Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasında ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan şuranın sədri Sucaxan Novruzov ulu öndərin çoxşaxəli fəaliyyətindən danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ali siyasi hakimiyyətə yenidən qayıdışı ilə, digər sahələrdə olduğu kimi, həmkarlar ittifaqlarındakı əvvəlki respublika rəhbərliyinin yarıtmaz siyasəti nəticəsində yaranmış dağıdıcılığın qarşısı alındı. Bu təşkilatın qanunvericilik çərçivəsində fəaliyyət göstərməsini təmin edən zəruri baza yaradıldı. Bu gün həmkarlar ittifaqları kütləvi ictimai hərəkat kimi qazandığı statusa görə ulu öndərimiz Heydər Əliyevə borcludur.
Tədbirdə şuranın əməkdaşlarından Yəmən Rzayeva, Ünbülbəni Musayeva və başqaları çıxış edərək bildiriblər ki, ümummilli liderimizin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da həyata keçirilən quruculuq işləri ictimai-siyasi həyatda həmkarlar ittifaqlarının rolunu artırıb, onların fəaliyyətlərinin genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Tədbirə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Sucaxan Novruzov yekun vurub.
Xəbərlər şöbəsi