Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi, 2013-cü ilin Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Heydər Əliyev Universitetinin məşğələləri, fakültə elmi konfransları, kitab və rəsm sərgiləri, müxtəlif idman yarışları gənc nəslin ulu öndərə sevgi və ehtiramını ifadə etməklə yanaşı, dahi rəhbərin həyat və fəaliyyətinin öyrənilməsinə xidmət edir. Belə silsilə tədbirlərdən biri də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində təşkil olunmuş “Heydər Əliyev xarici tələbələrin gözü ilə” mövzusunda keçirilən elmi konfransdır. Əvvəlcə konfrans iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət etmişlər.
Konfransı giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik inkişafında, milli birlik və vətəndaş həmrəyliyinin bərqərar olunmasında, Azərbaycanın beynəlxalq arenada tanıdılmasındakı misilsiz xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki, Heydər Əliyev ideologiyası bu gün yeni dövrün reallıqlarına uyğun, müasir modeldə və yaradıcı şəkildə uğurla davam etdirilir.
Konfransda universitetin beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi, Banqladeş vətəndaşı Feroz Ahmed “Heydər Əliyev böyük tarixi şəxsiyyətdir”, qardaş Türkiyə Cümhuriyyətinin təmsilçisi, xarici tələbələr üçün hazırlıq kursunun dinləyicisi Gözdə Karakoyun “Heydər Əliyev siyasətində Türkiyə”, qonşu Gürcüstandan olan, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Nona Nikabadze “Heydər Əliyev və Gürcüstan”, Cənubi Koreya vətəndaşı, xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Sio Sumin “Heydər Əliyev və Cənubi Koreya”, müalicə işi ixtisası üzrə I kurs tələbəsi, nigeriyalı Samson Odigie “Heydər Əliyev xalqlar dostluğunun hamisi kimi” mövzularında məruzələr etmişlər. Məruzələrdə dünyanın nadir tarixi şəxsiyyətlərindən olan görkəmli dövlət xadimi Heydər Əliyevin beynəlxalq təhlükəsizlik və sülhün əldə olunmasına, dünya xalqlarının dostluq və qardaşlıq şəraitində yaşamasına xidmət edən müdrik xarici siyasətindən bəhs edilmişdir. Vurğulanmışdır ki, Naxçıvan Dövlət Universitetinin bugünkü inkişafı, burada 13 ölkədən olan 300-ə yaxın xarici vətəndaşın təhsil alması ümummilli liderin təhsil strategiyasının və düşünülmüş xarici siyasətinin əməli bəhrələrindəndir.
Konfransdan sonra xarici tələbələr ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlara baxmışlar.
Xəbərlər şöbəsi