Bu mövzuda Heydər Əliyev lektoriyalarının növbəti məşğələləri keçirilmişdir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev lektoriyalarının “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda məşğələlərinin keçirilməsi davam etdirilir. Bu mövzuda növbəti məşğələ dünən Naxçıvan Dövlət Texniki Kollecində keçirilmişdir. Məşğələni giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açaraq “Ulu öndər Heydər Əliyev Azərbaycanın qurucusu və xilaskarıdır” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycan dövlətçiliyinə və Azərbaycançılığa xidmət etmiş, Azərbaycançılıq ideologiyasını milli ideologiya səviyyəsinə qaldırmış, onu təlimə çevirmiş və Azərbaycanı milli müstəqilliyə qovuşdurmuşdur.
Məşğələdə AMEA Naxçıvan Bölməsinin əməkdaşı, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Heydər Əliyevin dövlətçilik dərsləri” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərimiz ötən əsrin 70-80-ci illərində sovet dövlətinin iqtisadi potensialından Azərbaycanda iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün bacarıqla istifadə etmişdir. Beləliklə, Azərbaycan xalqının rifahının yüksəldilməsi təmin olunmuş və bu istiqamətdə mühüm tədbirlər həyata keçirilmişdir. Görkəmli dövlət xadimi ittifaq tərkibində Azərbaycanın iqtisadi müstəqilliyini və respublika əhalisinin məşğulluğunu təmin etmək üçün yeni müəssisələrin yaradılmasını əsas məqsəd kimi qarşıya qoymuşdu.
Xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verilmişdir. 20 milyon kvadratmetr mənzil sahəsi, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikilmişdir.
Qeyd olunmuşdur ki, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın iqtisadi-mədəni inkişafı, sənayenin, kənd təsərrüfatının, elm və təhsilin idarə olunması üçün yüksək ixtisaslı kadrların hazırlanmasına xüsusi qayğı göstərirdi. Dahi şəxsiyyət hərbi kadrların yetişdirilməsini prioritet vəzifə kimi qarşıya qoymuşdu. 1971-ci ildə respublikada C.Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Gənclərin SSRİ-nin ali hərbi məktəblərinə göndərilməsinə nail olunmuşdur.
1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi dahi rəhbərin bu sahədə həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətin nəticəsi idi.
Bildirilmişdir ki, görkəmli dövlət xadimi Heydər Əliyev hakimiyyətdə olduğu müddət ərzində Sovet İttifaqının tərkibində müstəqil Azərbaycanın əsaslarını qoymuş, milli ruhun, milli mənəviyyatın vətəndaşlarımızın məfkurəsinə çevrilməsinə nail olmuşdur. Bunun nəticəsi idi ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etmişdir. O dövrdə hakimiyyətdə olan adamların səriştəsizliyi nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək, ölkəmiz dağılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ümummilli liderimiz Azərbaycanın müstəqil dövlət kimi əbədi varlığını təmin etmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi və ictimai-siyasi sabitliyi təmin etməklə, hüquqi dövlət quruculuğu istiqamətində mühüm ardıcıl tədbirlər həyata keçirməklə müstəqilliyi qorumağın nümunəsini yaratmışdır. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxarmış, dövlət müstəqilliyimizi daha da möhkəmləndirmişdir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da quruculuq işləri davam etdirilir, blokada şəraitində yaşayan naxçıvanlıların problemlərinin həll olunması diqqətdə saxlanılır. Bu gün ulu öndərin uzaqgörən siyasəti bu qədim diyarda uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında 2013-cü ilin “Heydər Əliyev ili” elan olunması, bu istiqamətdə yüksək səviyyəli tədbirlərin reallaşdırılması dahi rəhbərə böyük sevgi və məhəbbətin ifadəsidir.
Sonda məşğələ iştirakçıları ulu öndərin hər birimiz üçün örnək olan həyat və fəaliyyətindən bəhs edən sənədli filmə baxmışlar.
* * *
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev: dövlətçilik dərsləri” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin məktəbin həyətindəki büstü önünə gül dəstələri düzüblər.
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Azərbaycan Respublikasının əməkdar müəllimi Namiq Məmmədov açıb. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqoji elmlər doktoru, professor Oruc Həsənli “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır” mövzusunda məruzə edib.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev elə bir şəxsiyyət, görkəmli siyasətçi olub ki, onun gördüyü işləri tarixçilər uzun illər boyu öyrənəcək, tədqiq edəcək, əsərlər yazılacaq, ideyaları nəsillərdən nəsillərə keçərək yaşayacaqdır. Ulu öndərin siyasi hakimiyyətə hər gəlişi Azərbaycanda bütün sahələrdə köklü dəyişikliklər yaradıb, sosial-iqtisadi və mədəni sahələr inkişafının yeni mərhələsinə qədəm qoyub. Dahi rəhbər müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaradıb, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanıb. Ulu öndər Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin təcəssümüdür. Görkəmli dövlət xadimi Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, dövlətçiliyin təməl prinsiplərinə dərindən bələd olması və siyasi fəaliyyəti boyu həmin prinsiplərə istinad etməsi bu fenomenal şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən ekstremal vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.
Sonra məruzə ətrafında Heydər Əliyev adına tam orta məktəbin müəllimlərindən Həsən Həsənovun, Şəfiqə Əhmədovanın çıxışları olub, ulu öndərin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş etdirilib.
Xəbərlər şöbəsi