyətə malik işıqlı şəxsiyyət, nurlu bir vətəndaş idi. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. El üçün, Vətən üçün yaşayanlar həmişə nəcib hisslərlə, xoş duyğularla yad olunurlar. Zərifə xanım Əliyeva da bu cür zərif duyğulu, dərin zəkalı, ləyaqətli Azərbaycan övladı idi.
Zərifə xanım işıqlı bir ailədə – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Ziyalı ailəsində dünyaya gələn Zərifə xanım üçün atasının ömür yolu əsl həyat məktəbinə çevrilmişdir. Zərifə xanımın yüksək mədəniyyəti və ürəkdən gələn səmimiyyəti onun əsl simasını təşkil edirdi. Görkəmli alimin Vətənə, doğma xalqına olan məhəbbəti, bu torpaqda yaşamaqdan duyduğu qürur hissi Azərbaycanı daim gözəlləşən, yüksələn görmək arzuları ilə vəhdət təşkil edirdi.

Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdu. Onunla bir qrupda, eyni kursda oxuyan məzunların xatirələrində qeyd edildiyi kimi, Zərifə xanım fitri istedada, dərin zəkaya, geniş dünyagörüşünə, yüksək mədəni səviyyəyə malik, təvazökar tələbə olmuşdur. O, tibbi fənlərlə yanaşı, digər fənlərə də eyni dərəcədə maraq göstərir, hərtərəfli biliyə malik həkim kimi formalaşırdı. İnstitutda keçirilən tələbə elmi toplantılarında elmi məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq alimlərlə fikir mübadiləsi apara bilirdi.
Zərifə xanım Azərbaycan oftalmologiya elminin yanar çırağı idi. O, təhsil aldığı dövrdə bütün varlığı ilə göz həkimliyinə – oftalmologiya elminə bağlanmış, səhiyyənin bu çətin, eyni zamanda maraqlı və məsuliyyətli sahəsi onun diqqətini daha çox cəlb etmişdir. Ona görə də 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirdikdən sonra o, Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmə hazır­lığı keçərək iki ildən sonra Bakıya qayıtmışdı.
1949-cu ildə Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayan Zərifə xanım Əliyeva ardıcıl olaraq yerinə yetirdiyi elmi-tədqiqat işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də yüksək səviyyədə aparmışdı. 1967-ci ildən etibarən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında pedaqoji fəaliyyətə başlayan alim əvvəlcə kafedranın dosenti, sonra professoru, 1982-ci ildən isə müdiri vəzifəsini yüksək səviyyədə yerinə yetirərək həkimlərin diplomdan sonrakı hazırlıqlarının tədris-metodik göstərişlərə və digər tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışarkən alimin həm elmi-tədqiqat, həm də pedaqoji fəaliyyətinin təsir dairəsi daha da genişlənmiş, onun xalqın sağlamlığının qorunması naminə tibb elminə və bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri xeyli dərəcədə artmışdır. Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. İnsanlara nur paylamaq, şəfalı əlləri ilə onların gözlərinə işıq vermək Zərifə Əliyevanın əsl alim və vətəndaşlıq mövqeyindən irəli gəlirdi.
Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, dünya şöhrətli alim Zərifə Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, geniş vüsət alır, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, yüksək səviyyəli mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Zərifə xanım insanları çox sevirdi. Peşəsində qazandığı uğurlar da bu xüsusiyyəti ilə bağlı idi. Bütün yaradıcılığında yüksək vətənpərvərlik hissi özünü büruzə verir, bu xüsusiyyət ətrafındakılara münasibətində də aydın görünürdü.
Akademik oftalmologiya elmində əldə etdiyi nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsindəki əvəzsiz xidmətlərinə görə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Görkəmli alimin adının əbədiləşdirilməsi üçün məzarı üstündə tuncdan abidəsi ucaldılmış və Bakıdakı Göz Xəstəlikləri İnstitutuna Zərifə xanımın adı verilmişdir. Muxtar respublikamızda da böyük alimin adı əbədiləşdirilmiş, Naxçıvan Şəhər Poliklinikasına və Naxçıvan şəhərindəki küçələrdən birinə Zərifə xanımın adı verilmişdir. Alimin doğulduğu Şahtaxtı kəndində fəaliyyət göstərən ümumtəhsil məktəbi də onun adını daşıyır. Məktəbdə alimin şərəfinə xatirə muzeyi yaradılmışdır.
Görkəmli elm xadiminin tibb elminin inkişafındakı xidmətləri bu gün əsl nümunədir. Zərifə Əliyeva­nın tibb elmindəki uğurlu yolunu davam etdirmək istəyən şagirdlərin ixtisas seçimi zamanı tibb sahəsini əhatə edən ixtisas qruplarına meyil etməsi, bu sahədə nailiyyətlər qazanması deyilənləri bir daha təsdiq edir.
Qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, görkəmli ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq kimi Zərifə xanımın həyat fəlsəfəsi, mənəvi dünyası və elmi fəaliyyəti zəngin və çoxcəhətlidir. Alimin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
90 illik yubliyeni qeyd etdiyimiz Zərifə xanım ömrünün mənasını elmi axtarışlarında və xalqına xidmətdə görürdü. Nə qədər ki Azərbaycan xalqı var, Azərbaycan elmi, mədəniyyəti var, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə olacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR