03 Yanvar 2025, Cümə

Azərbaycan əsgəri sərhədlərimizi etibarlı şəkildə qoruyur

Yolumuz Sədərək rayonu ərazisində yerləşən “N” hərbi hissəyədir. Çox həyəcanlıyıq. Çünki budəfəki həmsöhbət olacağımız insanlar çox mühüm, məsuliyyətli, ancaq şərəfli bir vəzifənin daşıyıcısı olan zabit, gizir və əsgərlərdir. O hərbçilər ki, düşmənlə üz-üzə dayanıb sərhədlərimizi etibarlı şəkildə qoruyurlar. Yol boyu muxtar respublikada ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər barədə düşünürdüm. Bu gün blokada vəziyyətində olmasına baxmayaraq, inkişaf və tərəqqidən intibaha  qovuşan Naxçıvan Muxtar Respublikasında ardıcıl və sistemli şəkildə həyata keçirilən ordu quruculuğu prosesi bütün hərbi hissələri əhatə etmişdir. Hərbi hissələrdəki yeniliklərlə yerində və hərtərəfli tanış olmadan  real vəziyyəti obyektiv canlandırmaq, dolğun fikir söyləmək mümkün deyildir. İndi doğma diyarımızın bütün hərbi hissələrində özünü qabarıq şəkildə göstərən nizam-intizam, səliqə-sahman, yüksək döyüş ovqatı qürur və sevinc hissi doğurur. Bu hərbi hissələrdə əsgər və zabitlərin Vətən, torpaq sevgisini, döyüş ruhunu, düşmənlə mübarizə ovqatı üzərində köklənən yüksək mənəvi-psixoloji durumunu olduğu kimi qələmə almaq isə biz jurnalistlərin üzərinə düşür. Növbəti yazını hazırlamaq üçün Sədərək rayonunu seçməyimiz heç də təsadüfi deyildi.

Sədərək rayonu təkcə muxtar respublikanın deyil, ümumilikdə, Azərbaycanın həyatında mühüm rol oynamışdır. Bütün çətinliklərə baxmayaraq, sədərəklilər düşmənlə vuruşmuş, torpaqlarını göz bəbəkləri kimi qorumuşlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2002-ci ildə Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Heydərabad qəsəbəsində Sədərək rayon ictimaiyyəti ilə görüşündə demişdir: “Sədərək rayonunun Naxçıvan Muxtar Respublikasında, o cümlədən Azərbaycanda xüsusi yeri var. Böyük bir kənd olmuş və rayon statusu almış Sədərək Azərbaycanın ən kənar yerində, sərhəddə Azərbaycan torpaqlarını qorumuş, saxlamış və mərdlik nümunələri göstərmişdir”.

Bütün bunlar barədə düşünə-düşünə Heydərabad qəsəbəsinə yaxınlaşırıq. Ən müasir üslubda tikilmiş ikimərtəbəli yaşayış binaları diqqəti cəlb edir. Buradakı səliqə-sahman, geniş və abad yollar rayona ayaq basan hər kəsin diqqətini çəkir. Qəsəbədəki binaların hər birindən düşmən mövqeləri açıq-aydın görünür. Lakin rayon sakinləri buna əhəmiyyət vermədən öz qaynar həyatlarını yaşayırlar. Dərsdən çıxan şagirdlərdən kimisi evə tələsir, kimisi onlar üçün ayrılmış meydançada oynayırdı. Cavan ting­lərin qol-budaq atdığı parkda, abad və geniş küçələrdə onlarla adamla görüşmək mümkün idi. Müxtəlif markalı şəxsi avtomobillərin hərəkəti də qaynar həyatdan soraq verirdi.
Budur, qarşımızda Qaraağac kəndi ərazisindəki “N” hərbi hissə. Bacarıqlı manqa və bölük komandirləri gənc əsgərlərə hərb elminin incəliklərini öyrədir, onlara lazımi tapşırıq və tövsiyələr, eyni zamanda düşmənlə təmas xəttində təhlükəsizlik tədbirlərini nəzərdə tutan təlimatlar verirdilər.
Burada bir haşiyə çıxaraq qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı muxtar respublikamızdakı bütün hərbi hissələrin modernləşdirilməsinə, maddi-texniki bazasının yüksəldilməsinə və şəxsi heyətin sosial rifahının gücləndirilməsinə şərait yaratmışdır. 2008-ci ilin sentyabr ayında Heydər­abad qəsəbəsi və Qaraağac kəndi ərazisində əsgər-məişət-yaşayış komplekslərinin istifadəyə verilməsi həyata keçirilən tədbirlərin davamıdır. Qaraağacdakı əsgər-məişət-yaşayış kompleksində hər cür şərait yaradılmışdır. Həmin kompleksin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: ”Ölkəmizin hər guşəsi, hər qarış torpağı bizim üçün əzizdir. Sədərək rayonunun əhalisi də ordumuzun sərhədləri etibarlı şəkildə qoruduğuna görə rahat yaşayırlar. Onlar sizə arxayındırlar. Ona görə də siz yaxşı xidmət etməlisiniz, sərhədlərimiz möhkəm qorunmalı, hərbi nizamnamənin tələblərinə əməl olunmalıdır ki, insanlar rahat yaşasın, ölkəmizin iqtisadi inkişafında iştirak etsin, təhsil, mədəniyyət, səhiyyə müəssisələri və digər dövlət orqanları gündəlik işlərini davam etdirə bilsinlər”.
Hərbi hissədə həyata keçirilən quruculuq tədbirləri şəxsi heyətdə yüksək əhval-ruhiyyə yaratmışdır. Niyə də olmasın? Çünki bu tədbirlər dövlətçiliyimizin gündən-günə möhkəmlənməsinə, ölkənin müdafiə qüdrətinin artırılmasına, sərhədlərimizin toxunulmazlığına xüsusi diqqətin nümayişidir.
Hərbi hissənin yataq otağı, məişət, istirahət, rabitə və iş otaqlarında da nümunəvi şərait vardır. Yataqxana ikimərtəbəli yataq dəstləri ilə təchiz olunmuş, hər bir çarpayının yanına dolabça qoyulmuşdur. Əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək üçün istirahət otağı televizor, videomaqnitofon, qəzet və jurnallar, müxtəlif bədii ədəbiyyatlarla təmin edilmişdir. Bundan əlavə, şəxsi heyətin fiziki sağlamlığının təmin edilməsi məqsədilə hərbi hissənin həyətində lazımi idman qurğuları quraşdırılmışdır. Əsgərlər müntəzəm olaraq idmanla məşğul olur, fiziki hazırlıqlarını artırırlar.
İlk ünsiyyətdən onların döyüş hazırlığına, yüksək vətənpərvərliyinə, dövlətə, xalqa bağlı olduqlarına heç bir şübhəmiz qalmadı. Hərbi hissənin zabitlərindən olan Fərhad Məcidli fiziki və psixoloji cəhətdən əsl hərbçi, vətənpərvər və dərin hərbi biliklərə malik gəncdir. Hərbçi olmağı qarşısına məqsəd qoyaraq Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Burada təhsilini başa vurduqdan sonra zabit kimi çətin və məsuliyyətli bir bölgəyə təyinat almışdır. Söhbət zamanı bildirdi ki, onlara şərəfli bir iş tapşırılıb. Bizim üzərimizə böyük məsuliyyətli vəzifə düşür. Üzərimə düşən vəzifənin məsuliyyətli olduğunu dərk edirəm.
Şahbuz rayonundan olan Rufət Nuriyevlə söhbətləşirəm:
– Naxçıvan Dövlət Universitetini bitirmişəm. Əsgər olmağa hazırlaşanda arzu edirdim ki, xidmət edəcəyim hərbi hissə sərhəd bölgəsi olsun. Elə oldu ki, Sədərək rayonundakı hərbi hissədə xidmətə başladım.
– Arxamızda güclü dövlətin durduğunu hiss edəndə daha mübariz olur, torpaqlarımızın işğaldan azad edilməsi üçün alışıb-yanırıq. Bütün əsgərlərin arzusu budur ki, torpaqlarımızın düşməndən azad edilməsi bizim hərbi xidmət dövrümüzə təsadüf etsin! – bu sözlər isə Şahbuz rayonundan olan əsgər Anar Məhərrəmliyə məxsusdur.
Əsgər yeməkxanasındayıq. Nahar edən əsgərləri narahat etmədən onların qidalarına göz gəzdiririk. Masaların üzərində isti yeməklər düzülüb. Masa üzərindəki qab-qacağın təmizliyi, yeməklərin ətrindən hiss olunur ki, əsgərlər burada bişirilən xörəklərlə evlərində hazırlananlar arasında fərqi hiss etmirlər. Bir sözlə, hiss olunur ki, əsgər yeməkxanasında şəxsi heyətin yüksək kalorili qida ilə təminatı üçün hər cür şərait var. Yeməkxanada səliqə-sahmana və təmizliyə tam riayət edilir. Gündəlik yemək hazırlanması ilə məşğul olan əsgərlərin xüsusi geyimdə olması da bu qənaəti bir daha gücləndirir.
Şəxsi heyətə “Nuş olsun!” deyərək yeməkxananı tərk edib düşmənlə üz-üzə dayanan posta baş çəkmək üçün yola düşürük. Bir neçə istiqamətdən düşmən postları ilə əhatələnən Sədərək rayonunun torpaq yolları bizi getdikcə təhlükəli nöqtəyə yaxınlaşdırır. Ancaq bu kəndin əhalisi heç bir təhlükədən çəkinmir. Onlar məhz orduya güvənərək öz doğma yurdlarında yaşayır, əkib-becərir, qurub-yaradırlar. Bir vaxtlar atəş səslərinin bir gün də səngimədiyi, müxtəlif dövrlərdə ağır artilleriyanın hədəfi olan bu rayonda yaşamaq, həqiqətən də, böyük cəsarət və dövlətə, orduya inam tələb edir. Kənddə hər kəs öz işi ilə məşğuldur. Bu ürək­açan mənzərəyə tamaşa edə-edə kəndin ən ucqar nöqtəsində qərarlaşmış posta yetişirik. Bu gün postda Vidadi Bədəlov və Cəbrayıl Rzayev idi. “Çətin deyil ki?” sualımı əsgər C.Rzayev belə cavablandırdı:
– Bax, görürsünüz, bir az aralıda Ermənistan yerləşir.
Əsgər yoldaşı Vidadi Bədəlov onun sözünü kəsərək deyir: “Rzayev, nə Ermənistan? O torpaqlar Qərbi Azərbaycan torpağıdır, yəni bizim dədə-baba yurdumuzdur”.
Müsahibim əsgər yoldaşının fikirlərini təsdiqləyərək sözünə davam edir: – Düşmənlə üz-üzə dayanmaq nə məni, nə də digər əsgər yoldaşlarımı qorxudur. Hər dəfə posta gələndə düşmənə sarı baxanda onlara hər an döyüşə hazır olduğumuzu hiss etdiririk. Biz get-gedə güclənirik, qüdrətlənirik. Çünki öz torpağımızın üzərində gəzir, öz torpağımızı qoruyuruq. Və başa düşürük ki, itirdiklərimizi geriyə qaytarmaqdan ötrü daha güclü, qətiyyətli, əlbir və hazır vəziyyətdə olmalıyıq. Düşmənlərimiz isə qarşıdakı ərazilərdə müvəqqəti olduqlarını yaxşı anlayırlar.
Bəli, düşmənlə təmas xətti özünəməxsus çətinlikləri, əsgər və zabit heyətinin ciddi nizam-intizamı ilə seçilir. Burada xidmət keçən əsgər və zabitlərin mənəvi-psixoloji cəhətdən möhkəm, fiziki cəhətdən güclü olması vacib şərtlərdəndir. Ön cəbhədə əsas diqqət döyüş növbətçiliyinə yönəldilir. Əsgərlər təlimləri, əsasən, ehtiyat bölmələrdə keçir, postlara tam hazır vəziyyətdə gəlirlər. Burada xidmət edənlər seçilərkən onların fiziki və psixoloji-mənəvi hazırlıqları nəzərə alınır.
“Deyirlər, Vətən səngərdən başlayır. Bu səngərdə Vətənin keşiyində duranlar isə ən şərəfli vəzifənin daşıyıcılarıdır. Həmişə əsgərlərə deyirəm ki, sərhəd qorunursa, Vətən də qorunur. Sərhəddə düşmənlə gecə-gündüz üz-üzə dayanan Azərbaycan əsgəri hər an ayıq-sayıq olmalıdır”. Bu sözləri isə Göyçay rayonundan olan zabit Pərviz Səmədov deyir.
– Şəxsi heyət üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlir. Zabit və əsgərlərimiz dərs və məşğələlərdə fəal iştirak edərək daim döyüş hazırlıqlarını artırırlar, – deyən zabit Fərhad Məcidli onu da əlavə etdi ki, düşmənlə təmas xəttində olmağımız məsuliyyətimizi daha da artırır. Torpaqlarımızın keşiyində dayanan əsgərlər müntəzəm olaraq ərazidə müşahidələr aparır, erməni qəsbkarlarının bütün hərəkətlərini nəzarətdə saxlamağa çalışırlar. Nümunəvi xidmət edənlərdən kiçik çavuş Toğrul Məmmədov, Nicat Cəlali və başqalarının adlarını çəkmək istərdim. Əsgərlərimizin döyüş hazır­lığı çox yüksəkdir. Onlar hər an düşmən hücumunun qarşısını almağa və yurdumuzu erməni qəsbkarlarından azad etməyə hazırdırlar.
Hərbi hissə ilə tanışlıq zamanı bizi sevindirən odur ki, əsgərlərimiz burada evlərində olduğu kimi rahatdırlar. Onların qulluğu üçün hər bir şərait var.

Artıq hərbi hissədən ayrılmaq vaxtı gəlmişdi. Yurdumuza keşik çəkən zabit və əsgərlərlə sağollaşıb ayrıldıq. Xoş təəssüratlarla geri qayıdırdıq. Düşünürdüm ki, hər əsgər bir evin çırağıdır! Amma həmin çıraq müəyyən müddətə həmin evdə yox, səngərdə yanır! Dövlətin istəyi budur ki, həmin çıraq sönməsin, əksinə, bir az da şölələnsin, işığını artırsın.
Məqamı çatsa, sən dada çatacaqsan, əldə silah sən öndə gedəcəksən, Azərbaycan əsgəri! Sənə xalqım güvənir, Azərbaycan Ordusu!!!

 Sara ƏZİMOVA
Əli XUDİYEV (foto)

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR